Qar uçqunu altında donan ümidlər

 Qar uçqunu altında donan ümidlər

Bu foto ailə arxivimizi nəzərdən keçirərkən əlimə düşmüşdü. Atamın dayısı Mirzağa Talıbovun şəklidir. İkinci Dünya müharibəsi illərində çəkilib. Çöhrəsindən nur yağan, xoşsifət, yaraşıqlı, bu oğlan müharibənin odundan-alovundan keçib sağ-salamat elinə-obasına dönə bilsə də, sonradan bəxti, taleyi üzünə gülməyib. Günlərin bir günü canından artıq sevdiyi işinə tələsərkən qar uçqununa düşərək faciəli şəkildə dünyasını dəyişib. Beləcə, ömrünün 38-ci baharını yaşamaq ona qismət olmayıb... 

Adını ilk dəfə ata nənəmin acı göz yaşlarının islatdığı dodaqlarında həzin bir zümzüməyə çevrilən ağılarda, oxşamalarda eşitmişdim. Mirzadə nənəm ötən əsrin 30-cu illərində Rvaruddan kəndimizə gəlin köçmüşdü. Nənəmgillə qonşuluqda yaşayardıq. Kiçik qardaşımla tez-tez onlara gedər, bütün günümüzü orda keçirərdik. Arıq, çəlimsiz bu qadının üzü çox nadir hallarda gülərdi. Elə hey zümzümə edər, həzin, yanıqlı bir səslə ağı deyər, oxşama və bayatılar söyləyərdi. Onun ev işlərini görərkən, ən çox da nehrə çalxalayarkən və ya əllərində tutduğu milləri bir-birinə dolaşdıraraq corab toxuyarkən (Nənəm rənglərin harmoniyasından yaranan yun corabları yüksək ustalıqla, incə bir zövqlə toxuyardı) söylədiyi oxşama və ağıların nəqəratını "Şamilim laylay”, "Mirzağam laylay” kəlmələri təşkil edərdi. Onun bu adları xüsusi bir yanğı, xüsusi bir kədərlə səsləndirməsinin səbəbini uşaq ağlımla tam dərk edə bilməsəm də, nənəmdən bu barədə nəsə soruşmağa da elə uşaq dərrakəm imkan vermirdi. Və sonradan öyrəndim ki, Mirzağa və Şamil nənəmin bəxtsiz, talesiz qardaşları olublar. Biri müharibənin, digəri isə təbii fəlakətin qurbanı olub.

...İkinci Dünya müharibəsinin başlanması adi günlərindən birini yaşayan, başı çöl-tarla, təsərrüfat işlərinə qarışan Rvarud camaatının da keyfini əməlli-başlı pozur. Müharibə gecəni-gündüzə qatıb minbir əziyyətə qatlaşan, dolanışığını kolxozda çalışmaqla birtəhər təmin edən sakinlərin dərdinin üstünə əlavə dərd gətirir. Ölkədə elan olunmuş ümumi səfərbərliyin əks-sədası ucqar dağ kəndlərinə də gedib çatır. Əli silah tutan cavanlar bir-bir hərbi komissarlıqlara çağırılaraq cəbhəyə yola salınırlar. Aylar bir-birini əvəz etdikcə cəbhəyə çağırılan rvarudlu cavanların da sayı günbəgün artır. Bu təlatümlü, hüznlü günlərdə rvarudlu Əbi kişi də 7 oğlundan 3-nü cəbhəyə yola salır. Ailəli olan böyük oğlu Xosrov 3 azyaşlı qız övladını ömür-gün yoldaşına əmanət  edib müharibəyə gedir. Xosrov Talıbov sovet qoşunlarının tərkibində Berlinədək uzun bir döyüş yolu keçərək sağ-salamat evinə dönür. Buna baxmayaraq, qardaşları taleyin sərt sınağı ilə üzləşirlər. Şamil amansız müharibənin qurbanına çevrilir. Günlərin bir günü onun itkin düşməsi ilə bağlı bəd  xəbər "qara kağıza” çevrilərək Əbi kişinin qapısını döyür. Aldığı ağır yaralardan sağalan Mirzağa isə yenidən cəbhəyə qayıdır...

Mirzağa Əbi oğlu Talıbov 1923-cü il iyun ayının 15-də Lerik rayonunun Rvarud kəndində anadan olub. İbtidai təhsilini Rvarud kənd məktəbində alıb.1940-cı ildə qonşu Çayrud kənd orta məktəbini bitirib. Məktəbin nümunəvi və savadlı şagirdlərindən olub. Bununla belə, 10 uşaqdan ibarət ailənin məhdud maliyyə imkanları, dolanışığın aşağı səviyyədə olması gənc Mirzağaya ali təhsil almaq arzusunu gerçəkləşdirməyə imkan verməyib. 1942-ci ildə cəbhəyə çağırılan Mirzağa Talıbov Hitler Almaniyasına qarşı aparılan bir sıra ağır döyüşlərin iştirakçısı olub. Elə həmin ilin yayında Ukrayna cəbhəsində ağır yaralanaraq hərbi qospitala düşüb. Sağaldıqdan sonra yenidən cəbhəyə qayıdan Mirzağa müharibənin sonunadək bir sıra torpaqların faşistlərdən azad olunmasında fəal iştirak edib. 1945-ci ildə qardaşı Xosrovla cəbhədən doğma kəndinə qayıdıblar. Digər qardaşları Şamil isə xəbərsiz-ətərsiz itkin düşüb. 

Müharibənin vurduğu yaraları sağaltmaq, əhalini üzləşdiyi aclıq təhlükəsindən qurtarmaq üçün bütün ölkə səfərbər olunur. Yenicə cəbhədən qayıdan Mirzağa Talıbov da ölkədə aparılan dinc quruculuq işlərinə qoşulur: kolxozda fəhlə kimi çalışmağa başlayır. O, cəbhədə olduğu kimi, burada da fəallığı ilə seçilir, müharibənin sovet iqtisadiyyatına vurduğu zərərin aradan qaldırılması üçün gecə-gündüz çalışır. Bununla belə, orta məktəbdə oxuduğu illərdə arzusunda olduğu ali təhsil almaq istəyi onu, bir an olsun, rahat buraxmır. Elə bu istəklə də Bakıya yollanır. 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olur. 1952-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vuran Mirzağa doğma rayonuna qayıdır. O zamanlar ucqar dağ rayonu olan Lerikdə ali təhsilli pedaqoji kadrlara, o cümlədən dil-ədəbiyyat müəllimlərinə böyük ehtiyac var idi. Bir neçə il rayonun Veri və Anzolud kəndlərində dil-ədəbiyyat müəllimi kimi çalışan M. Talıbov bütövlükdə rayonda maarif işinə böyük bir canlanma gətirir, tədris etdiyi fənnlərin incəliklərini şagirdlərinə həvəslə öyrətməyə çalışır. Qısa müddətdə  adı rayonun qabaqcıl müəllimləri ilə bir sırada çəkilir. 

Mirzağa Talıbov savadlı kadr kimi rayon rəhbərliyinin də diqqətini cəlb edir. Məhz bu səbəbdən 1958-ci ildə onu partiya sıralarına qəbul edirlər. Həmin dövrdə Lerikdə ali təhsilli kadrlara ehtiyac olduqca yüksək idi. Bunu nəzərə alan rayon rəhbərliyinin təkidi Mirzağa müəllimi həddindən artıq sevdiyi peşəsindən, pedaqoji sahədən uzaq salır. Həmin il onu Çayrud kənd sovetliyinin katibi vəzifəsinə təyin edirlər. Bu da təsadüfi deyildi. Çünki kadr ehtiyatlarının məhdudluğu şəraitində onunkimi təmiz, vicdanlı, savadlı kadrlara böyük ümid bəslənilirdi. Burada çalışdığı üç il ərzində ona göstərilən etimadı layiqincə doğruldan M.Talıbov sovetliyin işinin günün tələbləri səviyyəsində yenidən qurulmasında fəal iştirak edir. Ağır sosial problemlər məngənəsində ilişib qalan ucqar kəndlərin sakinlərinin gün-güzəranlarının yaxşılaşdırılması üçün xüsusi təşəbbüskarlıq göstərir. İşgüzarlığı, insanlarla  mehriban, səmimi münasibətləri qısa müddətdə ona böyük hörmət və nüfuz gətirir. Çox keçmir ki, o, Çayrudda və sovetliyin inzibati ərazisinə daxil olan ətraf kəndlərdə yaşayan sakinlərin sevimlisinə çevrilir. Bunu görən rayon rəhbərliyi bir neçə dəfə təkidlə onu sovet sədri təyin etmək istəsə də, ancaq Mirzağa Talıbov hər dəfə israrla  bu təklifdən imtina edir. Özündən yaşca çox-çox böyük olan sədrin daha təcrübəli olduğunu əsas gətirərərək onun indiki şəraitdə daha artıq fayda verəcəyinə hamını inandırmağa çalışır. Bütün bunlara baxmayaraq, qarşıdaonu məsul vəzifələr,vacib işlər gözləyirdi...

1961-ci il martın 9-u. Dağlar diyarı Lerik sərt qış günlərindən birini yaşayır. Rayonötən ilin oktyabr ayından yağmağa başlayan qara tam təslim olub. Qarlı-şaxtalı günlər bir-birini əvəz edir. Orucluq ayı olduğu üçün sovet rejiminin sərt qadağalarına baxmayaraq, əhalisinin əksər hissəsi iman və ibadət əhli olan Rvarudda imsaq yeməyinə oyanan kənd sakinləri odun peçlərini qalayır, mal-qaranı yemləməyə tələsirlər. Partiya-sovet işində çalışan Mirzağa Talıbov da sərt qadağalara rəğmən oruc tutur, ibadətlə məşğul olur. İmsaq yeyəndən sonra həyat yoldaşına bu gün işə həmişəkindən tez gedəcəyini söyləyir. Səbəbini də qardaşının Çayrud xəstəxanasında müalicə olunan xəstə uşağına baş çəkəcəyi və onu həkimə tapşıracağı ilə əlaqələndirir. Qapıdan çıxanda geri boylanıb həyat yoldaşına deyir ki, bu gün həm də onu raykomda keçiriləcək büro iclasına çağırıblar. "A çayrudlu qız, sənə bir sirr açım, Bu gün məni rayon icraiyyə komitəsinin sədri təyin etmək istəyirlər. Ancaq bu barədə heç kimə bir kəlmədemə, baş tutmaya da bilər. Evə isə iki-üç gündən sonra qayıdacağam ”. Bu  onun ömür-gün yoldaşı Qərib xanımla son danışığı idi. 

...Dan yeri yenicə sökülürdü. Hava son dərəcə soyuqidi, şaxta adamın iliyinə işləyirdi. Dünəndən başlayan güclü qar səhərə yaxın kəsilmişdi. Qar ətrafa bir işıqlıq  gətirsə də, Çayrud kəndinin üstünü qatı duman örtmüşdü.Bir tərəfdən də, yenicə yağmış qar yol-rizləri bağlamışdı. Bu azmış kimi güclü külək köhnə qarı sovurub bənd-bərəyə doldurmuşdu. Bunun da nəticəsində bəzi ərazilərdə qarın qalınlığı bir-iki  metrə çatmışdı. Belə bir şəraitdə hərəkət etmək olduqca çətin olsa da, o getməli idi. Evdən çıxanda çəkmələrinin ağzını, qar dolmasın deyə, iplə möhkəm bağlayır. Havanın qarlı-şaxtalı olduğunu görən anası Ağabanu arvad, sanki nəsə baş verəcəyini duyurmuş kimi (Ana ürəyidir də!), ona idarəyə çatan kimi kəndə, Nağdı kişigilə zəng edib məlumat verməsini möhkəm tapşırır. O zaman kənddə olan yeganə kommutator telefonu məhz Nağdı kişinin evində yerləşirmiş. 

Həmin illərdə Lerikin əksər yaşayış məntəqələrində, xüsusən də ucqar dağ kəndlərində nəqliyyat vasitələri işləmirdi. Əslində son dərəcə çətin keçidlərə malik yaşayış məntəqələrində nəqliyyatın hərəkəti üçün heç yollar da mövcud deyildi. Ona görə camaat rayon mərkəzinə, eləcə də ətraf kəndlərə ən yaxşı halda çarvadarların köməyi ilə ya atla, ya da piyada gedib-gəlirdi. Dağın döşü ilə ilan kimi qıvrılan yollarda qış aylarında, qarlı-şaxtalı günlərdə hərəkət etmək olduqca çətin və riskli idi. Bu baxımdan Rvarud və Çayrud kəndlərini birləşdirən cığırlar da son dərəcə təhlükəli sayılırdı. Nabələd adamın isə ölümsaçan belə yollarda hərəkət etməsi, demək olar ki, mümkünsüz idi. Ancaq hər gün Çayruda işə gedib-gələn hökumət adamı Mirzağa qış aylarında küləyin sovurduğu qarla örtülənyolun təhlükəli hissələrinə yaxşı bələd idi. Hətta məktəbə gedən uşaqlara, nabələd adamlara bələçiliyi də çox zaman o edir,rastına çıxan hər kəsi yolun təhlükəli hissələri ilə bağlı məlumatlandırırdı. Uşqun təhlükəsi olan yerləri hamıya nişan verən Mirzağa Talıbovun özünün yolunu isə əcəl bu dəfə məhz həmin yerdən salmışdı...

Hər gün sübh tezdən külək, yağış, qar-boran bilmədən eyni cığırla işə gedib-gələn Mirzağa bu yolu sonuncu dəfə getdiyini, sonuncu iş gününün olduğunu ağlına belə gətirməzdi. Hardan biləydi ki, işə gedib evə qayıtdığı yol bu dəfə taleyin amansız hökmü ilə onu son mənzilə aparacaq. İşi çox olduğundan  bərk tələsirdi. Artıq kənd arxada qalmışdı. Altı azyaşlı övladını (sonuncusu 6 aylıq körpə idi) qoyub getdiyi isti ocağı da görünmürdü. Ətrafda ünü yetən, səsi çatan bir kimsə də gözə dəymirdi. O isə hey tələsirdi. Bayaqdan sanki ovunu gözləyirmiş kimi pusquda duran  qar uçqunu qəfildən üstdən aşağı şığımağa başlayır. Göydən yerə ələnən nur, bəmbəyaz qar qara kabusa çevrilərək ürəyi sonsuz arzularla, ümidlərlə çırpınan Mirzağanı ağuşuna alır. Amansız müharibə günlərində ölümsaçan güllələrdən, başına yağan bombalardan xilas olan Mirzağa canını bu vahiməli hadisədən qurtura bilmir. 

Həmin gün bu hadisədən heç kim xəbər tutmur. Evdəkilər onun işdə olduğunu zənn edirlər. İdarədə isə yəqin evdən birbaşa rayon mərkəzinə getdiyini düşünürlər. Mirzağa Talıbovun raykomda keçirilən büro iclasında iştirak etməməsi narahatlıqla  qarşılandığı üçün Çayrud kənd sovetliyinə zəng edib səbəbini öyrənməyə çalışırlar. Ordan isə onun ya xəstələnib evdə qaldığını, ya da işə gəlmədən birbaşa rayon mərkəzinə gedə biləcəyini söyləyirlər. Onunla bağlı məlumat almaq üçün kəndin komutator telefonuna gələn zəngdən sonra ailə üzvləri, qohumlar bərk narahat olurlar. Səsə çıxan anası onun səhər işə getdiyini, oradan da rayon mərkəzinə getməli olduğunu söyləyir. Qısa müddətdə Rvarudda aləm bir-birinə qarışır. Kənddə Mirzağanın başında hər hansı qəzavü-qədərin olması ilə bağlı narahatlıqlar getdikcə artmağa başlayır. 

Ertəsi gün sübh tezdən onun axtarışına başlanılır. Hava günəşli olduğundan ətraf əl içi kimi aydın görünür. İlk növbədə, nəzərlər Çayruda gedən sıldırımlı yola yönəlir.Uzaqdan da olsa, yolda qar uçqununun baş verməsi aydın sezilir. Dərhal rayon mərkəzinə bu barədə məlumat çatdırılır. Çox keçmir ki, bu acı xəbər bütün ətraf kəndlərə yayılır. Tezliklə uçqun baş vermiş ərazidə qarın təmizlənməsinə başlanılır. Axtarış işlərinə  ətraf kəndlərin də əhalisi qoşulur. Uzun axtarışdan sonra qarın üzərinə yayılmış bənövşəyi ləkələr hamının diqqətini cəlb edir. Bu,  qələmindən dağılmış mürəkkəbin rəngi idi, onun məhz burada əbədiyyətə qovuşmasını nişan verirdi. Beləliklə, onun donmuş cəsədi iki-üç metrlik qarın altından böyük əziyyət hesabına tapılır. Deyilənə görə, o, uçqunun altından xilas olmağa çalışdığından nəfəsi ilə qarı əridibmiş. Amma isti nəfəsi, qəlb çırpıntıları  köməksiz vəziyyətdə olan Mirzağa Talıbovu ölümün pəncəsindən qurtarmağa kifayət etməmişdi. Bir insan omrünü yarıda qoyan bu qorxunc təbiət hadisəsi onu yeni vəzifəsinə yox, yeni, həm də son mənzilinə yola saldı. Ömrünün sonuncu ünvanı-məzar evi qədər soyuq olan qar uçqunu canlı bədəni kimi arzularını, ümidlərini də dondurdu...

Martın 9-u Mirzağa Talıbovun anım günüdür. Bu il onun vəfatının 60-cı ili tamam olur. 60  ildir ki, övladları, qohumları, tanış-bilişləri o müdhiş hadisəni ürək ağrısı, acı göz yaşları ilə xatırlayırlar. Onun vaxtsız və faciəli ölümü hər kəsi yandırıb-yaxsa da, nəcib əməlləri, xeyirxahlığı, qayğıkeşliyi və bir də xoş çöhrəsi ilə yaddaşlarda, ürəklərdə əbədi yaşayacaqdır.

Mirbağır Yaqubzadə,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az