Qəzada ölən əkiz bacılar: Biri nişanlı, digəri isə universitetə imtahan verəcəkmiş

Qəzada ölən əkiz bacılar: Biri nişanlı, digəri isə universitetə imtahan verəcəkmiş

Dünən səhər saatlarında Sabirabad rayonunun Şəhriyar kəndində pambıq tarlasına gedən bir nəslin altı üzvünün faciəli sürətdə həlak olması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub.
 
Miq.Az-ın Lent.az-a istinadən verdiyi xəbərə görə, faciəyə səbəb olan 24 yaşlı İmanov Xalid Əjdər oğlu hazırda Şirvan Şəhər Xəstəxanasında reanimasiyadadır. Bu barədə hadisədə həlak olan Elnarə Bağırovanın qardaşı Afət Kərimov bildirib.

Onun sözlərinə görə, 6 nəfərin ölümü, 2 nəfərin yaralanmasına səbəb olmuş şəxs komadan ayılsa da danışmaqda çətinlik çəkir və şok vəziyyətindən tam olaraq ayılmayıb. Hadisə zamanı 24 yaşlı traktor sürücüsünün anası da həlak olub.
 
Bir ailənin üç üzvünün həlak olduğu faciədə ölən Fatimə və Zəhra Bagırovalar əkiz bacı olub. Onların anası Elnarə Bağırova da qoşqunun altında qalaraq dünyasını dəyişib. Anasını və iki bacısını itirən 10 yaşlı Əli Bağırov deyib ki, rəhmətə gedən bacılardan biri nişanlı olub. O biri isə on gün sonra ali məktəbə qəbul imtahanına hazırlaşırmış.

Həlak olan Elnarə Bağırovanın qardaşı Amil Kərimov isə bildirib ki, yeznəsi Teymur Bağırov hadisədən xəbərsizdir:
 
"Ona deyiblər ki, anası rəhmətə gedib. Bilmir ki, iki qızı, yoldaşı dünyasını dəyişib. İndi yoldadı, dəfnə çata bilmədi. Pul qazanmaq üçün Rusiyaya getmişdi. İki ay sonra nişanlı qızına toy edəcəkdi, o da belə oldu. Zəhra universitetə hazırlaşırdı. Mayın sonunda imtahan verəcəkdi. Deyirmiş ki, ali məktəbə qəbul olum, qurban kəsərsiniz. Qismət deyilmiş”.
 
Qonşuların sözlərinə görə, Bağırovlar ailəsinin indi iki övladı qalıb:

"Biri qızdı, 9-cu sinifdə oxuyur. Balacası isə Əlidir. 6-cı sinif şagirdidir. Həlak olan əkiz bacılar isə bu il məzun olacaqdılar”.

Hadisə şahidlərinin sözlərinə görə, qəzanı törədən şəxs ikinci dəfədir ki, qəza törədib. Bundan əvvəl də onun traktoru aşıbmış. Bu səbəbdən də Bağırovlar ailəsi Xalid İmanovun sürdüyü traktora minmək istəməyiblər: 
 
"Getmək fikirləri yox idi. Deyiblər ki, Xalid traktor sürə bilmir. Traktoru da təzəcə alıbmış. Naşı olub. Elnarə və iki qızı ilk dəfə baldızıgilə köməyə gedirlərmiş. Hadisəyə səbəb yüksək sürətlə kələ-kötür yolla irəliləyən traktorun qoşqu birləşdiricisinin yerindən çıxması olub. Sürücü traktorun əyləcini basıb ki, "lapet” traktora dəyib dayansın. O da əksinə olub. Lapet kollektora doğru yuvarlanıb. Çünki lapetin sol tərəf təkərləri yoxuşda olub və əyləc basılanda təkərlər göyə qalxıb. Qoşqu traktora dəyərək kanala yuvarlanıb”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az