Romançılıqda vahidlikVahid-romançı

Romançılıqda vahidlik və Vahid-romançı
Aydın Canıyev

və yaxud Milli kimlik dastanı haqqında anladıqlarımızın icmalı

Hər yeni gün bir yeni imza, tanınan imzaların hər gün yeni bir yazısı artıq günün menyüsünün dəyişməz deserti, qəlyanaltısı, çərəzi, ləziz təamı və sairə çevrilib. Qloballaşan dünyanın Azərbaycanın orbitindən xaricdəki evrənsəl təbəddülatları bütövlükdə dünya düzənini formalaşdırmağa müəyyən qədər xidmət etsə də və özü də "dünya kukla teatrı"nın mahir rejissoru tərəfindən qənaətbəxş sayılsa da, bu, "təbii proses" adı altında törədilən süni fəlakətlər - "ədəbi zəlzələ"lər, "vulkanik püskürmə"lər, "mənşəyi bilinməyən yeni xəstəlik"lər kifayət qədər ciddi şəkildə və nüfuzedici səviyyədə hətta məhəlli yaşamın özündə belə iz saxlayır. Diqqətli oxucu-vətəndaş şahiddir ki, ədəbi tənqidin və ümumilikdə yaradıcılıq emalatxanasının həqiqi və psevdopatriotları bəzən prosesləri proqnozlaşdırmağa, tənzimləməyə və yaxud da proseslərdən düzgün nəticə çıxarmağa çeviklik nümayiş etdirə bilmirlər: intellektual bilgilər və siyasi səbat doğru seçimə yetərli deyil. Gürcüstanın prezidenti və həm də bir ara SSRİ xarici işlər naziri olmuş Eduard Amvrosiyeviç Şevardnadze demişkən, hadisələr diplomatiyanı qabaqlayır. Ancaq bir məqam da var ki, hər zaman olduğu kimi, bizim də yaşadığımız dönəmdə birbasa və dolayısı ilə müəyyən ipucu verən işıqlı insanlar, ziylılar, praqmatiklər olub, var, olacaq. İş ondadı ki, cəmiyyət bundan nə götürə bilib, bilir və biləcək, baxmayaraq ki, Azərbaycanın ədəbi mühitində bir elə də kürəsəl proseslər müşahidə olunmur, əksinə, bir sönmüşlük var...

Əlimə Vahid Məmmədlinin "Atropatena dastanı" adlı epos-trilogiyası düşdü. Əsər haqqında fikirlərimi bölüşməzdən öncə, müəllifini təqdim etməyi vacib sayıram. Çünki nadir məqamlardandır ki, əsərlə bərabər gərək həm də müəllifin şəxsini oxuyasan.

Vahid Məmmədli
 
Vahid Məmmədli yeni imza deyil, amma həm də naşı oxucunun anlamayacağı bir imzadır. Vahid Məmmədlinin haqqında danışacağım epos-trilogiyasını oxumağa səbr və və bu əsəri dərk etmək üçün ilk növbədə müasir ədəbi və siyasi dünyanın tərkibindəki cərəyanlara və yaratdığı olaylarına ciddi bələdliyin olmalıdı - Vahid Məmmədli xam və naşı oxucunun müəllifi deyil! Üstəlik də vizualda "qloballaşan, dünyaya inteqrasiya edən, sosiallaşan" qocalı-cavanlı toplumun birinci olaraq folklordan - mifologiyadan bilgilərini tarixi faktlar zənginləşdirməlidir, hələ bir üstəlik coğrafiyadan ensiklopedik məlumatı olmalıdır. İnanın ki, bütün bunlar da yetərli deyil. "Atropatena dastanı"nı anlamaq, dərk etmək, eyni zamanda ondan qürurlanmaqdan başqa, həm də təbliğ etmək üçün milli kimliklə yanaşı, vunderkindlik də yardımçı olmalıdır. Fentezi janrının imkan verdiyi bütün şanslardan yararlanaraq epos-trilogiyanı qələmə almış Vahid Məmmədli Hollivud üçün "ən bahalı film"in ssenarisini qələmə almışdır. Və... "Atropatena dastanı" bizim milli kimliyimizin - ilkinindən ilk olanımızın təqdimatından öncə, müəllifin özünün də özünü təqdimatıdır! Manna, Midiya, Atropatena qədər keçmişdən, islamdan əvvəldən boylanan Vahid Məmmədli düşüncə baxımından nə qədər qədim-qayımdırsa, yazı üslubuyla və janr seçimiylə bir o qədər də gələcəyə adlayan "ədəbi qəhrəman"dır.
Vahid Məmmədlinin bu epos-trilogiyasını sadaladığım bilgi xüsisiyyətlərindən başqa, oxuyub tam anlamaq üçün gərək həm də ilk növbədə onun özünün yazdığı hekayələri, povestləri və romanları oxuyasan. Əks halda, "Atropatena dastanı" və müəllifi bütün sehrini itirmiş olar!

Çünki "Atropatena dastanı" elə tarixin sehridir, düşmənlərin məkrinin və cadugərliyinin qurbanı olan möhtəşəm Midiyanın, Atropatenanın möhtəşəmlik sirridir.
Vahid Məmmədlinin "Milanda ölüm" kitabındakı eyniadlı povesti, "Mən qatarları sevirəm", "Fransız qadının yuxusu" hekayələrini bir yerdə və ardıcıllıqla oxuduqdan sonra Azərbaycanın tam bir 50 illik həyatına səyahət etmiş olursan - adamlarının həm bir-biri ilə, həm də dünya ilə təması, düşüncələri, yaşam tərzi, riayət etdiyi əxlaqi-etik normalar istənilən doğmaya və yada bəlli olur, ölkə və adamları haqqında vizit vərəqinə çevrilir. Bu arada ədəbi kriteriyalardan kənara çıxıb şəxsi təqdirimi əlavə etmək istəyirəm: ədəbiyyat, mədəniyyət, incəsənət həm də xalqın və dövlətin təqdimatını sərgiləməlidi. Əcnəbi bizim obrazımızı, düşüncəmizi bizi görmədən də tanımalı, bələd olmalıdır! Bu baxımdan öz payıma Vahid Məmmədlini təbrik edirəm, o ayrı söhbətdir ki, gec-tez ədəbiyyat da bu mübarək imzaya öz minnətdarlığını ifadə edəcək! Ən azından Vahid Məmmədlinin təqdim etdiyi Azərbaycan və azərbaycanlılarla istənilən rusun, ingilisin qabağına çıxmaq olar.
Yeri gəlmişkən deyim ki, Vahid Məmmədlinin əsərləri Rusiyada, Türkiyədə, İngiltərədə, Fransada, Avstriyada, Almaniyada, Yunanıstanda, Çexiyada, Hindistanda, Misirdə və digər ölkələrdə çap olunub.

"Albaner"

Epos-trilogiyanın ilk kitabı olan "Albaner"də qədim Albaniyanın varoluşu, fədakar insanı-cəngavəri, xilaskarı haqqında əhatəli təqdimatdır. Baş verən proseslər, aparılan mücadilə, tarixi qonşuluqdan yana yaşanan əzablar və milli qəhrəmanın məğlubedilməz obrazı elə rahatlıqla həzm olunur ki, hiss etmirsən ki, roman oxuyursan. Və ən maraqlı məqamlardan biri də əsərin yazılış üslubudur: hər şey gözünün qabağındadır. Üstəlik də Vahid Məmmədli "Milanda ölüm" kitabının üz qabığında yazdığı fikrə ilk növbədə məhz özü əməl edir: "ədəbiyyatda yalnız bir qanun var: oxucunun ürəyinə yol tapa bilmək".
Oxucu Vahid Məmmədliyə qoşulub Qədim Albaniya qəhrəmanı - çar Vaçaqanın oğlu Albanerlə birgə bütün məhrumiyyətlərdən və qələbələrdən keçir. Hətta "oxucu patriotluğu, vicdanı, sədaqəti" prosesdən bir an kənarda qalmağı özünə ar bilir. Sanki... prosesdən kənar qalsa... oxumağı yarımçıq saxlasa, Albaniyamızın -çarlığı ələ keçirmiş xain Şamonun, cadugər Nadovarın, onun ifritə arvadı İfritənin, Nersunun əlində məhv olacağı labüdləşəcək, Albaner üçün Oğuzluq, Harunluq etməkdən, əsrlərin bu üzündən tarixin döyüş səhnəsinin tamaşaçısı kimi lazımi dəstəyi verməkdən qaçmaq olmur!

Bax, bu məqamda bir ştrixə diqqət yetirmək lazımdı: istənilən əsərin ilk cümləsindədi uğur: "Anna Karenina"dakı kimi. Mənim üçün "Albaner", eləcə də "Atropatena dastanı" məhz elə "ilk cümlə"nin sehriylə başladı, əks halda bu eposu-oxumağa məni heç kim və heç nə vadar edə bilməzdi: "Zaman o zaman idi ki, Qafqaz Albaniyası Kiçik Midiya dövlətinin tərkibində idi. Çar Vaçaqan ölkədə xristianlığı qəbul etdirmək istədiyindən sehrbaz kahinlərin əli ilə öldürüldükdən sonra..."
Bəli... milli kimliyindən xəbəri olan, öz tarixinə hörmətlə yanaşan, xalqının folkloruna bələd olmaq istəyən, onun mifologiyasına sayğı bəsləyən hər bir oxucu-vətəndaş bundan sonra laqeyd qala bilməz. Laqeyd qalsa... xəbərsiz olacaq!

Xəbərsiz olacaq ki... sahiralı müdrik Viriqab xalqla dövlətin uğraşmasını, xalqın onu fəlakətdən xilas etmiş qəhrəmanına ədalətsiz münasibətini necə dəqiq ifadə edib: "Onlar müti və etinasız davrandılar. Məncə, dünyadakı ən böyük pisliklər də elə bundan başlayır".
Əsrlərdən o yana da həqiqət belə idi, əsrlərdən bu yana da həqiqət elə bu olacaq: "Kral səni qəhrəman elan etdisə, hamı səni qəhrəman bilib alqışlayacaq, yox, əgər kralın qəzəbinə tuş gəldinsə, ən böyük qəhrəmanlığının da üstündən xətt çəkilib cani elan olunacaqsan".
Məqamı çatıb, amma bir az da qabağa gedib deyirəm: "Kitabi-Dədə Qorqud" dastanının qəhrəmanlarıyla dünya arenasına çıxmaqdansa, elə Albanerlə, Atropatla, onların dostları Oğuzla, Harunla, İsmayılla xalqı, dövləti, keçmişi və gələcəyi təmsil etmək daha əfzəldi!
Bölücülükdən, bığlarını yağa batmaqdan qoruyub, mənsəb üstündə torpaqları qanla sulayıb bir-birini qırıb çatmış məliklərdən, yalıncıqlardan dastan qoşmaqdansa, qəhrəmanlıq və müdriklik  simvolu olan dastan ,bir Azərbaycan - Atropatena eposu yazmaq daha yaxşıdı.
Düzdü, istər "Albaner"ə, istər "Qazaka"ya (ikinci kitab), istərsə də "Atropat"a (üçüncü kitab) bu günün prizmasından baxanda tarixi uyğunsuzluq və coğrafi koordinat yanlışlığı eşələyib tapmaq olar, ancaq nəzərə alaq ki, bu fentezi janrının lüksüdür.
Məhz bu janrın imkanları keçmişimizin xəyallarını və gələcəyimizin ideallarını formalaşdırır!
Özümüzə ləyaqətli keçmiş və şərəfli gələcək haqqımızı tanımaq, eyni zamanda ləyaqətli keçmişimizi tanıtmaq və gələcəyimizi şərəflə yaşamaq üçün Vahid Məmmədlinin bu alicənab düşüncələrini dəyərləndirməyi özümüzə borc bilməliyik.
Müasir dövr ədəbiyyatında arada tarixi janra müraciətlər də olur. Fəqət, hələ də sanballı bir bədii əsərə rast gəlməsəm də, fentezi janrında yazılmış ilk romandaca qane olduğum əksər məqamları həm də ümumilikdə təqdirəlayiq sayıram! Fakt isə budur ki, artıq altı ildən çoxdur bu əsər yazılıb və oxuculara təqdim olunub. Doğrudur, nə Albaner, nə də "Atropatena dastanı" öz layiqli qiymətini almasa da, biz əsərdə yazılana inanırıq: "bu dünyada hələ heç kim başqasının qismətindən bəhrələnə bilməyib. Hərənin öz qisməti var".
Kim bilir? Bəlkə də "Kitabi Dədə Qorqud”dan da öz dövründə çoxlarının xəbəri yox idi...Amma "Atropatena dastanının” bu gün dunya klassiklərinin ən möhtəşəm əsərləri qədər dəyərli, həm tarixi, həm də ədəbi baximdan Azərbaycan üçün qürur mənbəyi olması ona dəlalət edir ki, zaman öz sözünü deyəcək, əsrlər boyu hər bir özünü dərk edən yüksək dəyərli intellektualların müdriklik dastanına çevriləcək bu əsərin fenomenal müəllifinin layiqli qiyməti veriləcək,  tarixdə yaşayacaq adına qısqanclıq etməyənlər isə onun müasirləri olmaları ilə fəxr edəcəklər... 

 "Bəzən hər şeyə qadir olanlar adi bir varlığın da qarşısında aciz qalırlar ". Vahid Məmmədlinin trilogiya boyunca bir çox müdrik və fəlsəfi fikirləri var ki, o fikirlərə təsdiqi elə dastandaca verir. Sitat gətirdiyimiz bu fikir də bütövlükdə həm Albanerin Sahiradan məğlubedilməzlik tacını əldə etməsində, həm də Qazakanı fəth etməsində özünü büruzə verir.  

"Qazaka 
... cənnətdi, amma bura ayaq basanlar üçün cəhənnəm".
Əslində indi də heç qədim Albaniyanın və Midiyanın varisi olan Azərbaycanda vəziyyət bundan fərqli deyil. İndi dı cənnət Azərbaycan günü –gündən gücləndikcə bunu həzm edə bilməyən düşmənlərimiz anlayırlar ki,  düşmənçilikləri ilə həyatımızı cəhənnəmə döndərə bilməyəcəklər...Özləri cəhənnəm əzablarına düçar olacaqlar...
Qazaka uğrunda və burada baş verən prosesləri çözmədən iftixar duyulası bir məqamı vurğulayım: mövcud ədəbiyyatda, istər sovet dövründə, istərsə də müstəqillik dönəmində Azərbaycanımızın yazıq görkəmi-obrazı məni həmişə üşəndirib. Sevinirəm ki, Vahid Məmmədli bizim fateh cəngavərlərimizin də olduğunu və bizim də qalib olduğumuz yürüşləri ədəbiləşdirib. Axı, nə qədər qaçaq-quldur qəhrəmanlığıyla fəxr edəcəyik, nə vaxtacan istila-təcavüz qirbanı omaq olar?! Həyatdakılar bəs eləmir ki, ədəbiyyatı da mütilik və laqeydlik üstündə kökləyirik?!
Daha bir məqam isə mifoloji təfəkkürümüzdə yer almış "dərya atları"nın qəhrəmanlıq salnaməsində şücaətləri bu əsərdə də uğurla verilmişdir.
Albaniya, Qazaka və bu cütlüyü tamamlayan müasirləri Atropatena...

"Atropat"ena
... hər bir insanın həyatında həlledici anlar olduğu kimi, hər bir xalqın da, dövlətin də taleyində belə an olur. Maraqlıdır ki, bu fikir də Vahid Məmmədlinin əsərində yer alan fikirlərdəndir və gözəl də təsnifatlandırıb.
Atropat obrazı öz cəngavərliyinə, mükəmməlliyinə və mübarizliyinə görə heç də Albanerdən geri qalmır və Qazakanın taleyində dönüş yaratmaqda Albanerin qədim Albaniyanın taleyində oynadığından az rol oynamır, onun çar Vaçe üçün göstərdiyi sədaqətdən heç də az sədaqət göstərmir. Əksinə daha böyük və daha möhtəşəm bir coğrafiyanı artıq məhv edilmiş "Zülmət gecə" ordeninin tör-töküntülərinin əliylə məhvinin qarşısını alır. Halbuki daha böyük güclərin - qabaritləri, normal ölçüləri həddən aşmış dəvələrin-tambukanların, eşşəkarılarının, odağızlı uçan əjdahaların, qanadlı ilanların öhdəsindən gəlmiş Albanerin sonra iki dılğır müridə qurban getməsi, əlbəttə, tarix üçün ləkə olardı və bir daha və yenidən Vahid Məmmədlinin fikri doğru olardı:"Bəzən hər şeyə qadir olanlar adi bir varlığın da qarşısında aciz qalırlar ".
Nə yaxşı ki, romançılıqda vahidliyin - bütövlüyün ilk nümunəsini ortaya qoyan Vahid Məmmədli professional romançı xarakteri sərgiləyə bilmişdir!
Ən azından müəllif kimi!
Və mən Vahid Məmmədlinin ard-arda, birnəfəsə oxuduğum üç kitabını sona çatanda bir daha "Atropatena dastanı"na qayıtdım:

- ... hakimiyyət də, güc və var-dövlət də kainatın ən ali hissi və neməti olan sevgi uğrunda qurulub, əldə edilib. Yalnız əsl sevginin dadını duyanlar və əsl sevgiyə təslim olanlar fövqəlbəşər olurlar!
SON SÖZ ƏVƏZİ: Vahid Məmmədlini bütöv oxuduqda gəlinən son qənaət bu olur: "Biz azərbaycanlıyıq! Biz odlar yurdunun övladlarıyıq! Biz məğlubedilməzlərik!"
Əsas bu hissə, bu düşüncəyə çatmaqdı, sahiblənməkdi. Həyata keçirib tətbiq etmək üçün Albaner kimi müdrik olub məqsədi vasitəyə qurban verməmək yetər!
 
Miq.Az
 







İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az