Polkovnikdən əsgərə ÜRƏKDAĞLAYAN etiraf: "Sənə HƏYAT BORCUM var, ƏSGƏR!!!

Polkovnikdən əsgərə ÜRƏKDAĞLAYAN etiraf:
         Zahid TEYMUROV
Ehtiyyatda olan POLKOVNİK
Daxili Qoşunların sabiq Qərərgah rəisi                  
 

Mən bu əsgəri dərhal tanıdım... Əlil arabasında idi. Sosial Müdafiə Fondunun qarşısında rastlaşdıq. Dinmədən əlimi  çiyninə qoyub, qucaqladım onu. Həyat borcum var idi ona. Xeyli söhbət etdik. Gözlərində mənə qarşı qınaq duymadım. Ya da ki, duymaqdan qorxdum. Bu an bir qız yaxınlaşıb salam verdi.

- Poznakomsya İrina, moy komandir. Həyat yodaşımdır, cənab polkovnik.

Onlara baxaraq, yenə əmin oldum ki, bu borcla heç zaman rahat yaşaya bilməyəcəyəm...

...1993-cü ilin fevralı, Ağdərənin dağ meşələri. 40 dəqiqə olardı düşmən snayperi məni ağacın arxasında saxlayırdı. Sol çiynimlə sıxıldığım ağac gövdəsini güllələr dağidaraq mənə yetişməkdə idilər. 100 metrədək arxamdakı mövqedə olan əsgərlər başlarını itirmişdilər: gözlərinin qarşısında komandiri öldürürdülər. Onların aramsız atəşlərinə düşmən əhəmiyyət vermirdi – hədəf mən idim, işini görürdü. Qəfildən, məndən sağda küt pulemyot şaqqıltısı aləmi bürüdü. Düşmən dərhal ağacı sakit buraxıb sərrast atəşini pulemyot işləyən cinaha keçirdi. Mövqeyin atəş örtüyü altında səngərlərə yetişdim. Cingiltili bir sükut yarandı: snayper dayandı, pulemyot susdu. Məni xilas etmək üçün özünü atəş altına atan pulemyotçu əsgər irəlidə qarın üzərində hərəkətsiz halda sərilmişdi. 

- Çıxarmaq lazımdır onu, - gözlərimi əsgərdən çəkmədən yanımda duran bölük komandirinə göstəriş verdim.
- Oldu. Gecə çıxardarıq...
- Yox!- sözünü kəsdim. – Ola bilsin yaralıdır. Qan itirir. İndi.

Özüm getməliydim. Türk Mahmudla. Bilirdim əl çəkməyəcək. Həm də pulemyotçu Azər Mehdiyevə bir həyat borcum var idi: Vətən üçün yox, mənim üçün ölümə qarşı atıldı. Topçuların atəşi altında Mahmudla birgə əsgəri sürüyüb çəkdik mövqeyə. Sağ idi. Lakin, belə sağlığı özünə gələndən sonra qəbul edəcəkmi?: hər iki ayağı dizdən yuxarı iri çaplı snayper gülləsi ilə tam qırılmışdı, sol gözü qanlı çala idi…

...Təsəllisiz günah hissi məni rahat buraxmırdı. Artıq iki ay idi Bakıda hospitalda üzərində çalışirdılar. Hər iki ayağın dizdən yuxarı kəsmişdilər. Bir gözünü itirmişdi. Həkimlərlə telefonla danışırdım. Cəbhə həyatı imkan verəndə Mahmudu göndərirdim yanına. Ürəyini açırdı Mahmuda. Musiqi məktəbini bitirmişdi. Skripka sinifini. Pianoçu bir qızla birgə klassik əsərlər ifa edirdilər. Onu dinləyən Mahmud artıq musiqidən baş çıxarırdı. Mənə izah edirdi ki, skripka ilə pianonun harmoniyası klassik əsərləri incəliklə hiss etdirir. Betxovenin 4 nömrəli sonatası, Ravel, Fare, Prokofyev və daha kimlər... Aylarla qanlı döyüşlərdə insan övladı olduğunu unutmuş Mahmud musiqi duyğulari ilə məni heyrətləndirirdi. 

- Sən bəlkə silahı təhvil verib skripka götürəsən?- qaytarırdım onu müharibəyə. – Komendant tağımına hərəyə bir dəst əl qumbarası verdir, patronlarını tamamla.

Hər dəfə Azərin yanından qayıdanda, Mahmud özü də, həyatının bahar çağına qədəm qoymuş bir gənc kimi, Fərqanədə qalmış sevdiyi özbək qızını xəyallarına alırdı. Azər isə, skripkaçı qıza hələ yeniyetmə ikən yaranmış uşaq məhəbbətinin sevincini Mahmudla bölüşürdü. Qızcığaz tam səmimi musiqidən danışanda, Azər onu eşitmirdi, utana-utana onun sifət cizgilərini seyr edirdi: ürkək gözlərini, titrəyən dodaqlarını. Bu qızla xəyalında həyat qururdu, ləyaqətli eşq məcaraları yaşayırdı. Nəhayət, cürət tapıb uşaq ürəyinə sığmayan hisslərini iki sözlə dilinə gətirmişdi:

- Səni istiyirəm.

Qızcığaz isə anlamadan, birgə ifa barədə söhbətini davam edirdi.

- Dedim səni istəyirəm! Çox istəyirəm! – Azər cəsarətlə onun təəccübdən donan gözlərinə baxdı. 

Gün gəldi eyni sözləri, daha zərifliklə qız Azərə pıçıldadı, onu son nəfəsinə qədər sevəcəyini əhd etdi. Həyatın baharı tüğyan edirdi. Ailələr toya hazırlaşırdı.
Lənətə gəlmiş müharibə, özünə məxsus qəddarlıqla qapıları döydü. Azər də çağırıldı. Son görüş. Son arzular. Son vədlər. «Səni gözləyəcəyəm. Son nəfəsimə kimi. Sənə bir şey olsa, xəyalımda yaşadacam səni, həmişə gözlərimin önundə olan surətinlə xoşbəxt edəcəyəm özümü. Amma sənin burnun da qanamayacaq. Mən qoruyacağam səni. Tez qayıt».

- Qız gəlirmi Azərin yanına? - sualımın cavabından qorxaraq, soruşuram Mahmuddan.

- Yox. Bir dəfə gəlib. Vəziyyəti görub. Bir söz demədən bir-birlərinə baxıblar. Sonra rəfiqəsi ilə nişan üzüyünü göndərib.

... Mahmuda zəng etdim. Azərlə bu gün görüşdüyümü dedim, həyat yoldaşı ilə maraqlandım. 

- Belorusludur. Hospitalda Qarabağda yaralanan qardaşını xilas edə bilməyiblər. Həkimdir. Geri qayıtmayıb. Azərə çox kömək edib. Sevib onu. Sonra evləniblər. Necə olub ki, sizə deməmişəm...

- Yəqin başın skripkaya çox qarışıb, əsgər Paqanini…

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az