Qürbet qadınları

Qürbet qadınları
ARİFƏ MƏMMƏDOVA
     
Axx, qadınlar, qadınlar! Yaz, yaz, bitməz. Söhbət vəsf eləməkdən getmir, Azərbaycan qadınlarının dərd-sərindən gedir. Burdakıları az-çox bilirik, xəbər-ətərləri çatır. Bəs qürbətdəkilər?

Rusiyada yaşadığım illərdə bu fikrə gəlmişdim ki, vətəndən kənarda yaşayan qadınlarımız haqda bir hekayə yazım, adını da qoyum "Qürbət qadınları”.

Çünki mənim gözümün qabağında yaşanırdı bu hekayələr, acı dramlar, yad məmləkətdə qərib qadınlarımızın faciələri. Tolstoyun fikrini bir az dəyişdirək "Bütün xoşbəxt qadınlar hamısı eyni cür xoşbəxtdi, bədbəxtlərsə hərəsi bir cür”.

Bəli, bu bədbəxt qadınların hərəsi bir cür bədbəxtdi, baxmayaraq ki, vətənlərində hamı onların şad-xürrəm yaşadığını zənn edir.

Vətənindən uzaq düşmüş, bir tikə çörək dalınca ərinə, sevgilisinə qoşulub dərbədər düşən bu qadınları heç bilirsizmi nə gözləyir? Dilini bilmədiyi adamlar, tanımadığı yad ölkə, pəncərədən görünən  uzun -uzadı yağan qar bürümüş ətraf, bu qardan da soyuq münasibət, anasız, bacısız, həmdəmsizlik.

Amma bu saydıqlarım hələ başlanğıcdı, bunlara sinə gərə bilir bizim qadınlarımız, yavaş-yavaş dili də öyrənir, dükan-bazara da çıxır, qonşuyla ünsiyyətə də girir.

Lakin onların yenildiyi bir mövzu var, Sabir demiş:

Tacirlərimiz Sonyalara bənd olacaqmış,
Bədbəxt Tükəzbanları neynərdin, İlahi?!

Hə, bizim qadınlarımız həmin o Sonyalarla mübarizədə həmişə uduzur. Çünki rus qadını onların hamısına Cəfər Cabbarlının Sevili kimi baxır. Mamedləri ələ keçirmək, onları elə öz qadının yanından alıb aparmaq Nataşalara ləzzət edir. Öz həmcinsinin üzərində qələbəsinə sevinir. Mamedlərin onların qarşısındakı zəifliyi özgüvənlərini artırır.

Bax o zaman şirin xəyallarla Rusiyanın ucqar vilayətlərinə üz tutan, ata-anasını atıb ərini tutan, bir ovuc "uruset konfeti”nə aldanıb gözəl gələcək planlaşdıran bizim körpə qadınların xəyalı suya düşür. Şairin dediyi kimi:

Azad bir quşdum,
Yuvamdan uçdum,
Bir bağa düşdüm,
Bu gənc yaşımda.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az