Rauf Arifoğlu üçün heç Müsavat da əbədi dost olmayıb! - Aydın Canıyev yazır

Rauf Arifoğlu üçün heç Müsavat da əbədi dost olmayıb! - Aydın Canıyev yazır
 Aydın Canıyev 

Çörçill öz millətinin mübarizə insanını CƏSARƏTƏ səsləyərək deyirdi ki, qələbə şirin ağzındadırsa belə, başını sal, əldə et!

Elə həmin Çörçill dünya ictimaiyyətinin rəyinə tüpürərək, siyasi HƏYASIZLIQ nümayiş etidrməklə hamıya səslənərək də əlavə edirdi ki, İngiltərənin əbədi dostları yoxdur, əbədi maraqları var!
Çörçilli günün günortaçağı yaddaşımda axtarışa verib aktuallaşdıran... Rauf Arifoğludur. 35 il... pis-yaxşı, yaxşı-yaman, haqlı-haqsiz, oldu-olmadı meydanın tən ortasında cəngi-cidalda olan adam.
Söz azadlığı, insan haqları, siyasi hüquqlar uğrunda mübarizədə adamın nələrdən keçdiyini yazmıram – adam özünə arxiv yaradıb! İstənilən adama açıqdır: girib oxuya bilər!

Siyasi mövqeyindən, mətbu təəssübkeşliyindən də yazmayacam – birmənalı şəkildə həm Rauf Arifoğluna, həm də cəmi siyasi və mətbu cameəyə xas xarakterik keyfiyyətdir: hamı bir-birinə "olmaz”ın "olar”ını deyir, sonra da guya bir araya gəlirlər, bir masada millət, vətən qoruyurlar. Mənim bu məğlətə və şərəşurluqdan əvvəldən zəhləm gedib, heç indi də açıq-aşkar sosial şəbəkələrə də daşınıb yazılıb-silinməklə kompensasiya olunan bu iyrənclikləri çözmək fikrim yoxdur. Dünən mətbu savaşda qəhrəman sayılan Rauf Arifoğlu bu gün vətən xaini elan olunur, sabah millətin taleyüklü məsələlərində birlik adıyla masa başına dəvət olunacaq, o biri gün yenə kimsənin xoşu gəlməyəcək. Və bu, Rauf Arifoğlunun siyasi mətbu düzəni-əxlaqı deyil... təkcə! Ona xain, satqın deyənlərlə sabah bir masada millət adına oturarsa, dəvət alarsa, külli mətbu-siyasi cameə bu gündədir və yaxud da əksinə: istisnasız!

Ölkə müstəqillik dönəmində bir xüsusiyyəti yaxşı əxz elədi, bir işi yaxşı öyrəndi: vətən, dövlət, xalq adına alver yapmağı.
Rauf Arifoğlu hər şeyi hamıdan fərqli etməyi bacardı: hamını masasından – "Yeni Müsavat”ın dar otaqlarından və açıq səhifələrindən keçirtdi.
Qəzet redaktoru olaraq, Əli Kərimli kimi partiya sədrini belə diz çökdürərək çay stolu arxasına dəvətə məcbur elədi, mən hələ qalan şeyləri demirəm!
Onu siyasi addımlarında – təbliğat konsepsiyasında haqsız sayanları bütün arqument və iddialarıyla sıfırlayaraq hikkəsini sərgilədi!

Uzun zaman iddiası holdinq yaratmaq olan Rauf Arifoğlu bu gün bunu əldə edib!

Bu gün həm də ayrı bir iddiayla var: millətin vəkili olmaq! Bunu özünün xalq, dövlət, vətən, mətbu və siyasi mübarizədə xidmətlərinə görə haqqı bilir.
Mən dəlmə-deşik axtarıb komplo ilə dəyərləndirməyəcəm, amma məxsusi vurğulayıram: adam istəklərinə mütləq və mütləq çatır – türmələr, təhqirlər, həbslər, əleyhinə olan kampaniyalar, sosial şəbəkələrdəki saldırılar vecinə deyil!
Adam irəliləyir – tabuları, totemləri dağıdaraq!
Adam əldə edir – "mümkün deyil” deyənlərin acığına!
Adam adamların ipini ələ keçirir – hətta onun əleyhinə olanları belə əleyhinə danışdırmaqla dividend qazana bilir.
Mən Rauf Arifoğlunun bunu hansı yollarla əldə etdiyini çözməyəcəyəm: atası yarıkalmık-yarıçuvaş, anası alman qarışıqlı yəhudi Vladimir İliç Ulyanov deyirdi ki, siyasət mümkün olanı əldə etməkdir.
Və bu yazını bir incə məqama görə yazıram: Rauf Arifoğlu savaş açdığı cəbhələrdə qarşısında heç vaxt "çestnıy i çistıy” rəqib görməyib – yalanla qalib olanlara elə öz üslubunda qalib gəlib!
Qələbə şirin ağzında olubsa da, başını o şirin ağzına salıb, qələbəsini əldə edib!
Rauf Arifoğlu üçün hətta heç Müsavat da əbədi dost olmayıb!
Və bu gün... qələbə qazanmaq üçün həqiqətə qalib gəlməyi lazımdır, həqiqətlə qalib olmağı lazımdır!
Özü də, seçki kampaniyasına qoşulanları da etiraf edər ki, uzun illər mətbu düşmənçiliyimiz zamanı mən heç vaxt Rauf Arifoğlunun savaşlarında və Rauf Arifoğluyla savaşda şəxsi mövqeyimdən çıxış etməmişəm! Öz pozisiyimda da uduzmamışam. Hər zaman, HƏTTA Heydər Əliyev və İlham Əliyevlə savaşda özünə yetdik, komandasına bəs edəcək qədər qələbə qazanan Rauf Arifoğlunun əleyhdarlarına qoşulub qurşaqdan aşağı ittihamlarla üstünə bu gün ona görə getrmirəm ki, ən azından millət vəkili seçilərsə, Əflatun Amaşovluq, Bəxtiyar Sadıqovluq və Aynur Camalqızılıq eləməz inamındayam!
Amma və lakin... Rauf Arifoğluna – Milli Məclisdə mətbu təmsilçimiz olmaq iddiasında olan həmkara məhz bu savaşda yalnız və yalnız həqiqətlə qələbə arzulayıram... ona olan ittihamları sıfırlamaq üçün!
Çünki... Rauf bəyin namizədliyini irəli sürdüyü dairədə rəqibi həm də onun, mənim, bizim, seçicilərin dostu İqbal Ağazadədir – bu dairədən deputat olmuş, deputat seçilsə də, haqqı yeyilmiş siyasi həqiqət: mən, idman diliylə desək, Rauf bəy "təmiz qələbə” qazanarsa təbrik edərəm, indi həmkar olaraq isə, siyasi xəttini, mövqeyini, mübarizəsini dəyərləndirdiyim İqbal Ağazadənin tərəfində durmağıma baxmayaraq, qələbəsinin əleyhinə PR texnologiyalarının və imic savaşının qurşaqdanaşağı priyomlarından yararlanmıram. Ki... sabah o da deyə bilməsin: siz təmiz oynamadınız!
Təmiz qələbə olacaqsa, Rauf Arifoğlu həm də elə bizim millət vəkilimiz olacaq! Özü demişkən, "Araz Əlizadəlik” bitdi. Araz Əlizadəlik bitməyəcəksə, bir də olacaqsa, təkraralanacaqsa, əlbəttə ki, demokrasidə çarə tükənməz!
Oyunçu apar... masın, qoy həqiqət qalib olsun!
YAZIYA SÖZARDI: Siyasi mübarizə qaydalarını öyrəndiyimiz demokratik ölkələrdə bütün seçki komandasının beyin mərkəzi olur, elə də gözəl təbliğat priyomları tapırlar ki, rəqibi nokauta və həm də şoka salırlar. Azərbaycan bu baxımdan yetkin deyil. Azərbaycanda ən dəb olanı budur: "döyür, hələ bir ağlamağa da qoymur!” İqbal Ağazadəylə Rauf Arifoğlunun alternativ namizədliyə iddiasını ortaya qoymasını əksəriyyətinin fikrindən fərqli olaraq, həm də o baxımdan gözəl sayıram ki, uduzsa, dostuna uduzacaq, babalı öz boynuna, bilə-bilə Xətaini seçib, hakimiyyəti də saxtakarlıqda ittiham edə bilməyəcək, udsa, təbrik edəcəyik, yox, "oyunçu” kimi aparsa, seçkidə və seçki üçün "VAR”ıq, VAR kimi davranarıq...

SON: Əli Həziquliyevin gözəl bir sözü var: addım atanda dostları da fikirləşin, onları pis vəziyyətdə qoymayın! Əlbəttə ki, mən ürəkdən istəyərdim Rauf Arifoğlu deputat olsun, amma və lakin... ayrı dairədən!
Çünki indi mən yalnız onun məğlub olmaması üçün yazmıram...

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az