“Qaradağda su idarəsinin rəisi İman Həsənov işçinin ÖLÜMÜNƏ SƏBƏB oldu”

“Qaradağda su idarəsinin rəisi İman Həsənov işçinin ÖLÜMÜNƏ SƏBƏB oldu”

"İman Həsənovun ölkədən çıxışına rəsmən qadağa qoyulub”

Bir müddət əvvəl saytlarda Qaradağ rayon Su İdarəsində rəis vəzifəsində çalışan İman Həsənovun özbaşınalığından və dərəbəyliyindən silsilə yazılar getdi. 
Görünən budur ki, bu adam ya hərəkətlərinə çəki-düzən verməyi bacarmır, ya da sadəcə olaraq, bunu istəmir. Ötən yazının yayımlanmasından sonra adı çəkilən idarənin bir neçə işçisi təkrar bizimlə əlaqə saxladı və idarə rəisi İman Həsənovun qanunsuz əməllərindən, kobud davranışlarından və dövlət əmlakını talamasından danışdı.

Miq.az-a danışan mənbə bildirir ki, İmanın başı son zamanlar sayğacların satışına bərk qarışıb: "Bu yaxınlarda idarəyə rəhbərlikdən 500 ədəd sayğac veriblər. Sayğaclar anbara yerləşdirilməli olduğu halda idarə daxilində İmanın nəzarətində olan otaqlardan birinə yerləşdirilib və biri 30 manatdan vətəndaşlara satılır. Halbuki o sayğacları dövlətimiz idarəyə havayı verib. Məqsəd sayğacı olmayan abonentləri sayğacla təmin etməkdi. Onun üçün işçinin yaxşı və ya pis işçi olmasının fərqi yoxdu. Əsas odur ki, işçi ona pul versin. Məsələn, bu adam dərəcələri də pulla satır. Fəhlələr 200 manat, mühəndislər isə 400 manat ödəməlidi ki, İman onların dərəcələrinin artırılması üçün şirkətə məktub yazsın. Şəxsən mənim bir neçə iş yoldaşımdan dərəcəsini artırmaq üçün 200 manat pul istəmişdi. Bəzilərinə özü deyir, bəzilərinə də xəbər göndərmişdi. İdarəni açıq bazara döndərib bu adam”.

"Qardaş, bu adam təkcə sayğac, ya da dərəcə satışı ilə məşğul olsa, dərd yarıdı ee”- deyə digər işçi həyəcan və bir qədər əsəblə söhbətə qoşulur;

-Keçən dəfə sayt əməkdaşlarına demişdik, fevral ayında ərazilərimizdən birində yanğın hadisəsi olmuşdu. Həmin yanğında iş yoldaşımız Eldəniz Quliyev ağır yanıq xəsarəti almışdı. İman hadisəni ört-basdır elədi. İşçini xəstəxanaya yerləşdirməyə qoymadı. Hadisəni gizli saxladı, Eldəniz ev şəraitində müalicə olunurdu. İman da ona "İşə çıxma, şikayət eləmə, günün yazılacaq”- demişdi. Ancaq hadisədən bir neçə ay keçəndən sonra Eldənizə məcbur ərizə yazdırıb işdən çıxardı. Eldəniz vaxtında müalicə olunmadığı üçün yanıqdan sonra qanında zəhərlənmə baş vermişdi. Artıq gec olduğu üçün həkimlər onun həyatını xilas edə bilmədi. Yazıq bir neçə gün əvvəl xəstəxanada öldü. İman Həsənov Eldənizin ölümünə səbəb oldu.

-"A kişi, bu adama xeyri yoxdu dəə”- deyə digər işçi daha əsəbi halda söhbətə qoşulur- İmandan şikayətin sayı-hesabı yoxdu. Bütün işçilərin ondan zəhləsi gedir. İşçiləri çox incidir. Bilərəkdən incidir, yerlərini dəyişdirir, yaşayış yerindən uzağa  göndərir ki, bezib ərizə yazıb işdən çıxsınlar. Mən Qobustanda yaşadığım halda məni gah Lökbatana göndərir, gah da Müşfiq qəsəbəsinə. Müşfiqdə yaşayanı Səngaçala göndərir. Təsəvvür edin, bu adamın ölkədən çıxışına rəsmən qadağa qoyulub. Çünki İmandan şikayətin həddi-hüdudu yoxdu. Sahə rəislərini, qrup rəhbərlərini məcbur edir ki, onun xoşu gəlməyən işçilərdən təqdimat yazsın, töhmət verdirsin. Sahə rəisimizi o qədər bezdirdi ki, bu yaxınlarda məcbur olub ərizəsini yazıb vəzifəsindən çıxdı. Azərsu sistemində bizim idarənin işçiləri qədər töhmət alan, maaşı kəsilən, cəzalanan işçilər yoxdu. A kişi, nə qədər töhmət olar, nə qədər əmək haqqından kəsmək olar? Özünü idarə edə bilməyən bu adamı indiyə qədər niyə işdə saxlayırlar, bilmirəm”.

Daha sonra işçilər bildirdilər ki, İman Həsənov haqqında elə faktlar bilirik ki, bu dediklərimiz onun yanında toya-bayrama getməlidi. Onları da sizə yaxın gələcəkdə deyəcəyik – dedilər.
 
Redaksiyadan: Hörmətli oxucular, şikayət və məktublarınızı [email protected] email ünvanımıza göndərə bilərsiniz.

Yazıda adları çəkilən qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az