Paşinyan bir daha təsdiqlədi: Qarabağ ermənilərinə nifrət edir

Paşinyan bir daha təsdiqlədi: Qarabağ ermənilərinə nifrət edir

Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsində keçirilən "seçkilər”in qanunsuz, qondarma olduğunu artıq bütün dünya dövlətləri, beynəlxalq qurumlar bəyan edib və onu tanımadıqlarını bildiriblər. Ermənistan da bu qondarma seçki oyununu oynayarkən nəticəsinin belə olacağını bildirdi. Bununla belə, "seçki şousu”nu davam etdirdi. Bu isə bir çox məsələnin üstünü açdı.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva 31 martda Dağlıq Qarabağda keçirilən "seçkilər”ə münasibət bildirərkən deyib.

Q.Paşayeva qeyd edib ki, koronavirusun bütün dünyada tüğyan etdiyi bir məqamda ermənilərin Dağlıq Qarabağda "seçki”dən əl çəkməməsi ən diqqətçəkici məqamdır:

"Əvvəla, dünyanın ən mötəbər qurumları rəsmən tanınmış, BMT üzvü olan ölkələrə seçkiləri təxirə salmaqla bağlı çağırış etdi və əksər ölkələrdə seçkilər koronavirus pandemiyasına görə təxirə salındı. Çünki hazırkı pandemiyada kütləvi tədbirlərin təxirə salınması və insanların bir-biri ilə təmaslarının azaldılması vacibdir.

Ermənistan və Qarabağdakı qondarma qurumun terrorçu rəhbərləri "seçkini” davam etdirməklə sübut etdilər ki, mötəbər rəsmi qurumların tanınan dövlətlərə çağırışının onlara heç bir aidiyyəti yoxdur. Başqa sözlə, özləri də dolayısı ilə etiraf etdilər ki, orda hər hansı "dövlət”-filan yoxdur, tanınmayan qondarma qurumdur.

İkinci tərəfdən, qondarma qurumun rəhbərləri bir daha əhaliyə qarşı münasibətlərini ortaya qoydular. Sübut etdilər ki, Qarabağda olan-qalan bir ovuc əhalinin belə qırılması, koronavirusa yoluxub-yoluxmaması onlar üçün heç bir əhəmiyyət kəsb etmir, əsas onların ambisiyaları, vəzifə hərisliyi və Paşinyanın qondarma qurumda "hakimiyyətə” öz adamını gətirməsidir”.

Millət vəkilinin sözlərinə görə, bundan Dağlıq Qarabağda hazırda yaşayan erməni əhalisi dərs çıxartmalıdır:

"Bir faktı xatırladım ki, 1989-cu il siyahıyaalınmasına görə, Dağlıq Qarabağ Muxtar Vilayətində 188 min əhali yaşayırdı ki, bunun da 41 mini azərbaycanlılar, 145 mini ermənilər olaraq qeyd edilmişdi (2 min də digər xalqlar). Azərbaycanlılar öz yurd-yuvalarından didərgin düşüb. Amma 145 min erməni hara getdi bəs? Tam 31 ildən sonra rəsmi statistikada Ermənistan bu bölgəmizdə yaşayan erməni əhalisinin 140 min civarında olduğunu bildirir. Halbuki Ermənistanın öz mediası bu bölgədə hətta 65 mindən daha az əhalinin qaldığını qeyd edir. Bu da təsadüfü deyil, erməni terrorçularının erməni əhalisinə qarşı münasibəti göz qabağındadır. Belə olduğu halda əlbəttə ki, Dağlıq Qarabağda yaşayan əhali oradan qaçmalıdır və qaçır da”.

Q.Paşayeva qeyd edib ki, bütün dünya dövlətlərinin hökumətləri öz xalqını qorumağa çalışarkən Nikol Paşinyanın Dağlıq Qarabağın erməni əhalisinə yardım etməməsi, əksinə onları böyük bir risklə üz-üzə qoyması artıq faktdır:

"Guya pandemiya Dağlıq Qarabağda yox idi. Ancaq seçkidən dərhal sonra "məlum oldu” ki, Qarabağ erməniləri arasında da koronaviruslu xəstə var və bunu rəsmən etiraf etməyə məcbur oldular. Bunun yalnız bir səbəbi var: Paşinyan Dağlıq Qarabağın erməni əhalisinə nifrət edir, onun Ermənistanda apardığı siyasət də bunu sübut edir. Onunçün Qarabağ ermənilərinin qarışqa qədər dəyəri yoxdur. Hətta iş o yerə çatıb ki, "ikinci tur” oyununa da getməkdən çəkinmədilər. Çünki klanlararası müharibə gedir və Paşinyan klanı nəyin bahasına olursa-olsun, Qarabağdakı qondarma quruma rəhbərliyi ələ keçirməyə çalışır. Mənzərə budur və ona görə deyirəm ki, Dağlıq Qarabağın erməni əhalisi bundan nəticə çıxarmalıdır. Onlar bilməlidirlər ki, normal yaşamaq üçün özləri Qarabağ ermənilərini virusla, müharibə ilə, qırılmaqla üz-üzə qoyan və səfalət içində yaşamağa məcbur edən o terrorçu şəbəkəsini linç etməli, nicatlarının Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşamaqdan asılı olduğunu anlamalıdırlar”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az