Qran-Prini 70 minədək tamaşaçı izləyib

Qran-Prini 70 minədək tamaşaçı izləyib
Formula-1 üzrə Azərbaycan Qran-Prisində bu il tamaşaçıların sayı ötənilki ilə müqayisədə 100 faiz artıq olub.

Miq.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov AzTV-də yayımlanan "Günün nəbzi” verilişinə müsahibəsində bildirib.

Nazirin sözlərində görə, təxmini hesablamalarla Qran-Prini 70 minədək tamaşaçı tribunalarda və ayaq üstə seyr edib: "Biz buna çox sevinirik. Faiz nisbətinə baxanda, tamaşaçıların 33 faizi xarici qonaqlar, 67 faizi isə yerli tamaşaçılar olub.

33 faiz böyük rəqəmdir. Onlar 65 ölkənin turist və tamaşaçı qismində iştirak edən nümayəndələri olublar. Bütün şəhər yeni simalarla, qonaqlarla dolu idi. Biz onları hər yerdə - çox maraqlı və çox gözəl məkanlarımızda, Heydər Əliyev Mərkəzində görürdük. Əsas məqsədimiz Azərbaycanı dünyaya tanıtmaq və ölkəyə turistləri dəvət etməkdən ibarət idi. Demək olar ki, əsas məqsədə çatırıq”.

O, Azərbaycan Qran-Prisinin əhəmiyyətindən də danışıb: "Məndə olan məlumata görə, hotellərdə bir dənə də boş yer yox idi. Turistlərdən savayı, bütün əməliyyat işlərində 15 minədək mütəxəssis iştirak edib. Onlardan 1000 nəfərə qədəri yerli ofisin işçiləri, 4000-ə qədəri könüllülərimiz, qalanları marşallar, tikinti işlərini aparanlar və digər şəxslər olub.

Onların böyük qismi xaricilər olublar. Gəliblər, Bakıda işləyiblər, maaş alıblar və onun vergisini ödəyiblər. Turistlərin kütləvi axını isə iqtisadiyyatımız üçün böyük uğurdur. AZAL şirkəti vasitəsilə biletlərin alınması, Bakıya gəlmələri, təyyarələrin dolu olması, bütün nəqliyyat sistemimizin çalışması, xidmətlərin göstərilməsi, hotellər... Bunlar vergi ödəyiblər, işsizliyi aradan qaldırmaqda kömək ediblər. Yəni, Azərbaycan Qran-Prisi bizim üçün çox əhəmiyyətli tədbirdir”.

A.Rəhimov Azərbaycan Qran-Prisini işıqlandırmaq üçün Bakıya 400-dən artıq jurnalistin gəldiyini qeyd edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az