Qaz tükü

Qaz tükü
Ramiz Qusarçaylı


Kənd yerlərində qız anası qazı ətinə görə deyil, tükünə görə saxlar. Cehiz tədarükünə erkən başlayan qız anası mövsümə məhəl qoymadan saxladığı qazları diri-diri yolar, xüsusi canfəşanlıqla döşəkdən-balışdan hazırlamağa başlar və bu iş qızın toyunacan çəkər...

Günlərin birində Urusetdən kəndə evlənməyə qayıdan 30-35 yaşlarındakı bir erkək xeylağı anasını və ya bacısını yenicə 15 yaşına qədəm qoymuş qonşu qızın anasının yanına göndərər, gədənin Rusiyada böyük nüfüz sahibi olduğundan və mal-mülkünün yerə-göyə sığmadığından ağız dolusu üyüdər, sərvətinin "qulağı sarı matişkə” qızlarından birinə etibar etmək istəmədiyini və öz kəndindən olan bir halal südəmmişlə bölmək niyyəti olduğunu irişə-irişə qız anasına söylər, ”iş adamı”nın elə bu yayın ortasında, pomidor qızaran vaxtları toy çaldırmağa qərar verdiyini bildirər...

Yolduğu qazların tükünü yumruğuyla balışa dürtə-dürtə qızını "yola gətirən” (yoldan çıxaran) ana axşam tərəfi yığdığı quru otun tozu-təri içində evə gəlib boyun-başını yumağa macal tapmayan ərini işarmış gözləriylə yeyə-yeyə muştuluqlar, gecə gördüyü yuxunun çin çıxdığına sevinib "Allah adamı” olduğuna bir daha ərini inandırmağa çalışar və qızının bəxtinin açıldığını bəyan edər.

Kürəkəninin kim olduğunu bilincə qız atası tozlu-torpaqlı çiynini çəkər, bu gün önündən dəfələrlə toz verə-verə şütüyüb keçən  rus seriyalı maşının kimin olduğunu indi anlar, "qızı sabahdan dərsə qoyma getsin” deməklə borcunu yerinə yetirmiş olar və qəfildən qanrılıb uca səslə ”hə, sabahdan inəyi də naxıra sürmə, boğazdı, qarnına buynuz-zad batar” dəyib su  arxına tərəf gedər ...
        
 Qız anası ötən ay qonşunun şəhərdə yaşayan qohumundan bir qoyun və iki qaz verib aldığı işlənmiş "Samsung” telefonunu qızının əlindən dartıb alar və qızın kiçik qardaşına verər, ”sən artıq sabahın gəlinisən, bu günnən ağır oturub batman duracaqsan” deyib qızının üstünə çımxırar...
       
 Toyun borc-xərci və gəlinin "qırxı” çıxmamış "biznesmen” erkək xeylağı "anbar-bazar"ını nəzarətsiz qoymamaq üçün kəndi tərk edib bir-iki həftəliyə Urusetə gedər...
         
Həftə uzanıb aya, ay uzanıb ilə çatar, bəyin get-gedə seyrələn zənglərindən və boş və mənasız mesajlarından başqa heç nə hasil olmaz. On altı yaşlı qız uşağı qucağındakı körpəsiylə yay boyu ər evində tənə-qınaq yeyə-yeyə mal-qaraya baxar, yer bellər, kartof-soğan əkib becərər, payızın girməsiylə qaynana-baldız təcavüzünə məruz qalar, ən yaxşı halda döyülüb saçlanmamış ata evinə qovular...
           
Yaz gələr-gəlməz  "eldən ayıbdı”  nağılından və qohumlar arasında əldə olunan "barışıq”dan sonra gəlin yenidən ərsiz ər evinə gətirilər, gündüzləri tənə-minnət içində həyət-bacayla, toyuq-cücəylə, palaz-malazla, gecələri isə cındırından cin hürkən üst-başıyla, məsum körpəsinin solğun yanaqlarını qarsıyan göz yaşıyla ötüşər...
         
Payız gəlincə... qaynana-baldız cütlüyünün daha da artan hökmranlığı, hər yemək yeyiləndə az qala vərdişə çevrilən təhqir və söyüşlər gəlini yenidən ata evinə qaytarar...
         
 Beləcə... hər ilin  yaz-yay aylarında ər evindəki təhqirlər və nökərçilik, payız-qış aylarında isə ata evindəki ölən arzuların və ilğım xəyalların ürək parçalayan əzabları... Bir də ki, urusetdə avaralanan "biznesmen” ər "gədə”dən ara-sıra gələn "bankrot oldum”, "ziyana düşdüm”, "pulum getdi” kimi bəhanəli xəbərlər... 

Səhərlərin birində sübh tezdən özünü mal pəyəsinin və ya təndirxananın pərdisindən asıb intihar edən gəlinin faciəsi ağlaşmanın müşayəti ilə kəndə yayılar....

Kəndin ot-çayır basmış qəbristanlığında üstü güllü-atlaslı bir gəlin qəbri də artar...

Qız anası hər dəfə qızının qəbri üstə gələndə qəbristanlığın kənarındakı arxda üzən tüklənmiş qazlarına baxa-baxa dərindən ah çəkər, içindəki dərd yükünü qaz tükü kimi yolub havaya sovurmaq istər...

Qəbristanlığa səpələnmiş güllü-atlaslı qəbirlərinin başdaşlarındakı savadsız və cəsarətsiz gəlinlərin baxışlarından cahil və ruhən ölü  "ər”lərin əksi  boylanar...

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az