"Parlamentə seçkilərin ruhu adama qorxuhəyəcan gətirir: “koronavirus”dan da çox

  
İlham İsmayıl

1374 nəfər parlament seçkilərində mübarizə aparır və seçki yarışında bu namizədlərin əsas şüarının nə olduğuna Azərbaycan cəmiyyəti deyil, düşmən - Ermənistan daha dəqiq qiymət verib. Ölkənin bir nömrəli probleminə olan laqeydlik və biganəlik yalnız apolitik cəmiyyətimizdə deyil, onu təmsil edən və guya siyasət meydanına-parlamentə üzv olmaq istəyənlərin də bu problemi qabartmadıqlarını düşmən aydın şəkildə görüb və demək olar ki, əsl həqiqəti seçkilərə bir gün qalmış soyuq başla ortaya qoyub. 

Beləliklə, Modereator.az "Lragir.am” saytının daimi müəlliflərindən birinin 8 fevralda yayılan yazısının Azərbaycana aid olan hissəsini nəzərinizə çatdırır.

"Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək, Artsaxda isə prezident və parlament seçkilərinə namizədlərin irəli sürülməsi başlayıb. Azərbaycanda seçki kampaniyası demək olar ki, Qarabağ probleminə toxunmadı və daha çox sosial və hüquqi problemlərlə əlaqəli oldu. Yalnız bir namizəd, gözləri sarıqlı və hərbi paltarda olan şəxs hərbi mövzunu fəal şəkildə təbliğ edirdi, o da daha çox müharibə veteranlarına qarşı ədalətli münasibət haqqında danışırdı.

Qarabağ münaqişəsinin nizamlanması mövzusu ya Azərbaycan cəmiyyəti üçün əsas məsələ olmaqdan çıxıb, ya da Azərbaycan hakimiyyəti narahat suallara cavab verməmək üçün xalqı bu məsələdən kənar tutmağı bacardı.

ABŞ prezidenti Donald Trampın İsrail-Fələstin münaqişəsi ilə əlaqədar danışdığı kimi, Azərbaycan hakimiyyətinin və xalqın reallıqla hesablaşmağa başladığını söyləmək mümkündürmü? Hesab etmək olarmı ki, Azərbaycan hakimiyyətinin qaçqınlar üçün 300 min mənzilin tikildiyi barədə dedikləri bu insanların məsələsinin həll olunduğu və artıq bu barədə spekulyasiya yol verilməyəcəyi haqqında bir hesabatıdır? Bütün bunların ən yüksək səviyyədə deyilməsi, yalnız ölkənin inkişafından bəhs edilməsi Qarabağın itirilməsinin Azərbaycanın inkişafına mane olmadığının etirafıdırmı? Hər halda, Azərbaycanda buna heç kim etiraz etmədi”.
 
Bu yalnız bir saytın və müəllifin mövqeyi deyil və bu təzə məsələ sayılmır. İllərdir bu analiz düşmənin strategiyasını müəyyənləşdirib və bu gün də  ikitərəfli danışıqlarda saymazyana mövqe nümayiş etdirməklərinin əsl səbəbkarı, daha doğrusu günahkarı bizik – aparılan siyasət nəticəsində cəmiyyətin Qarabağın işğalına bütün səviyyələrdə laqeyd və biganəliyidir.  

Müəllif bu dəfə bizi söymədən, təhqir etmədən özü üçün bəzi məsələlərə sual verib şübhə ilə yanaşsa da (bu da təbiidir) Azərbaycan reallığını yazıb. Bizim əhval-ruhiyyəmizin hansı durumda olduğunu hətta parlamentə iddialı olanların səviyyəsində bilən düşmən Qarabağda rahat oturmayıb da neyləsin? Azərbaycanın bütün hesabatlarında Qarabağdan yox, illyuziya təsiri bağışlayan inkişafdan danışılırsa, bu o deməkdir ki, xaraba qalmış Qarabağı, düşmən tapdağında olan Qarabağı öz torpağımız hesab etmirik? Qarabağda da inkişaf varmı? Var! Onu düşmən aparır. Bizdə isə klassik anlamda siyasət meydanı sayılan  parlamentə "biznesin müdafiəsi”, "uşaqların yerləşdirilməsi”, "babat maaş”, "məsuliyyəti az” yer kimi baxılması ilk növbədə bizi izləyən düşmənə məlum olur və Azərbaycanın Qarabağ uğruna savaşmayacağını bilib rahatlanırlar.
 
Azərbaycan parlamentinə seçkilərin ruhu adama "koronavirus”dan çox qorxu və həyəcan gətirir. Virus müalicə olunacaq, virusun kökü kəsiləcək, amma laqeydlik virusunun təsiri ilə Vətən torpağı birdəfəlik itirilsə, onun  müalicəsi olmaycaq! Bunu sabahkı parlament üzvləri osmanlı türkləri demiş "kafalarına soxsunlar”!
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az