Polisdən açıqlama: Biləsuvardakı hadisə ilə bağlı istintaq davam etdirilir

Polisdən açıqlama: Biləsuvardakı hadisə ilə bağlı istintaq davam etdirilir

Biləsuvarın Muğanlı kənd sakini Elçin Rüstəmovun döyülməsi faktı ilə bağlı cinayət işi açılıb.

Bu barədə Arqument.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev məlumat verib. 

Polis baş leytenantı bildirib ki, hadisə ilə bağlı istintaq hərəkətləri davam etdirilir: "Biləsuvar rayonunun Muğanlı kənd sakini Elçin Rüstəmov Rayon Polis Şöbəsinə müraciət edərək əkin sahəsində baş vermiş mübahisə zamanı həmkəndlisi Aqil Cəfərov tərəfindən döyüldüyünü bildirib. Təyin edilmiş müvafiq ekspertizanın rəyinə və ilkin araşdırmanın nəticəsinə əsasən E.Rüstəmovun sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına aid olan xəsarətlər aldığı müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən cinayət işi başlanılıb, müvafiq istintaq hərəkətləri davam etdirilir".

Xatırlatma

Avqustun 9-da Biləsuvarın Muğanlı kəndində bir qrup şəxs kənd sakini Elçin Rüstəmovu döyüb.

Rüstəmovun yaxınları bildiriblər ki,  yerli hüquq-mühafizə orqanları heç bir tədbir görmürlər. 

Onlar deyiblər ki, 6 nəfərlik qrup Elçin Rüstəmovla yanaşı, atası Allahverdi Rüstəmova da xəsarət yetirib, ancaq bu məsələ ilə bağlı hər hansı bir istintaq tədbiri aparılmır.

Elçin Rüstəmova öncə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında, daha sonra isə Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ağır kəllə-beyin travması diaqnozu qoyulub. 

Diaqnozda qeyd olunur ki, döyülmə nəticəsində Elçin Rüstəmovun nitqi tutulub, yaddaşı pozulub. 

Hadisəni törədən şəxslərin deputat Musa Qasımlının əmisi uşaqları olduğu bildirilsə də, deputat bununla bağlı hər hansı bir açıqlama verməyib.

Bildirilir ki, Muğanlı sakinini döyən şəxslər isə həmin kəndin sakinləri - Abdulla Cəfərov, Xəyal Cəfərov (el arasında Xəlil deyə çağrılır), İbrahim və Əlövsət Hətəmov qardaşları, həmçinin Müdafiə Nazirliyinin "N” hərbi hissəsinin zabiti, kapitan Ayaz Cəfərov və Aqil Cəfərovdur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az