Qalib komandanın Qələbə strategiyası

Qalib komandanın Qələbə strategiyası

44 günlük müharibədə qazanılan qələbə 17 illik çevik və müdrik diplomatiyanın məntiqi nəticəsi idi

Müharibədə güclüykən sülhü seçmək həmişə məğlubiyyət kimi dəyərləndirilir. Amma ildırım sürətli müharibə ilə düşməni təslim edib sülhə məcbur etmək strateji düşüncənin və çox uğurlu diplomatik qələbənin parlaq nümunəsidir. Bəşər tarixində ən böyük fatehlər müharibələr zamanı məhz bu diplomtiya ilə qalib gələn sərkərdələr hesab olunublar. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham Əliyev 44 günlük Vətən müharibəsində çox parlaq şəkildə bunu bacardı.

Azərbaycanı bu tarixi Qələbəyə aparan strategiyanın müəllifi Prezident İlham Əliyevin yönəltdiyi 17 illik strateji xətt təhlil edilmədən ona verilən istənilən qiymət natamam olacaq. Çünki Qələbə yalnız 44 günlük zəfər yürüşündə qazanılan gerçək nəticədir. Eyni zamanda, qısaca qeyd etmiş olsaq, bu Qələbə 17 il ərzində zərgər dəqiqliyi ilə hazırlanmış, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə hesablanmış, uğurla reallaşdırılan nəhəng strateji layihənin məntiqi nəticəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin strateji düşüncəsinin məhsulu olan strateji planlarının 17 illik tarixini diqqətlə izləyəndə aydın görünür ki, O, Birinci Qarabağ müharibəsində demokratiya və ədalət haqqında ucadan danışan "qabaqcıl”, "sivil” dövlətlərin gözü qarşısında ən iyrənc yollarla məğlub etdirilən, əraziləri amansızlıqla işğal olunan, xüsusi qədarlıq və zorakılıqla etnik təmizlənməyə, təhqir və amansızlıqlara məruz qalan xalqının gələcək nəsillər qarşısında bu xəcalət yükünü tarix boyu daşımasına imkan verməyəcək.

Heydər Əliyevə və ondan sonra hakimiyyətə gələn İlham Əliyevə dünyanın siyasi reallıqları, yağı düşmənin Qərbdə və Şimalda olan dayaqları, beynəlxalq güclərin regiondakı siyasi və iqtisadi maraqları və onların Qarabağ münaqişəsindən Ermənistana qarşı deyil, zəngin təbii sərvətlərə, karbohidrogen ehtiyatlarına malik, Cənubi Qafqazın incisi olan Azərbaycana qarşı, öz maraqlarını təmin etmək üçün təzyiq vasitəsi kimi istifadə etmələri gün kimi aydın idi. Ona görə də bu amansız və qəddar oyunçularla daha ehtiyatlı, daha çevik və müdrik davranmaq lazım gəlirdi.

Digər tərəfdən, dünyanın siyasi pəncərəsindən görünən mənzərə aydın göstərirdi ki, bu beynəlxalq güclər öz ac tamahlarını doyurmaq və maraqlarını təmin etmək üçün bəlli ölkələrdə ələ aldıqları müxalif və xəyanətkar qüvvələrin yardımı ilə demokratiya və insan haqlarının "kobud şəkildə pozulması” bəhanəsi altında rəngli inqilablara meydan açır, itaət göstərməyən ölkələrdə vətəndaş müharibəsi alovlandırır, istəklərinə nail ola bilməyəndə isə yerli hakimiyyətlərin devrilməsi üçün, heç bir beynəlxalq hüquqa və qanuna məhəl qoymadan, sınanmış metod kimi beşinci kolonların qondarma "xalq müraciəti” ilə silahlı müdaxilədən belə çəkinmirdilər. Bu gerçəkliklər İraqda, Liviyada, Tunisdə, Ukraynada, Misirdə, Suriyada və bu kimi yeraltı sərvətlərlə zəngin olan bir çox digər dövlətlərdə, XXI əsrin elə ilk illərindən tarixin qanlı səhifələrinə çevrilməyə başladı. Hətta qoca Qərbin özündən belə yan keçməyən, tarixə Serbiyə, Kosova hadisələri kimi yazılan və dünyanın siyasi düzənini dəyişmək üçün atılan belə namərd addımlar demokratiya və insan hüquqlarına necə xidmət edə bilərdi ki, bu beynəlxalq oyunçuların əmri ilə yağdırılan bombalar, atəş saçan silahlar milyonlarla insanın dinc həyatına qəsd edir, insanları rəzil və səfil günlərə qoyurdular. Hanı onların İraqda, Liviyada, Suriyada qurduğu demokratik hakimiyyət? Onun şahidi olan kimsə varmı? Əvəzində görünən nədir - terror, zorakılıq, vətəndaş qarşıdurması, aclıq, səfalət və ən dəhşətlisi ardı-arası kəsilməyən insan ölümləri.

Heydər Əliyevin hakimiyyətə gəlişindən qısa bir müddət sonra müşahidə edilən bu idi ki, müdrik siyasi xadim Ermənistanla nə sülh, nə müharibə ehtiva etməyən atəşkəs müddətindən Azərbaycanın dünya düzənində yerini tapması üçün ustalıqla istifadə edildi. Həm starteji resirslar, həm hərbi güc, həm də beynəlxalq münasibətlər baxımından, Azərbaycan sürətlə dünyanın nüfuzlu dövlətləri sırasında öz yerini tutmağa istiqamət götürmüşdü. 1993-2003-cü illərdə Heydər Əliyevin, ondan sonrakı 17 ildə isə Prezident İlham Əliyevin hakimiyyəti illərində regionda geostrateji mövqelər Azərbaycanın xeyrinə dəyişmişdi. Azərbaycan bir çox beynəlxalq layihələri reallaşdırmaqla enerji daşıyıcıları, nəqliyyat-logistika sahəsində, regionda qlobal güclərin toqquşa biləcəyi məqamlarda isə (Rusiya-Türkiyə münasibətlərinin gərginləşdiyi vaxtlarda) barışdırıcılıq missiyası ilə əslində ciddi beynəlxalq oyunçuya çevrilmişdi.

Aydın məsələdir ki, tarix yerində durub saymır, yeni nəsillər onu davam etdirir və keçmiş məğlubiyyətlərinin əvəzini çıxmağa şərait və məqam gözləyirlər. Ermənistanın Birinci Qarabağ savaşında qazandığı müvəqqəti qalibiyyətin eyforiyasını yaşayan yaşlı nəsil isə yeni nəsilləri öz məğlubedilməzliyinə o qədər arxayın saldılar ki, onlar Azərbaycan dövlətinin strateji planlarına, iqtisadi, siyasi, ordu quruculuğu sahəsində sıçrayışına əhəmiyyət belə vermək istəmədilər. Başları "Böyük Ermənistan” xülyası ilə dumanlanmış bu insanlar ağıllarına belə gətirmirdi ki, onların qaniçən ata-babalarının qonşularını xüsusi qəddarlıqla doğma yurd-yuvalarından qovub işğal etdikləri torpaqlardan bir gün özləri qovulacaq, qurduqları planlar nağıla çevriləcək.

Azərbaycan prezidentləri Heydər Əliyevin, daha sonra İlham Əliyevin simasında 26 ildən artıq usanmadan, dönə-dönə, qan tökülmədən dədə-baba torpaqlarının qaytarılmasına, münaqişənin danışıqlar masasında həllinə səy göstərdilər. Etiraf etmək lazımdır ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə nəticəsi olmayan bu danışıqlar uzandıqca Ermənistan daha da həyasızlaşır, Azərbaycan xalqına həqarətdən belə çəkinmir, işğal etdiyi ərazilərdə vandalizm aktları törədir, xarici ölkələrdən gətirdiyi erməni əsilli vətəndaşları Azərbaycanın ərazilərində məskunlaşdırırdı. Qəribədir ki, onların bu beynəlxalq cinayətinə münaqişənin həllinə cavabdeh olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və onları təmsil edən diplomatlar belə heç bir reaksiya göstərmirdilər.

Azərbaycan xalqının gözü qarşısında baş verən bu tarix faktla bir daha göstərdi ki, çox şeylərə qadir olan diplomatiya, heç də hər şeyi etmək gücündə deyil. Diplomatiya, hansı incəliklə reallaşmasına baxmayaraq, ölkənin müdafiə, iqtisadi və siyasi problemlərini həll etmək iqtidarında ola bilməz. Diplomatlar generalları, iqtisadçıları və siyasətçiləri əvəz edə bilməz, xüsusən də döyüş meydanında itirilənləri danışıqlar masasında qazanmaq olduqca çətindir. Diplomatların uğur qazanması üçün onların sözünün arxasında təmsil etdikləri ölkənin gerçək gücü dayanmalıdır. Bu mənada əlbəttə, dövlət rəhbəri kimi İlham Əliyev, ilk gündən Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün təmin edilməsində ən etibarlı zəmanəti qədim Roma prinsipinin həyata keçirilməsində görürdü: "Əgər sülh istəyirsinizsə, müharibəyə hazırlaşın.”

Qələbənin baş məşqi - Aprel döyüşləri
2016-cı ilin aprelində Ermənistanın cəbhə xəttində törətdiyi növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu əks hücum əməliyyatı həyata keçirdi. Tarixə "dördgünlük müharibə” adı ilə düşən bu döyüşlərdə rəsmi Bakı bir çox strateji yüksəklikləri ələ keçirdi. Bu lokal döyüşlərin nəticələri nə Ermənistan, nə də beynəlxalq güclərin Azərbaycan Ordusunun zəifliyi haqqında təsəvvürləri sanki dəyişmədi. Əslində bu müharibə həm münaqişənin həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsdrlərinə, həm də Ermənistana bir mesaj idi. Buna baxmayaraq, nə İrəvandan, nə Minsk qrupundan münaqişənin həlli üçün yeni bir təşəbbüs özünü göstərmədi. Status-kvo onları tamamilə təmin edirdi, daha çox isə Ermənistanı. Azərbaycan isə öz liderinin və prezidentinin simasında tam qətiyyətlə bəyan edirdi ki, bu status-kvo ilə qətiyyən barışmayacaq.

Prezident İlham Əliyev münaqişənin gec-tez müharibə yolu ilə həllini çoxdan görürdü və hər çıxışında da bütün dünyaya bu xəbərdarlığı səsləndirirdi. Beynəlxalq oyunçular bu çıxışları elə də ciddiyə almaq istəmirdilər və düşünürdülər ki, Azərbaycan müharibəyə başlamağa cəsarət etməz. Çünki Ermənistanın yeni hərbi-siyasi rəhbərliyi öz ordusunun məğlubedilməzliyindən, işğal etdiyi torpaqlarda qurduğu istehkamlardan o qədər arxayın danışırdı ki, onun himayəçiləri artıq müharibənin başlanacağı təqdirdə Azərbaycanın daha çox torpaq itkisinə məruz qalacağına və bundan sonra qondarma "Dağlıq Qarabağ Respublikasının” müstəqilliyini tanımaqdan başqa çarəsinin olmayacağına ümid bəsləyirdilər. Əslində Ermənistanı xristian həmrəyliyi naminə dəstəkləyən, eləcə də dünya erməni lobbisinin pul gücünə qabaqcıl Qərb dövlətlərinin rəsmi dairələrdə ələ aldıqları himayədarlarının ciddi cəhdlərinin kökündə də bu amil dayanırdı.

Qələbənin baş məşqi hesab edilən dördgünlük Aprel döyüşlərindən sonra atəşkəs elan edildi və münaqişənin həllinə cavabdeh olan qüvvələr yenə köhnə, sınadıqları yolla getməyə başladılar. 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra, Qərbin inqilabi ssenarisi ilə hakimiyyətə gələn Paşinyan ilk dövrlər Dağlıq Qarabağ münaqişəsini ən qısa zamanda həll edəcəyi ilə bağlı mesajlar verməyə başladı. Amma müəyyən bir müddətdən sonra kütləni şirin vədlərlə aldadıb hakimiyyətə gəlmiş Baş nazir 26 illik danışıqlarda əldə edilmiş bütün razılaşmaların üstündən xətt çəkdi. Paşinyan Qarbağ kartından ölkə daxilində həyata keçirdiyi bərbad sosial-iqtisadi siyasətini ört-basdır etmək üçün istifadə edərək qəbuledilməz bəyanatlat verməyə başladı. 2020-ci il iyulun 2-də isə artıq işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarla təmas xəttində deyil, birbaşa Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonu ərazisində təxribat törədərək mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya qurğularından istifadə etməklə hücuma cəhd etdilər. Bu artıq Ermənistan üçün onsuz da kövrək olan atəşkəs rejimi limitinin son həddi idi. Doğrudur, Azərbaycan Ordusu düşmənin layiqli cavabını verdi, ancaq bununla məsələ bitmirdi və Ermənistana layiq olduğu yer mütləq göstərilməli idi.

Sanki Azərbaycanın hərbi siyasi rəhbərliyinin səbri və təmkini ilə oynayırmış kimi, sentyabrın 27-də Ermənistan təmas xəttində növbəti təxribata cəhd etdi. Bu isə artıq işğalçı dövlətin sonunun başlanğıcı oldu. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə bütün təmas xətti boyu əks-həmlə əməliyyatına başladı.

Müharibə başlayandan bu günə qədər bir çox beynəlxalq siyasi dairələrdə davam edən diskussiyaların əsas suallarından biri də Azərbaycanın niyə məhz sentyabrın sonunda döyüş əməliyyatlarına başlamasına qərar verməsidir. Bir çoxları qeyd edirlər ki, vaxtın seçilməsi kənardan, ən yaxşı halda Türkiyə ilə müzakirələr aparılarkən onun tərəfindən təklif edilib. Bu versiya istisna olunmur, ola bilər. Ancaq bunu nə təsdiq, nə də təkzib edəcək əsaslar yoxdur. Bununla belə, bir amili unutmaq olmaz ki, Azərbaycanın taleyi, onun təhlükəsizliyi ilə bağlı qərarları istisnasız olaraq Prezident İlham Əliyev verir və o, da belə bir məsuliyyətli addımı, üç addım irəlini görmədən, uğur qazanacağına əmin olmadan qətiyyən atmazdı.

Prezident İlham Əliyev isə dövlət xadiminə və müdrik siyasətçiyə xas olan intuisiyası ilə hadisələrin yekununu aydın görür və hətta müharibənin ilk günlərində belə hansı danışıqların aparılacağını, Paşinyanın nədən və nə üçün imtina edəcəyini də gözəl bilirdi. Əgər belə olmasa müharibə ilk mərhələdə Füzuli azad ediləndən, sonrakı mərhələlərdə Cəbrayıl, daha sonra Zəngilan, bundan sonra Qubadlı rayonları və digər ərazilər işğaldan azad edilərkən də dayana bilərdə və bunun nəticələri təbii ki, Ermənistan tərəfi üçün indikindən qat-qat müsbət, bizim üçün isə ola bilsin indiki kimi olmaya bilərdi.

Beləliklə, 44 günlük müharibə niyə məhz sentyabrın 27-də başladı? Bunun cavabının bir qismini - Azərbaycanın son 17 ildə həyata keçirdiyi strateji layihələr, xarici siyasət sahəsində əldə olunan uğurlar, BMT üzvlüyünə qəbul olunan sərhədlər çərçivəsində ölkənin ərazi bütövlüyünün beynəlxalq hüquqi müstəvidə daha da möhkəmləndirilməsi, işğal olunan torpaqların dərhal və qeyd-şərtsiz boşaldılması haqqında BMT TŞ-nin qəətnamələrinin icrası ilə əlaqədar beynəlxalq səviyyədə dəstək və sair məsələləri qismən açıqlamışdıq. Yəni müharibə aparmaq üçün Azərbaycana tam haqq qazandıracaq hüquqi baza və beynəlxalq rəy formalaşdırılmışdı. Demək ki, torpaqların azad edilməsinə başlamaq üçün əlverişli məqamı tutmaq lazım idi. 2020-ci ilin sentyabrında belə bir məqam artıq yaranmışdı.

Bu məqam nədən ibarət idi?

Dünyanı cənginə alan koronavirusun yaratdığı ciddi problemlərin qayğısı azmış kimi, o biri tərədən də öz islamafob baxışları ilə "İslam separatizminə” qarşı mübarizə aparan Avropa Birliyi, regionda söz sahibi olan Aleksey Navalnının zəhərlənməsi səbəbindən Rusiya ilə sərt qarşıdurmaya girdi. Rusiya da öz növbəsində Ermənistanın yeni rəhbərliyinin - "Sorosun uşağı” olan baş nazir Nikol Paşinyanın ölkəni, əzəli himayəçisindən üz çevirib NATO-ya qoşulmaq yolu tutmasına, bu səbəbdən Moskvanın bu ölkədəki dostlarına qarşı təqiblərə və həbslərə başlamasına son dərəcə qəzəbli idi. Vaşinqton isə bütün siyasi məsələləri arxa plana keçirən son dərəcə qalmaqallı prezident seçkiləri ilə məşğul idi. Ermənistanın itirə biləcəklərindən çox prezident postunu itirə biləcəyindən qayğılanan Donald Tramp, həmin ərəfədə verdiyi açıqlamalarından da göründüyü kimi hətta Qafqazda nə baş verdiyini və bunun üçün nə edəcəyini təsəvvür belə etmirdi.

Azərbaycan torpaqları azad edilmədən Cənubi Qafqazda sülhə təminat yoxdur
Son illər dünyada gedən siyasi kataklizmlər baxımından, günün daha bir reallığı ABŞ-ın və Qərbin uzun illərdir təcridə məruz qoyduğu Rusiya üçün strateji cəhətdən vacib olan Cənubi Qafqazda sülhün Qarabağ münaqişəsindən asılı olduğu və onun açarının da Ermənistanda deyil, məhz Azərbaycanda olduğudur. Bu, birmənalı belədir, çünki Azərbaycan 28 ildə dönə-dönə göstərdi ki, onun torpaqları işğaldan qurtarmayınca, regionda hər an müharibə alovlana bilər. Digər tərəfdən, Rusiya da bu 30 ildə bir daha anladı ki, artıq Azərbaycan nə XIX, nə XX əsrin əvvəllərindəki, nə də ötən əsrin 90-cı illərindəki hədələrə gözüyumulu əməl edəcək ölkə deyil və bu münaqişə 50 il də uzansa, Azərbaycan öz işğal olunmuş ərazilərini güzəştə getməyəcək.

Bu məqamda ümummilli lider Heydər Əliyevin son 10 illik hakimiyyəti illərində və Azərbaycan Prezidenti İlham Əliyevin ondan sonrakı dönəmdə səbrlə, müdrikcəsinə, heç bir siyasi avantüraya uymadan, çox böyük siyasi uzaqgörənliklə, danışıqlar prosesində heç bir güzəştə getmədən, məhz bu 44 günlük zəfər yürüşünə hazırlaşması oldu. Ölkədaxili müxalifətin tənqidləri öz yerində, ermənipərəst beynəlxalq güclərin sərt təzyiqlərini mahir diplomatik gedişləri ilə neytrallaşdıran Prezident İlham Əliyev sözün əsl mənasında Vətənini canı qədər sevən həqiqi dövlət xadimi kimi müstəsna xidmətlərə imza atdı.

Qərbdən və Avropadan getdikcə sıxışdırılan Rusiyaya isə Şərqin geniş iqtisadi bazarlarına çıxmaq, uzunmüddətli sanksiyalar səbəbindən öz çökməkdə olan iqtisadiyyatını xilas etmək üçün Asiya ilə Şərqin və Avropanın geniş, müasir nəqliyyat, tranzit imkanlarına malik mühüm geostrateji mərkəzlərindən olan Azərbaycan, bütün sahələrdə dalana dirənmiş Ermənistandan daha vacib ölkədir.

Daha bir reallıq isə ondan ibarətdir ki, Rusiyanın postsovet məkanında güc tətbiqetmə inhisarçılığı çox sürətlə geridə qalmağa başlayır. Bunu bir çox xarici ekspertlər də etiraf edirlər ki, Azərbaycanın "Qarabağ münaqişəsinin güc yolu ilə həllinin bu reallığı təsdiq etdiyinə şübhə ilə yanaşmağa heç bir səbəb ola bilməz”.

Bunu əyani təsdiq edən faktlardan biri saziş imzalanandan dərhal sonra, münqişənin ikinci tərəfi olan Ermənistanda yüz minlərlə erməni etirazçının Yerevanın küçələrinə axışaraq bu sənədi xəyanət və təslimçilik aktı kimi qiymətləndirmələridir. Onlar bu gün də bunda ölkənin baş naziri Nikol Paşinyanla yanaşı, başda Putin olmaqla Rusiya dövlətini günahlandırırlar. İsveçin "Dagens Nyheter” nəşri yazır: "Əgər baş verənlərə daha yaxından nəzər salsaq görərik ki, bunu Moskvanın uğuru kimi qiymətləndirmək şübhəlidir. Bu, daha çox geosiyasi şoku xatırladır... Coğrafi mövqeyinə görə Rusiyaya meyilli olan Ermənistanda Moskvanın bu addımını özünün əzəli düşməni Türkiyəyə güzəşt kimi qiymətləndirirlər.

Bundan əlavə, yüz ildən artıq bir dövrdə ilk dəfədir ki, uzun illər Rusiyanın eksklüziv maraqları dairəsində olan ərazilərdə baş verənlərə Türkiyə müdaxilə edir. Çətin ki, Putin, NATO-ya daxil olan ölkəyə rəhbərlik edən öz avtokrat - həmkarının Qafqazda möhkəmlənməsini istəyəydi... Bununla belə regionda yeni balans yaranıb. Moskva daha Rusiyanın "yaxın xaricində” – Cənubi Qafqazda dağların şəriksiz çarı deyil... Moskva daha güclü Azərbaycana zəifləmiş Ermənistandan torpaqları geri almağa imkan verib...”

Çexiyanın "DeníkN” nəşri hadisələri şərh edərkən bunu özünəməxsus şəkildə belə şərh edir: "Kreml niyə Ermənistana uduzmağa imkan verdi? O, zəifləyir və növbəti silahlı münaqişəyə, çox yəqin, artıq gücü yoxdur”.

Ukraynanın "Qlavred” nəşri isə daha kəskin münasibətilə seçilir və "Türkiyə Qarabağda Rusiyaya qəbir qazdı” sərlövhəli məqaləsində yazır: "...Artıq indi Türkiyə Suriyada, Liviyada, İraqda, Ermənistanda, Azərbaycanda Rusiyadan qorxmur. Türkiyənin uğurlu şəkildə Qafqaza gəlişi nəhəng bir məkanda Rusiyanın manevr etmək imkanlarını kəskin çətinləşdirdi”.

Böyük Qələbəyə qərəzli don biçməyin!
44 günlük müharibədə qazanılan Qələbə həm də dövlət başçısı, Ali Baş Komandan olaraq İlham Əliyevin strateji düşüncəsi sayəsində Azərbaycanda reallaşdırılan iqtisadi, siyasi, hərbi layihələrin məntiqi nəticəsidir. Əslində, İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 17 ildə iştirak etdiyi bütün tədbirlərdə və apardığı bütün danışıqlarda münaqişə ilə bağlı baxışlarını açıqlayarkən, birmənalı olaraq bu problemin danışıqlar yolu ilə yanaşı, müharibə yolu ilə həllinin olduğunu da bəyan edirdi və sentyabrın 27-də müharibəni seçməsinə baxmayaraq, hərbi-siyasi qələbə çalmaqla beynəlxalq ictimaiyyətin tənqidlərindən çox böyük ustalıqla yayınmağı bacardı.

Buna baxmayaraq, Azərbaycanda radikal müxalifət qüvvələri və beşinci kolonun nümayəndələri, Ermənistan üçün kapitulyasiya aktına bərabər Azərbaycan-Ermənistan və Rusiya üçtərəfli barış sazişini birmənalı qarşılamadılar. Aydın məsələdir ki, Azərbaycanın qələbə yürüşü davam etdiyi bir vaxtda belə bir sülh, ən yaxşı halda müharibədən daha yüksək qiymətləndirilə bilinməyəcək bir seçim olaraq qəbul edilirdi. Hətta sazişdə hələ işğaldan azad olunmayan 3 rayonun boşaldılması bəndinə yanaşma da şübhə altına alındı və bu məsələlər ətrafında sosial şəbəkələrdə müəyyən qüvvələr tərəfindən hay-küy qaldıranlar da az deyildi.

Dövlət idarəçiliyi prinsiplərindən çıxış etsək aydın demək lazımdır ki, nəinki radikal müxalifətin və beşinci kolonun, bütövlükdə kütlənin düşüncə bazarında dövlət idarəçiliyi üçün qiymətli ola biləcək çox az bir şey tapılar. Ona görə də sosial şəbəkələr, hansı mövzunun müzakirəsindən asılı olmayaraq, bu gün eynən kütlənin düşüncə bazarıdır və bu bazarda strateji hərbi, siyasi, diplomatik uğura zəmanət verə biləcək nəsə axtarmaq sadəlöhvlük olardı. Eynən Ermənistan xalqının bu bazarda tapdığı baş nazir Nikol Paşinyan kimi.

Amma bir çox daxili radikalların düşündüyü kimi, daha da irəli getmək - erməniləri yaşadıqları ərazilərdən qovmağın - böyük bir risk olduğunu da İlham Əliyev soyuq məntiqi ilə hesablamaya bilməzdi. Birinci Qarabağ savaşı zamanı azərbaycanlılara qarşı törədilən erməni barbarlığını, erməni vandalizmini, Azərbaycan Ordusunun hər hansı formada ermənilərə qarşı törədəcəyi çox ciddi nəticələrə gətirib çıxara bilərdi. Bunu isə Azərbaycan Ordusu deyil, ermənilər özləri özlərinə qarşı törədib Azərbaycan Ordusunun, qalib Azərbaycan əsgərinin adına yazacaqdılar və dünya da, ən azından xristian Qərbi bunu eynən bu cür qəbul edəcəkdi. İlham Əliyev yaxşı başa düşürdü ki, Azərbaycanın 1992-94-cü illərdə düşdüyü vəziyyətdən fərqli olaraq, Qarabağda yaşayacaq ermənilərin humanitar fəlakəti Qərbin xristian dünyasının diqqətindən kənarda qalmayacaq.

Bütün bunları nəzərə alsaq, o zaman demək lazımdır ki, indi Azərbaycan liderinin və bütövlükdə Azərbaycanın qarşısında açılan əsas cəbhə siyasi və diplomatik cəbhədir. Çünki sazişdə nəzərdə tutulduğu kimi Azərbaycan qarşıya qoyduğu starateji maksimuma nail oldu və öz ərazi bütövlüyünü bərpa etdi.

Bu gün böyük Qələbəyə qərəzli don biçənlərin kimliyi və hansı məramlara xidmət etməsi bəllidir. "Babam mənə kor deyir...” məsəli olmasa da, bu insanlar "Soroslar bizə kor deyir...” prnsipini rəhbər tutaraq hərəkət edirlər. Çünki onlar radikal müxalifət deyil, əslində onurğa sütunlarının mayası əsasən satqınlıq və xəyanətlə yoğrulmuş, pozğun strategiyaya və problemli düşüncəyə sahib beşinci kolonun nümayəndələridirlər. Amma onlar özlərinə çox nahaq əziyyət verirlər. Çünki artıq müzəffər Ali Baş Komandan İlham Əliyevin Qələbə yürüşü tarixdə öz qızıl izini qoyaraq yeni, Qarabağda quruculuq yürüşünə başlayıb. Xalq bütün varlığı ilə bu komandanın rəhbərliyi altında quruculuq yürüşünü də qalibiyyətlə başa vuracaq. Buna kimsənin şübhəsi olmasın. Siz isə layiq olduğunuz yerdə - tarixin zibilliyində eşələnin, bəlkə danışmağa nəsə tapdınız.

İlqar RÜSTƏMOV, Əməkdar jurnalist, politoloq



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az