Rəhim Qazıyev hansı haqla qazilərə ÇAĞIRIŞ etməyə qalxır?!

Rəhim Qazıyev hansı haqla qazilərə ÇAĞIRIŞ etməyə qalxır?!
Nazim Bayram
Qarabağ Qazisi
Keçmiş səhra komandiri
 

 Bir müharibə veteranı kimi məni Rəhim Qazıyevin 2 noyabrda "qazilərə çağırışı”  hiddətləndirdi. Rəhim Qazıyev hansı haqla qazilərə çağırış etməyə qalxır?! Bəlkə düşünür ki, qazilər onun necə vətənpərvər və necə müdafiə naziri olduğunu unudublar? Ya özü unudub? Onda xatırladaq və müharibənin, geniş xalq üçün, qaranlıq qalmış dönəmlərinə bir daha işıq salaq.

 Şəxsən mən və düşünürəm heç kəs, R.Qazıyevin müdafiə naziri kimi döyüş idarəçiliyini görməyib. O, daha çox maddi təminat-təhcizat üzrə müavin kimi fəaliyət göstərib. Bir işi də batalyon komandirlərini barışdırmaq olub ki, nəticədə komandirlərin və dəstələrin arasında ədavət daha da dərinləşib, qarşıdurmalara yeni dəstələr cəlb olunub.  

1992-ci ilin əvvəlində R.Qazıyev Xalq Cəbhəsinin liderlərindən biri kimi Şuşanın müdafiəsinə yollanmışdı. Fevralın 25-dən 26-a keçən gecə Xankəndindən erməni-rus bölmələri texnika və artilleriyanın dəstəyi ilə Xocalıya hücuma keçmişdi. Bu zaman R.Qazıyev Şuşada idi. O, Xocalının vəziyyətini yaxşı bilir və həmin gecə yerli əhalinin kömək fəryadlarını telefonla və radiorabitədə öz qulaqları ilə eşidirdi. R.Qazıyevin ətrafındakı döyüşçülər ondan Xocalı ətrafında cəmləşmiş düşmənə Şuşadan artilleriya zərbəsi endirməsini xahiş və tələb etsələr də, həmin gecəni Şuşadan erməni tərəfə bircə mərmi atılmamışdı. Gecə yarısı isə Xocalıyla əlaqə kəsilmişdi. Bu bir neçə quru cümlədə nələr ifadə olunduğunu Vətən, millət üçün ürəyi yanan hər kəs anlayar. Bu günə kimi R.Qazıyev nə xalqa, nə indi çağırışlar etdiyi qazilərə bu cinayətkar fəaliyətsizliyinə izah verməyib və adəti üzrə, mövzunu dəyişərək, suallara konkret cavab verməkdən boyun qaçırır. Hərçənd, cavabsız da aydındır ki, sərəncamında  artilleriya və sursat olan hər bir qeyrətli azərbaycanlı radioefirdə mühasirədə qalan qız-gəlinin yalvarışlarını eşidən an düşmənə var gücü ilə atəş endirərdi. Ancaq o, bunu etmədi. Beləsinin arxasınca qazilər gedərmi?

Son dövrdə bəzi internet-tv-də Rəhim Qazıyevə ictimai reabilitasiya qazandırılmasına çalışılır. Texnologiya çox bəsitdir və manipulyasidan ibarətdir- R.Qazıyevə qarşı yol verilən bəzi hüquqi haqsızlıqları qabardıb, əsl günahlarını və xəyanətlərini də onların "gözünə qatıb”,  ona bəraət qazandırmaq, eyni zamanda onun necə "uğurlu müdafiə naziri” olması təsəvvürünü yaratmaq. Bu kampaniya(lar) müharibə tarixini bilməyənlərə, o zamanı görməyənlərə hesablanıb və  əslində həqiqət parçalarından calaşdırılmış yalanlardan və məqsədyönlü yozmalardan ibarətdir. 
                                                 
                                       Cəbhədə məğlub düşməyimizin əsas səbəbləri
 
Əvvəllər də demişəm və isbat etmişəm, hazırda da isbat etməyə hazıram-  "milli hökümət” və onun hərbi naziri R.Qazıyev Qarabağ, Qərb və Naxçıvan cəbhəsində real vəziyətdən, cəbhənin haradan keçməsindən, h/h-ə və dəstələrin döyüş mövqelərindən bixəbər olublar. Ölkə rəhbərliyi və R.Qazıyev hərbi planlarla hesablaşmadan düşmənlə atəşkəslər bağlayır, danışıqlar aparır, bizim mühüm strateji hücumlarımızı döyüşün ortasında dayandırır və onların istiqamətini ziyanımıza dəyişirdilər. 

Onun necə nazir olmasına dair bir neçə konkret faktlar.

1992-ci ilin may ayında Xocavənd rayonu (bizdə üç kənd idi- Əmirallar, Muğanlı, Kuropatkin) yarı-mühasirə şəraitində özünümüdafiə dəsətələri tərəfindən qəhramancasına müdafiə olunan zaman Müdafiə Nazirliyinin xəritəsində işğal olunmuş kimi qeyd olunmuşdu. Bu necə hərbi idarədir ki, hələ müharibənin az intensiv vaxtında cəbhədəki vəziyətdən bixəbər idi?
                    
Hansı məntiqlə 1992-ci ilin mayında Xocavənd cəbhəsini dəstəsiylə birlikdə özbaşına tərk etmiş Əlikram Hümbətov bir neçə aydan sonra Rəhim Qazıyevin müavini təyyin olundu? Buna siz ad verin.
                           
                     
Rəhim Qazıyev, sizin qazilərə çağırış etməyə haqqınız yoxdur!
 
1992-ci ilin iyununda Sürət Hüseynovun təşkil etdiyi ordumuzun yay-payız hücumu ölkənin siyasi rəhbərliyi tərəfindən Ağdərədə natamam dayandırıldı və qoşunlar Laçın dəhlizini bağlamağa göndərildi. Bu zaman (sentyabrın 25-i) Soçi şəhərində R.Qazıyev Rusiya müdafiə naziri  P.Qraçovun vasitəsilə erməni həmkarı ilə atəşkəs bağladı. Necə olur, qoşunlarını əsas hücum istiqamətindən götürüb, üzü qışa dağlara dəhlizi bağlamağa yollayırsan, özün isə gedib arxamızda düşmənlə atəşkəs bağlayırsan? Belə "hərbi liderin” arxasınca qazilər gedərmi?

Uğurlu hücum getdiyi zaman hərbi əməliyatların istiqamətinin dəyişdirilməsi və bu cür anlaşımaz atəşkəs pauzaları yalnız düşmənin maraqlarına xidmət edirdi və 1992-ci ildə müharibəni qələbəmizlə başa çatdırılmasını əngəllədi. 

1992-ci ilin sentyabr ayından başlayaraq, 2 korpusun rəhbəri S.Hüseynov korpusun ehtiyat qüvvəsini hazırlayırdı. 10 minlik ehtiyat qüvvəsi 1993-cü ilin mart ayında döyüşə tam hazır vəziyətdə Xankəndinə zəfər hücumuna keçməli idi. Lakin 92-nin dekabrında cəmi 4 min 500 nəfərlik qüvvə hazır olan kimi, Rəhim Qazıyev  heç bir hərbi zərurət olmadan,  bu batalyonları atdı mənasız Ağdərə və Fərrux hücumlarına. 1993 yanvar hücumları cəbhədəki xəyanətlər nəticəsində uğursuz başa çatdıqda isə, R.Qazıyev ordusunu ağır ayaqda atıb, istefa verdi. Belə  "komandanın” çağırışına qazilər səs verərmi? 

Təəsüf edirəm ki, R.Qazıyev ahıl yaşlarında bunları özünə xatırlatmalı oldu.

Miq.Az

                                  


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az