Prezidentlə görüşdə olsaydım, nələr deyərdim?! - Məşhur aktyor yazır

Prezidentlə görüşdə olsaydım, nələr deyərdim?! - Məşhur aktyor yazır
İntiqam Sultan
 
(Söhbət Dövlət Başçısının martın 1-də sənət adamları ilə qeyri-rəsmi görüşündən gedir...)

Şou-biznes adamı olmaq incəsənət xadimi olmaq deyil. Orda (Dövlət Başçısı ilə görüşdə) elə adamlar vardı ki, bizneslə bağlı analoji bir görüş və ya forum keçirilsəydi, onların (o sənətçilərin) həmin biznes-forumda iştirakı təəccüb doğurmazdı...

Məsəlçün, qəribədir ki, bu il "Nəsimi ili"dir. Azərbaycanın nəinki gəncliyi, hətta orta yaş nəsil Nəsiminin adı çəkiləndə göz önünə Rasim Balayev gəlir...
Amma nədənsə orada əyləşənlərin çoxu ilə həmyaş olsa da, Rasim müəllim görüşdə yox idi...

Zeynəb xanımı çox sevirəm, öz dövrünün dahi sənətçilərindən olub... Amma 2019-cu il girməzdən 3-cə gün qabaq (28 dekabr 1936) özünün 83-cü qışına qədəm qoymuş Zeynəb xanım hardan bilə bilər ki, bu gün ölkədəki yeganə UŞAQ TEATRININ nə problemi var və onun binası yoxdur. Şəhərdən 20 km kənarda mədəniyyət evinin bir küncündə yerləşib...

Və yaxud, özünə və sənətinə sərhədsiz hörmət bəslədiyim, düz 10 gün əvvəl 82 yaşına qədəm qoymuş Arif müəllim hardan bilsin ki, ölkə teatrlarında uşaqlar üçün hazırlanan tamaşalar sandıq ədəbiyyatını xatırladır...

Çünki keçmiş Təhsil Naziri Misir Mərdanovun bir yersiz qərarı ilə tetrlarla məktəblərin arasına elə bir Çin səddi çəkilib ki, indi də məktəb direktorları qorxudan o səddə yaxın belə dura bilmirlər, nəinki onu aşmağa cəhd etmirlər...

O səbəbdəndir ki, 650-700 balla ali təhsil ocaqlarına qəbul olan gənclərin çoxu ictimai fəallığın nə demək olduğunu bilmir... Onlar ətraflarında baş verən bütün hadisələrə kor-koranə yanaşır, hər türlü inkişafa ən yaxşı halda, sadəcə, seyrçi rolunu oynamaqla kifayətlənirlər...
Və bu cür tələbəni istənilən qaragüruhçu yoldan çıxara bilər... 
 
Yalnız teatrın gücünə bələd olan ali təhsil ocağı rəhbərləri bunun öhdəsindən gələ bilirlər... Belə ki, ictimai işlərə, teatrlara, mədəni-kütləvi tədbirlərə cəlb etməklə o cür qapalı tələbələri passivlikdən aktivliyə, seyrçidən iştirakçıya çevrilə bilirlər...

Mən heç də nə Zeynəb xanımı, nə digər ağsaqqal, ağbirçək ziyalılarımızı günahlandırmıram. O və onun kimi digərləri özləri o görüşə getməyiblər ki... Kimsə dəvət edib da onları...

Az əvvəl "sandıq ədəbiyyatı" dedim, Anar Rzayev yadıma düşdü... 
14 martda 81 yaşını qeyd edəcəyimiz Anar müəllimin prezidentdən tələb edəcəyi şey nə ola bilər?! Təbii ki, reallaşmayıb 60 il bundan əvvəldə qalan gənclik xəyalları...

Heç kimin nə əksinə danışmaq istəyirəm, nə də xətrinə dəymək fikrim var.
Çünki çox kövrək bir zamana təsadüf edirdi dünənki görüş...

Kiminsə o görüşdə dahiyanə düşüncəsi ilə səsləndirdiyi, əslində isə cılız arzusunu qabartsam, mən də dəbdə olan MÜXALİFƏTÇİ damğası ilə "MÜKAFATLANDIRILACAM". Halbuki siyasətdən çox-çox uzağam və heç bir siyasi uğuru bir uşaq tamaşaçısının alqışına, sevgisinə, sevincinə dəyişmərəm.

Və ya balaca tamaşaçıların qarşısında geyindiyim məsum ayı qiyafəsini nədənsə adi həyatda geyinməli olduğum rəsmi paltardan üstün tuturam... Çünki birinci geyimdə azyaşlı tamaşaçının sevgisini daha çox hiss edirəm...

Amma səni bu cür görüşlərə dəvət edib, sənə ziyalı deyib başda oturdublarsa, sən gərək heç olmasa həmin an qısa müddətə də olsa, ömrün boyu arxasınca süründüyün, quluna, köləsinə çevrildiyin ŞƏXSİ QAYĞILARINI UNUDASAN.

Ya da dəvət alan kimi açasan kitab dəftəri, məsələn, 29 dekabr 2006-cı il tarixdə (№ 222-IIIQ) qəbul edilmiş 
Teatr və teatr fəaliyyəti haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUnu vərəqləyəsən... Bəlkə o görüşdə lazımın olar...

Axı teatr da incəsənətin bir sahəsidir. Sən də özünü dəhşətli bir teatr sənətçisi sayırsan...

Çünki dövlətin başçısı bir jest edib, səni QALSTUKSUZ SÖHBƏTƏ dəvət edib...

Sənsə yuxarıda dediyimi etməyəcəksənsə, heç olmasa, ziyalı görkəmini süni şəkildə də olsa, qoruyub saxlamağın xətrinə dinmə...

Ziyalı ola bilmirsənsə, heç olmasa ziyanlı olma...

P.S. Çox təəssüf ki, incəsənətimiz ölkə başçısının verdiyi imkandan, yəni "BUYURUN DƏRDİNİZİ DEYİN" imkanından bir neçə şəxsi arzu və istəklərin qabardılması səbəbindən çox şey itirdi...

YERİ GƏLMİŞKƏN:Qəribədir ki, son dövrlər bütün sahələrdə GƏNCLƏŞMƏ siyasəti getdiyi halda, mən görüşdə bir nəfər də olsun gəncin, yeniyetmənin nə özünü görmədim, nə səsini eşitmədim, nə də ora gedən "sənətçilər" tərəfindən onların problemləri səsləndirilmədi...
Afaq xanımın yığcam çıxışından savayı...

Məncə, cənab İlham Əliyevin teatrlara özəl sektorun, iş adamlarının cəlb olunması ilə bağlı fikri ordakı bütün oturan sənət adamlarının hamısının danışığını, sənətə qarşı yanğılarını kölgədə qoydu.

Yaxşı, soruşa bilərsiniz ki, MƏN ORDA OLSAYDIM NƏ DEYƏRDİM?!:

- Mən olsaydım deyərdim ki, Cənab Prezident, sənət dövlətin ərköyün övladıdır. O həmişə dövlət qayğısına möhtacdır.
İmkan verməyin sənət və onu yaşadanlar "ələbaxan" günə düşsün... Bu nə ölkəmizə, nə də dövlətimizə başucalığı gətirməz...

Amma sənətkarların gücündən istifadə etməklə ölkədə istənilən maarifləndirmə işini çox böyük səmərə ilə aparmaq olar. Hansı ki, ölkə başdan-başa neçə-neçə sahədə maarifləndirmə işinə möhtacdır...

Bir də, haşiyə çıxıb qeyd edərdim ki, SİZ BAKI UŞAQ TEATRINA YER, ALTI AY VAXT BİR DƏ MALİYYƏ VERİN, YEDDİNCİ AYIN BİRİNCİ GÜNÜ BÜTÜN DÜNYAYA CAR ÇƏKİM Kİ, ƏN GÖZƏL UŞAQ TEATRI BİZDƏ-YƏNİ AZƏRBAYCANDADIR...

Vəssalam, şüttammam...

Amma mən orada yox idim... Və bu sözləri deyəmmədim...

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az