Rusiyada azərbaycanlı yenidən deputat seçilib

Rusiyada azərbaycanlı yenidən deputat seçilib
Rusiyanın Sankt-Peterburq şəhərinin Petroqrad rayonunda azərbaycanlı Sabir Məsimov yenidən bələdiyyə şurasının üzvü seçilib.

"Report”un Rusiya bürosuna sentyabrın 8-də keçirilən seçkiləri səciyyələndirən soydaşımız namizədliyinin Petroqrad rayonundan irəli sürüldüyünü, seçki nəticəsində Vedenski bələdiyyə dairəsinin deputatı seçildiyini qeyd edib: "Bu, iştirak etdiyim sayca beşinci seçki kampaniyasıdır. İlkinci çağırışdan etibarən deputat seçilirəm”.
Seçki kampaniyasının gərgin keçdiyini, lakin seçicilərin ona yenə də daha çox etimad göstərdiyini qeyd edən S.Məsimov Vahid Rusiya Partiyasından namizəd olduğunu diqqətə çatdırıb: "Cəmi 20 namizəd var idi. Seçkilər çətin keçdi, lakin seçildiyim rayonda uzun müddətdir yaşayıb işlədiyimə görə yerli əhali məni çoxdan tanıyır. Mənə başqalara nisbətən daha çox etimad göstərdilər. Odur ki, bu qələbəni haqqımla qazandığımı deyə bilərəm”.
Qeyd edək ki, sentyabrın 8-də Sankt-Peterburq şəhər qubernatorluğuna da keçirilən seçkilərdə qubernator əvəzi, əslən bakılı Aleksandr Beqlov qalib gəlib. Bunu şərh edən S.Məsimov azərbaycanlı diasporunun bu hadisəni sevinclə qarşıladığını qeyd edib: "Aleksandr Dmitriyeviçlə şəxsən tanışıq. Bu günlərdə qubernatorluğa namizədlərin ictimai və diaspor təşkilatlarının nümayəndələrilə görüşü olmuşdu. Mən də Sankt-Peterburq şəhərinin azərbaycanlı diasporunun rəhbəri olaraq bu görüşdə iştirak edərək təşkilatımızın nəşr etdirdiyi "Bakı qalası. İçərişəhər” adlı kitabı Beqlova hədiyyə etdim. Onu da deyim ki, o əsl bakılıdır, Azərbaycan dilini bilir, soydaşlarımıza da böyük rəğbət bəsləyir. Onun seçilməsini çox istəyirdik və buna şadıq”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az