Pərviz Şahbazov: İndiyədək AÇG yatağından 455 milyon ton neft və 144,5 milyard kubmetr qaz çıxarılıb

Pərviz Şahbazov: İndiyədək AÇG yatağından 455 milyon ton neft və 144,5 milyard kubmetr qaz çıxarılıb

Bu vaxtadək Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 455 milyon ton xam neft və 144,5 milyard kubmetr təbii qaz hasil olunub.

Miq.Az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun "Azərbaycan” qəzetində dərc edilən məqaləsində deyilir.

Qeyd edək ki, "Azəri-Çıraq-Günəşli” Xəzərin Azərbaycan sektorundakı ən iri neft yatağıdır. Ötən il AÇG yataqlar blokundan hasilat 215 milyon barrel, yəni 29 milyon ton təşkil edib. AÇG-dən ümumi hasilat gündəlik orta hesabla 588 min barrel olub. İl sonunda AÇG-də ümumilikdə 115 neft hasilat quyusu, 54 qaz və su quyusu istismarda olub. Keçən il blokda 17 neft hasilat və 3 suvurma quyusu qazılıb. 2017-ci ildə AÇG layihəsinə təqribən 456 milyon dollar əməliyyat və 1,18 milyard dollar isə əsaslı məsrəflər xərclənib.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il aprelin 1-dək AÇG neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 130 milyard 551 milyon ABŞ dolları gəlir əldə edib. Bu ilin yanvar-mart aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 2 milyard 65 milyon dollar vəsait daxil olub.

AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, "AzAÇG” (SOCAR) - 25 faiz, "Chevron”- 9,57 faiz, "Inpex” - 9,31 faiz, "Statoil” - 7,27 faiz, "ExxonMobil” - 6,79 faiz, "TPAO” - 5,73 faiz, "Itochu” - 3,65 faiz və "ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.

Xatırladaq ki, ötən il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən oktyabrın 31-də ratifikasiya olunub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından "BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az