Prezident: “Beynəlxalq təşkilatlar işğalçı dövlətə lazımi təzyiqi göstərmirlər”

Prezident: “Beynəlxalq təşkilatlar işğalçı dövlətə lazımi təzyiqi göstərmirlər”
"Biz beynəlxalq təşkilatlar çərçivəsində də çox fəal əməkdaşlıq edirik, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə qarşılıqlı dəstək göstəririk. Bu qarşılıqlı dəstək bizim əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsəlman ölkələrinin dəstəyi bizim üçün çox əhəmiyyətlidir”.

ONA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə bildirib.
Prezident qeyd edib ki, Ermənistan Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və onun ətrafında yerləşən 7 rayonu uzun illərdir işğal altında saxlayır. Bu münaqişə və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşüb: "Bu, beynəlxalq hüququn pozulmasıdır. Baxmayaraq, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul ediblər, əfsuslar olsun ki, işğalçı dövlətə lazımi təzyiqi göstərmirlər. BMT Təhlükəsizlik Şurası - dünyanın ali orqanı 4 qətnamə qəbul edib və bu qətnamələrdə göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Ancaq bu qətnamələr kağız üzərində qalıb və bu, ikili standartların təzahürüdür. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və Azərbaycanın ərazi bütövlüyü tam beynəlxalq dəstək alıb. Ancaq işğalçıya kifayət qədər təzyiq göstərilmir. Münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi birmənalıdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Beynəlxalq təşkilatlarda bizə göstərilən dəstəyə görə müsəlman ölkələrinə bir daha təşəkkürümü bildirirəm”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az