Şa - qardaşa görə ölən qardaş

Şa - qardaşa görə ölən qardaş
Aydın Caniyev

İndi, burda - fb-də və həyatda tanıdığım bir dostum var. Dostumdu demək bir az yekə çıxır - tanıyırıq bir-birimizi, deyim də ki çox yaxşı tanıyırıq və mən hətta qardaşımla evində kirayə də qalmışıq. Mənim ona hörmətim həmişə böyük olub, bu gün də o hörmət qalır. Bu gün yazımda obrazı da elə qardaşıma görədi. Hər dəfə olmasa da, bizi görəndə deyirdi ki, mən səni görəndə Maqsud İbrahimbəyovun "Ondan yaxşı qardaş yox idi" əsəri yadıma düşür, doğrudan da, səndən yaxşı qardaş yoxdu...
Xoş idi mənə... Amma illər sonra məlum oldu ki, bu yaxşı qardaşa görə dünyanın ən yaxşı qardaşı öldü!

***

Mən anamın ilkiydim. Atamın sözləri ilə desək, "futbol komandasının baş məşqçisi" (6 dayım, 5 xalam vardı) olan qaynatasından, həm də əziz xalasının ərindən fərqli olaraq, o, şəxsiyyət böyütməklə məşğul olmuşdu - cəmi iki uşaq idik. Mən və qardaşım.
"Evdə yumurtlamayan toyuqla göydə uçan quşun fərqi yoxdur" deyən qaynanasının, həm də zalım xalasının qaxıncından allaha yalvara-yalvara qalan, on altı yaşında ərə gələn anam iyirmi yaşında mənimlə qabağına çıxmışdı. Mən onun qılıncı, qalxanı, vuran əli, görən gözü, danışan dili olmuşdum. Elə həmişə də məni belə gördü. Belə bəslədi. Belə böyütdü. Məndən üç il sonra qardaşım dünyaya gəlib. Dostumun-tanışımın dediyi kimi, məndən yaxşı qardaşı olmayan qardaşım...
Atam mənə zülüm edirdi!
Atam qardaşımı əzizləyirdi - ta onuncu sinfi bitirənəcən bir yataqda yatdılar ata-bala.
Mən anamın əzizgiramisiydim - atama da dağ çəkirdim, nə qədər əsəbləşdirə, incidə, ziyan vura bilərdimsə vururdum. Anam dağ kimiydi mənim üçün.
Və günlərin bir günü atamın zülmləri bitdi. Anamdan uzaq düşdüm. Mən bu həyatla birdən-birə tək qaldım. Hər yerdə anam qədər məni sevən insanı-qadını axtardım. Anama göstərdiyim diqqəti, qayğını əsirgəmədim, hətta artığını sərgilədim. Hətta anam sevgililərimdən birini bəri başından xəbərdar etmişdi: "mənim qədər sevə, qayğısını çəkə bilərsənsə, buyur".
Və anam elə bil zövq alırdı yanımda gözəl qadın görəndə. Bir az xoşuna gəlməyən olanda elə öz yanlarındaca öz dilimizdə mızıldanırdı: "bu nədi?" Könlündə inciməsin deyə həmən qayıdırdım ki, elə sənin çopur oğluna yaraşır gözəl qadın. Sakitləşirdi.
Sözarası deyim ki, özümü tanıyandan hər yaşımda qonşu kəndlərimizdən bizə oxumağa gələn qızların hərəsindən birini sevməyə imkan tapmışdım - birini öpmüşdüm, birini döymüşdüm, biri acılamışdı, xeyri yox idi. Mən kitabları oxuya-oxuya, ev işlərini görə-görə həm də ən gözəl qızları sevirdim. Nəhayət, ali məktəbə qəbul olunanda bu seriallar davam etdi... ancaq anam dözürdü, qardaşım tamaşa edirdi, dədəm bilmirdi. Elə dədəm biləndə zibilə düşdüm. Həmən gəlib qızı əmin etdi ki, sevə, sevilə bilərsən, qorxmadan, sənə elçi özüm gələcəm.
Ancaq qardaşım... həə, qardaşım heç vaxt sevmədi. Sevə bilmədi. Elə bil ki, mənim qurbanıma  çevrildi. Elə bil ki mənə görə özünü öldürdü...

****
Qardaşım yumrusifət, sarıyla ağ qarışıq sifət toppuş bir uşaq idi. Qohumluq nikahı səbəbindən hərəmizdə bir xəstəlik vardı. Onda qıcolma-epilepsiya vardı. Həkimlər bir çarə edə bilmirdilər. Həm də uzaq və kasıb bir rayonda hardan olasıydı ki, elə güclü həkim? Nişanlı xalam allaha üz tutub əhd eləmişdi ki, qızım olsun, adını da qoyduğum Şaya qurban deyirəm. Kim nə deyir desin, daha bu qurban boyun olmadan sonra Şahı sudurqa tutmadı.
Şa sevimliydi - çinar kimi sürətlə boy atırdı. Əslində hamının əzizləməsi, onu çox istəməyindən idi çiçəklənməsi - ona dayılar, xalalar, nənə-baba şeir oxutdururdular, mahnı oxutdururdular, əməlli başlı da nəmər verirdilər.
Və... mən tələbə olanda guya ilk dəfə mənimlə dərdləşirdi: "Ana azərbaycanca bilmir, amma üç ildi məndən fizika-kimya soruşurmuş".
Mən sözəbaxan olmamışam, amma Şa ata sözünü də, ana sözünü də müqəddəs bilirdi. Birtəhər başa saldım ki, sənin üçün nə fərqi var, bilir ya bilmir, əsas odu ki, səni öyrənməyə məcbur edə bilir. Oxu, öyrən, gəl sən də qəbul olun, iki qardaş bir yerdə olaq, ayrı düşməyək bir-birimizdən.
Mənə maraqlısı həm də oydu ki, anam mənə ayrı şeyi danışdı:
- Səni bu qonşu kəndlərin küçələrindən yığa bilmirdim, amma Müəllimənin qızı hər gün Şa dərsi yarımçıq qoyub evə gələndən sonra kitablarını gətirir qoyur qapıda. Qəşəng də qızdı, ağıllı, savadlı, abırlı. Dostu Zahir deyir ki, qız onu sevir, amma Şada tərpəniş yoxdu.
Şa o qıza sevgi barədə heç nə deməmişdi - dostu Zahir sonra bunu mənə danışdı.
Şa məktəbi bitirdi, gəldi Bakıya. İndi də texnikumda oxuyurdu. Hər gün də dərsdən yarımçıq çıxıb gəlirdi - direktor ona meydan vermişdi: şəxsən qəbulda imtahan prosesində olan direktor (sonradan iki unuversitetdə rektor oldu, indi rayonların birində icra başçısıdı) özü ona meydan vermişdi, gəl, tədbirlərdə şeirini söylə, lazım olan çıxışları et, işində ol.
Şa yaxşı şeirlər yazırdı, yaxşı natiqlik məharəti vardı, bəlağətli, fəsahətli çıxışlar edirdi. Uca boyuyla şirin aksentinin üstünə nitqindəki dərin məna da gələndə adam istəyirdi tribunaya çıxıb onu öpsün.
Texnikumdakı ədəbiyyat müəlliməsi (o da indi universitet rektorudu) də Şanı əziz tuturdu, ərkyana söyürdü onu ki, səni bura niyə calayıblar, gedərdin filfaka. Düzdü, Şa filfakda imtahan vermişdi, iki dördlə müsabiqədən keçməmişdi, ağır illər olduğu üçün onu mən ora yönləndirmişdim. Fikirləşmişdim ki, qızıl medalla bitirər, rahat qəbul olunar. Amma həyat ayrı sürprizlər etdi.
Şa texnikumu bitirdi. Universitetə qəbul olundu. Kəndə uzaq cənub-qərb rayonlarından bir qızdan təbrik teleqramı gəldi: "Şa, səni təbrik edirəm və sevirəm".
Dostu Xasaydan soruşdum. İki il də bu qız Şanı sevibmiş. Şadan bir tərpəniş olmayıb. Bu qızı mən sezməmişdim - Şa orta məktəbdəki kimi, dərsdən yarımçıq gələndən sonra texnikumda qrupdakı rəfiqələri kitablarını evə gətirirdilər. İki-bir, üç-bir gəlirdilər deyə mən də fərqinə varmırdım. Xasay deyəndə bildim.
Sonra Şadan ayrıldım - mən evlənməyə, işləməyə kəndə getdim, o, Bakıda qaldı.
Ağılsızlığımdan borca düşdüm - olan-olmazı satıb borcları qaytaranda Şa görüb ki, toxum-tayfayla birlikdə çatdırmaq olmur hər ayın faizlərini, Səbayel məhkəməsi sədrinin katibi olsa da, işini atıb gedib... Malakan bağında dollar dəyişməyə!
Şanın sonralar da belə fədakarlıqları çox olubmuş - mən də lap sonralar bildim.
Baxmayaraq ki, həmin o dostum, tanışım mənim elədiklərimi görüb demişdi ki, səndən yaxşı qardaş yoxdu, amma dünyanın ən yaxşı qardaşı olan Şanın özünü mənə qurban verməyinin səbəbini çox sonralar bildim. Və bu acı məni hamıdan, hər yerdən və hətta həyatdan küsdürdü.
Şanın elə yaxşı qardaş olmasının və qurban getməsinin iki səbəbi olub. Deyirəm, siz o yanlışları yapmayın.

***
Səhər tezdən anam gəlmişdi qatarla. Qapı döyüləndə diksindik ikimizdə ki, bu vaxtı kim  ola? Qapını açanda anamla dayımı gördüm.
Yuxudan hövlnak duran Şa anama qorxa-qorxa baxırdı. Soruşdum ki, niyə elə qorxu içindəsən? Qayıtdı ki, anam gələndə demişdi ki, qızlara yaxın durma. Mən də yuxuda qız görmüşəm. İndi durum ona nə cavab verim... Birtəhər sakitləşdirdim ki, soruşsa, boyun olmazsan yuxuda qız görməyini.

***
Qrup yoldaşım BDU-nun əsas korpsusunun qabağında Şa ilə rastlaşır. Salamlaşırlar, hal-əhval tuturlar. Şa başını aşağı salıb soruşulana cavab verir tər-su içində. Axırda qız qardaşımız qayıdır ki, Şa, nə olub mənə baxmırsan? Cavab şok yaradıb:
- Anam mənə tapşırıb ki, qızlara baxma!
Bu iyirmi yaşlı, boyu az qala iki metrəyə çatan, sapsağlam, cantaraq bir oğlanın, universitet tələbəsinin cavabı.

***
Bu həyatda ana sözünü-öyüdünü Quran ayəsi kimi müqəddəs bilib əməl edən oğullar həyatda həmişə xoşbəxt olmur. Heç vaxt sevgi hissini yaşamayan qardaşım gec, lap gec evləndi. Həyatına ana sözündən gələn məhrumluğun acısını o necə yaşadı bir allah bilir və bir də mən. Adam yazdığı sevgi şeirlərini belə cırır, çapa verməyimə mane olurdu. Amma içdən gələn o şeirləri yaza bilirdi, yaşaya bilmirdi.

*** 
Nəşriyyatın yığım sexindəydi ikimizin də iş yeri. Bir erməni qarışıqlı Rita vardı. Gələn də baxırdı, gedən də. İnanılmaz cazibədar idi. Təkcə Şa  baxmırdı. Bir gün Rita sexin o başından gələndə hamı baxmağa başladı. Arif dayı qayıtdı ki, Şa, bax. Şa  baxmadı. Bir azdan yenə qayıtdı ki, Şaaa, baaax. Şa baxmadı. Rita artıq gəlib keçməkdəydi, Arif dayı yaşına, başına baxmadan nərilti ilə hayqırdı:
- Şaa, atam yandı axı, baax da...
Şa baxmadı!

***
Şa bir nəfərin sözünə baxdı. O söz onu qoymadı kiməsə baxsın! Çünki Ana deyibsə olmaz, deməli, olmaz!
Amma bir orası da var ki, heç mən də xoşbəxt olmadım - mənə tez-tez deyirlər, ananın sözünə qulaq asmadın. Mən də deyirəm: Şa baxdı, xoşbəxt oldumu?

***

Sən demə, anam ona təkcə deməyibmiş ki, sən qızlara baxma, həm də deyibmiş ki, Aydın nə istəsə elə, yox demə.
Aydın qız istədi!
Aydın pul istədi!
Aydın... zəhrimar istədi!
Aydın hər şeyi, hər kimi istədi...
Amma Şanı istəməyə vaxt tapmadı, ürəyində yer olmadı.
Və birdən ayıldım ki, mahnı oxuyan, şeirlər yazan, Siseron kimi çıxışlar yapan, işlədiyi məhkəmələrdə sədrlərin, hakimlərin doğruculluğuna, savadına, punktuallığına görə haqqında "Şax eto zakon" deyilən oğlan birdən-birə yox olub!
Şa özünü öldürmüşdü. Sadəcə, o oğlanı dəfn etmişdi. Köçüb getmişdi kəndə - nə onun şeirlərini anlayan, dinləyən vardı orda, nə çıxışlarını başa düşəcək kimsə. Nə də onu sevə biləcək qızlar.
***
Özümə bircə təsəllim var: axı mən yaxşı qardaş idim. Mənim üçün ölməyə dəyərdi. Nə olsun ki, mən onun üçün daha heç nə edə bilmirdim: bütün meyvələrin, giləmeyvələrin, tərəvəzin nübarını ala bilmirdim, nə olsun ki, onu mən daha tədbirlərə apara bilmirdim, qrup yoldaşlarımla, dostlarımla məclislərə qatmırdım, nə olsun ki...
Ehhh... heç kimin daha Şa kimi yaxşı qardaşı olmayacaq!
Heç mənim kimi də yaxşı qardaşı olan olmayacaq!

***
Yaşamaq hələ yaşamaq deyil! İlahidən gələn gözəllikləri yaşada bilmirsənsə, sən özünü özün öldürmüsən demək ki. Vücudu fəaliyyət göstərən varlığın yiyəsi olmaq hələ yaşamaq deyil, rus demişkən, suşşestvovatdı...
***
Qulaq asmayın analara!
Qulaq asıb bədbəxt olmaq qulaq asmayıb bədbəxt olmaqdan daha yaxşı - ən azından Ana günahkar olmur!
Günahkar ana cənnətdən məhrumdu!
Bunun üçün həyatı anaların ayaqları altına atmağa dəyər!

***

SÖZARDI: Uşaq vaxtı bizə tez-tez sual verirdilər ki, kimi çox istəyirsən, atanı, ananı, nənəni, babanı... belə şablon şeylər. Baxmayaraq ki, Şa anamın sözünə qulaq asırdı, amma atamı çox istəyirdi. Şeirlərindən yadımda qalan daha bir bənd:
Bu od məndən, ocaq səndən,
Qurban desən, canım məndən,
İncimə sən, Ana, məndən,
Atamı çox isəyirəm...

Bu dünyada aylarla-illərlə ata-anasını axtarmayan, telefonla da olsa səsini eşitməyən mən qardaşından fərqli olaraq, indi atasının qulluğunda duran bir oğul var - bəlkə də onun üçün xoşbəxtlik elə budu?
Bəlkə də şair, tarixçi, müəllim, hüquqşünas olmaqdansa qoca bir atanın qulluğunda durmaqdı yaşamaq?
Bəlkə də mənim xoşbəxtlik dediyim, yaşamaq dediyim tamam yanlış dəyərlərdi?
Bəlkə də dünyada şair, tarixçi, hüquqşünas, müəllim, lap yaxşı qardaş bəs qədərdi, amma xəstə atanın ayağını yuyan, ona qulluq tutan, iynəsini-dərmanını alıb özü vuran, gecə-gündüz üstündə əsən oğul azdı, o sıranı artırmaqdı yaşamaq?
Bəlkə də...

p.s. Anam çox-çox sonralar deyirdi ki, mən Şaya elə söz deməmişəm... - bu, daha dəhşətli bir şey idi!!! 
 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az