Rusiya işğalçını təzədən dirçəldir – Bakıya kontur-reverans?

 Rusiya işğalçını təzədən dirçəldir – Bakıya kontur-reverans?
Öz satellitinə təzyiq əvəzinə, qayğısını artıran Moskva həqiqətənmi bizim strateji tərəfdaşımızdır?  

Apreldə işğalçı erməni ordusunun "məğlubedilməzlik” mifi darmadağın olandan sonra ümid yaranmışdı ki, Qarabağ məsələsində çoxdan gözlənilən irəliləyiş, nəhayət, reallaşacaq. Bu ümid də ən əvvəl onunla bağlı idi ki, apreldəki atəşkəs məhz Rusiyanın bilavasitə vasitəçiliyi və erməni tərəfinin xahişi ilə baş tutmuşdu. 

Əks halda, o vaxt Azərbaycan Ordusunun qısa zamanda ən azı iki rayonu azad edəcəyi barədə heç kimdə illüziya yox idi. Ümumiyyətlə, ciddi hərbi ekspertlərin hamısı bilir və etiraf edirlər ki, Ermənistanın arxasında Rusiya amili durmasa, Azərbaycan öz ərazilərini kiçik bir zaman kəsiyində işğalçı qüvvələrdən təmizləyər.  

Картинки по запросу
    
Əfsus ki, böyük müharibəni önləyəcək sülh anlaşması yönündə aprel fürsəti də qaçırıldı. Bunun da əsas baiskarı əlbəttə ki, Rusiyadır. Çünki vasitəçi dövlətlər arasında konfliktin həlli üçün real rıçaqlar hələ də məhz onun əlindədir. O Rusiya ki, özünü neytral vasitəçi kimi təqdim eləməyə çalışsa da, faktiki, işğalçının əsas siyasi-hərbi müttəfiqi olaraq qalır, onun şəriki kimi çıxış edir. 

Görünür, bu üzdən də Moskva əlindəki həll rıçaqlarını işə salmağa tələsmir. Hərgah, belə qənaət də var ki, Kreml Azərbaycandan istədiyini hələ tam ala, onu özünün perspektivsiz Avrasiya layihələrinə qoşa, sülhməramlı adı altında Azərbaycanda hərbi qüvvə yerləşdirə bilmədiyi üçün Qarabağ ixtilafını da çözməyə həvəs göstərmir. 

Doğrudur, 4 günlük aprel müharibəsindən sonra Moskva həqiqətən siyasi-diplomatik səyləri artırdı. Hətta hansısa "Kazan sənədi”nin (ona "Lavrov planı” da deyirlər) masa üzərində olduğu, prezidentlərin Peterburq görüşündə isə Moskvanın mərhələli həllə start verdiyi deyilirdi. 
Картинки по запросу , prezidentlərin Peterburq görüşü

Görüşdən sonra Azərbaycan rəsmiləri, o cümlədən Novruz Məmmədov bu barədə açıqlama da vermişdilər. Lakin maraqlıdır ki, Rusiya XİN-in sözçüsü i Mariya Zaxarova o zaman bu kimi fikirlərə dərhal sərt reaksiya sərgiləyərək, faktiki, onları yalanlamış, Azərbaycan rəsmilərini təkzib etmişdi. 

Ardınca prezident V.Putinin Bakı səfəri ərəfəsi AZƏRTAC-a verdiyi məlum müsahibədəki mövqe  ("Bu, elə həll olmalıdır ki, heç kim özünü qalib və ya məğlub saymasın”) və Ermənistan prezidenti Serj Sərkisyanın Moskva səfəri göstərdi ki, Rusiya konfliktin həllində sıçrayış etmək niyyətində deyil, status-kvonun saxlanması tərəfdarıdır və Peterburq görüşü də əslində şimal qonşumuzun məsələdə əsas söz sahibi olduğunu Qərbə göstərmək üçün sırf güc nümayişi imiş.

İstənilən halda acı gerçək belədir ki, yenə məhz Rusiyanın "sayəsində” sülh danışıqları tormozlanıb və "Qarabağ yükü” bir az da ağırlaşmış şəkildə növbəti ilə ötürülür. Bu harasıdır. Diqqətçəkicidir ki, aprel döyüşlərindən sonra Moskva öz satellitinə sülh naminə təzyiqləri artırmaq əvəzinə, qayğısını artırıb: işğalçı ölkənin iqtisadiyyatını dirçəltməyə çalışır, ona iqtisadi yardımları artırıb, təbii qazın qiymətində endirimlər edib, 200 milyon dollarlıq kredit çərçivəsində müasir silahları nəhayət, verməyə başlayıb; Ermənistanın hava məkanını öz nəzarətinə götürüb, ən qorxulusu, ona bölgədə hərbi balansı poza biləcək və nüvə başlığı daşıya biləcək "İsgəndər M” operativ-taktiki raket kompleksi verib, ortaq hərbi təlimlərə başlayıb, indi də Ermənistanla vahid ordu yaratmaq layihəsi gündəmə gəlib (Putin artıq buna "dobro” verib).   
Картинки по запросу Kreml
    
Sadalananlar əlbəttə ki, təcavüzkarı ağır aprel sindromundan çıxarmaqla yanaşı, onu Azərbaycan qarşısında dirçəltməyə xidmət edir və sözsüz ki, Rusiyanın neytral, qərəzsiz vasitəçilik missiyası ilə bir araya sığmır. Kremlin faktiki, Qarabağ danışıqlarını təzədən sabotaj edən bu siyasəti, apreldən sonrakı yalan vədləri təbii ki, onun "Azərbaycan bizim strateji tərəfdaşımızdır” kimi bəyanatları ilə də bir araya sığmır və təbii ki, rəsmi Bakıda haqlı  qıcıq doğurmaya bilməz.

Картинки по запросу İlham Əliyev Füzulidə
Təsadüfi deyil ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələri Ali Baş Komandanı İlham Əliyev Azərbaycanın müstəqillik tarixindəki ən iri təlimlərin başladığı gün – noyabrın 12-də, həm də işğalçı qüvvələrdən cəmi 200-300 metrlik məsafədə açıq mətnlə bəyan elədi ki, "Ermənistan rəhbərliyi ağlını başına yığsın və... başqasının gücünə güvənməsin”, "Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, biz onu məhv edə bilməyək...”

Aydındır ki, bu, təkcə işğalçıya deyil, həm də onun əsas havadarına – Moskvaya ünvanlı bir mesajdır. Azərbaycan xalqının səbrinin, dözüm limitinin tükəndiyi haqda mesaj! //Musavat.com


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az