Sahibkarların nəzərinə: Vəsaitlər belə ödəniləcək - Rəsmi

Sahibkarların nəzərinə: Vəsaitlər belə ödəniləcək - Rəsmi

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq Tədbirlər Planı 3 mərhələyə bölünüb.

İqtisadiyyat Nazirliyindən Miq.Az-a verilən məlumata görə, ilkin mərhələdə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi ilkin mərhələdə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı aşağıdakıları vergi ödəyicilərinin diqqətinə çatdırır:

Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində:

- Bu tədbir pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. Bu mexanizm çərçivəsində vergi ödəyicilərinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında, qısa müddət ərzində onların işçilərinə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürüləcək.

Vəsaitlərin ödənilməsi aşağıdakı qaydada həyata keçiriləcək:

- Qeydiyyatda olan bütün vergi ödəyicilərinə "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək.

- Vergi ödəyiciləri internet vergi idarəsində şəxsi kabinetində "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən "əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olaraq buradakı müvafiq alt bölmədə olan müraciət formasını elektron qaydada doldurmalıdır.

- Müraciət formasında reyestr məlumatları (vergi ödəyicisinin adı, VÖEN-i, bank hesabları, 1 mart və müraciət tarixinə əmək müqavilələri üzrə işçi sayları) avtomatik əks olunacaq. Vergi ödəyiciləri müraciətdə pandemiya üzrə zərər çəkmiş fəaliyyət sahələrini, təsərrüfat subyektlərini (obyektlərini), zərər çəkmiş sahə üzrə işçi sayı və əməkhaqqı fondu barədə əlavə məlumatları özləri onlayn qaydada doldurmalıdır. Bu məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır.

Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik olaraq qəbul edilir və bu barədə vergi ödəyicisinə bildiriş göndərilir.

Qeyd etmək lazımdır ki, müraciətin yoxlanması zamanı sistem tərəfindən uyğunsuzluqlar aşkar edilə bilər. Bu, vergi ödəyicisinin fəaliyyət sahəsinin və təsərrüfat subyektinin (obyektinin) pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlməməsi, müraciət tarixinə işçi sayında azalmaların olması, riskli vergi ödəyiciləri ilə əməliyyatların aparılması kimi hallardır. Reyestr məlumatları üzrə uyğunsuzluq aradan qaldırılarsa, vergi ödəyicisinə şəxsi kabinet vasitəsilə onlayn qaydada yenidən müraciət etmək imkanı yaradılacaq.

Vergi ödəyicilərinə ödəmələr aprel və may ayları daxil olmaqla 2 mərhələdə aparılacaq.

Xüsusi qeyd olunur ki, bank tərəfindən ayrılan maliyyə dəstəyi vəsaitinin yalnız əmək ödənişləri üzrə köçürülməsinə icazə verilir. Vergi ödəyiciləri bu vəsaitlərdən hər hansı digər məqsədlər üçün istifadə edə bilməzlər və bu məsələyə ciddi nəzarət olunacaq.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə orta aylıq əməkhaqqı (712 manat) əsas meyar olaraq götürüləcək. Əgər müəssisədə çalışan işçilərin bir qismi orta aylıq əməkhaqqından daha yuxarı əməkhaqqı alırsa, o zaman onlara kompensasiyalar orta aylıq əməkhaqqı həddini aşmamaq şərtilə hesablanacaq.

Maliyyə vəsaitlərinin ayrıldığı vergi ödəyiciləri barədə məlumatlar İqtisadiyyat Nazirliyinin və onun qurumlarının internet resursları və KİV-lər vasitəsilə ictimaiyyətə çatdırılacaq.

Bu mexanizm çərçivəsində pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək. Maliyyə dəstəyinin mümkün qədər qısa müddət ərzində göstərilməsini təmin etmək üçün fərdi sahibkarlar İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə müraciət təqdim edir və dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürülür.

Vəsaitlərin ödənilməsi aşağıdakı qaydada həyata keçiriləcək:

- Qeydiyyatda olan bütün vergi ödəyicilərinə "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək. Vergi ödəyiciləri internet vergi idarəsində şəxsi kabinetində "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən "fərdi sahibkarlara ödənişlər üzrə müraciət” alt bölməsinə daxil olaraq buradakı müvafiq alt bölmədə elektron qaydada müraciət formasını doldurmalıdır.

- Müraciət formasında reyestr məlumatları (vergi ödəyicisinin adı, VÖEN-i, fəaliyyət sahələri, bank hesabları, 2019-cu il ərzində ödənilmiş vergilər) avtomatik əks olunacaq.

- Vergi ödəyiciləri müraciətdə öz vergi rejimi (2 faiz sadələşdirilmiş vergi ödəyicisi olması, sabit qəbz almaqla fəaliyyət göstərməsi, daşıma fəaliyyəti ilə məşğul olması və ya gəlir vergisinin ödəyicisi (mikro olması) barədə məlumatları onlayn qaydada doldurmalıdırlar. Bu məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır.

Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik olaraq qəbul edilir və vergi ödəyicisinə bu barədə bildiriş göndərilir.

Qeyd edək ki, müraciətin yoxlanması zamanı sistem tərəfindən uyğunsuzluqlar aşkar edilə bilər. Bu, vergi ödəyicisinin seçdiyi vergi rejiminin məlumat bazasında mövcud vergi rejiminə uyğun gəlməməsi, vergi ödəyicisinin fəaliyyətinin mart ayından əvvəl dayandırılmış olması, 2019-cu il ərzində büdcəyə vergi ödəmələri aparmaması, riskli vergi ödəyicisi ilə əməliyyat aparması ilə bağlı ola bilər. Bu hallarda vergi ödəyicisinə aşkar edilimiş uyğunsuzluqları aradan qaldırmaq və yenidən müraciət etmək imkanı veriləcək.

Fərdi sahibkar olan vergi ödəyicisinin dövlət büdcəsinə və ya büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olduğu halda, köçürülən vəsaitin dondurulmaması və ya silinməməsi təmin olunacaq.

Fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250 manatdan az olduğu təqdirdə ona 250 manat məbləğində maliyyə dəstəyi göstəriləcək.

Bütün vergi ödəyicilərindən xahiş olunur ki, İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetlərini mütəmadi qaydada izləsinlər.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az