Qarabağda müharibə başlayır? - Rus politoloqdan sensasiya

Qarabağda müharibə başlayır? - Rus politoloqdan sensasiya

Ermənistanda qeyri-stabil vəziyyət davam etdikcə, Qarabağda eskalasiya riski yüksəlir.

Miq.Az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Aleksandr Perendjiyev Ermənistanda müxalifətin aksiyasını şərh edərkən deyib. Onun fikrincə, Azərbaycan öz torpaqlarını qaytarmaq üçün həmişə zəif tərəfləri axtaracaq.

"Bakı heç vaxt ermənilərin Qarabağ və ətrafındakı ərazilərə nəzarət etməsi ilə razılaşmayacaq. Xüsusilə Dağlıq Qarabağın inzibati ərazisinə daxil olmayan ətrafdakı rayonların müharibə yolu ilə azad edilməsi variantı həmişə Bakının masasında olub. Çünki Azərbaycan bu ərazilərdə istənilən hərbi əməliyyat aparmaq hüququnun olduğunu hesab edir. Təbii ki, sonrakı mərhələdə Qarabağın azad olunması gələcək. Azərbaycanın hərbi potensialı buna imkan verir”, - deyə o bildirib.

6 gündür Ermənistanda "Elk” fraksiyasının lideri Nikol Paşinyanın rəhbərliyi altında baş nazir seçilən Serj Sarkisyan rejiminə qarşı kütləvi etirazlar davam edir. Etirazçılar bir çox dövlət orqanının binasını mühasirəyə alıb. Prosesi "Məxməri inqilab” adlandıran Paşinyan və tərəfdarları geri çəkilmək niyyətində deyil. İrəvandakı hadisələr fonunda erməni hərbi birləşmələrinin Dağlıq Qarabağda təxribata əl atması diqqət çəkir. Dünən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il 15 mart təvəllüdlü Hacıyev Rahim Azər oğlunun əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alması da buna sübutdur.

Görünür, Sarkisyan rejimi köhnə taktikanı yenidən işə salır: mülki əhaliyə hücum etməklə Azərbaycan Ordusunu cavab atəşi açmağa vadar etmək, beləliklə Bakını hücum edən tərəf kimi göstərmək və cəbhədə vəziyyəti gərginləşdirərək, diqqəti ölkədaxili proseslərdən yayındırmaq.

Perendjiyev İrəvandakı qeyri-stabil vəziyyətdən Azərbaycanın istifadə edə biləcəyini iddia etsə də, Sarkisyan rejiminin ölkədə nəzarəti ələ almaq üçün artıq Qarabağda hərbi toqquşmalar hazırladığı ortadadır. Hesab etmək olar ki, İrəvan küçələrində "Məxməri inqilab”ın davam edəcəyi təqdirdə, erməni hərbi birləşmələri cəbhədə daha ciddi təxribatlara əl ataraq, eskalasiyanın yaranmasına çalışacaqlar. Bu isə yeni hərbi toqquşmaların yaşanmasını qaçılmaz edir. Sarkisyanın hədəfi "xarici düşmən” obrazı yaratmaq və diqqəti yayındıraraq, proseslərə nəzarəti ələ almaqdır.

Böyük ehtimalla bu gün Sarkisyanın baş nazir olaraq yeni hökumətin iclasını keçirməsindən sonra hər şey bəlli olacaq. Paşinyan və tərəfdarları iclasın keçiriləcəyi binanı mühasirəyə almaq niyyətindədir. Əgər kütləvi etirazlar səngiməsə, Ermənistan hakimiyyəti yaxın günlər ərzində Qarabağda müharibəyə əl ata bilər./Publika.az/

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az