"Sahibkarlıq fəaliyyətimə imkan vermirlər"-40 min manat rüşvət tələb olunur


«3 il əvvəl mənə qış otlaq sahəsi kimi 500 hektar yer ayrılıb. Bu müddətdə həmin sahədə heyvandarlıqla məşğul olmuşam. İndi fəaliyyətimi davam etdirmək üçün 40 min manat rüşvət tələb olunur».

Neftçalalı sahibkar Rafil Həsənov 3 ildən çoxdur ki, heyvandarlıqla məşğul olur. Bir müddətdir ki, rahatlıq tapa bilmir. Səbəbini də ondan rüşvət tələb olunması ilə əlaqələndirir. Deyir, əgər istənilən məbləği verməsə, otlaq sahəsi əlindən alınacaq: «Bununla da sahibkarlıq fəaliyyətimin üstündən qara xətt çəkiləcək. İkinci dəfədir məndən rüşvət alınır. Bir dəfə işə başlayanda alıblar, indi də görürlər işlər yaxşı gedir, bilirlər ki, qurduğum bu boyda işdən keçməyəcəm, haradan olsa, toplayıb verəcəm».

«15-DƏN ÇOX AİLƏYƏ ÇÖRƏKPULU GEDİR»

Sahibkarın sözlərinə görə, həmin torpaqlar Dövlət Torpaq Fonduna aiddir, ona 15 illik icarəyə verilib. Bütün sənədləri qaydasındadır, qanunsuz bir işi yoxdur. Və sual edir, «rüşvəti niyə verim ki?».

Ferma
 
Miq.Az azadliq.org-a istinadən xəbər verir ki, Rafil Həsənov 3 ildən bəri ərazidə təsərrüfat təyinatlı tikinti işləri aparıb. Deyir, yüksəksəviyyəli, müasir standartlara uyğun heyvandarlıq təsərrüfatı yaradıb. Hazırda təsərrüfatdan 15-dən çox ailəyə çörəkpulu gedir. Və o, təəssüflənir ki, məmurların rüşvətini çatdırmasa, bu qədər ailə ac qalacaq. Azı 300 baş iribuynuzlu, 1500 baş xırdabuynuzlu mal-qaranın da bundan sonrakı taleyi qaranlıq qala bilər. Bir sözlə, dişiylə-dırnağıyla qurub-yaratdığı təsərrüfat məhv olar.

Sahibkar «nə etməli» sualı qarşısında qalanda ilk ağlına gələn ölkə başçısından kömək istəmək olub. Axı o, dəfələrlə məmurlarla görüşündə sahibkarlara qayğını gücləndirmələrini, sahibkarlıq fəaliyyətinə şərait yaratmalarını tapşırıb. Bu da Rafil Həsənovda bir ümid yaradıb və o, prezident İlham Əliyevə müraciət edib. Lakin müraciətdən qısa müddət sonra ona elə rüşvət tələb olunduğunu iddia etdiyi rayon icra hakimiyyətindən cavab gəlib: «Özünü yorma, hara göndərsən də, şikayətlərinin son ünvanı buradır».

«ƏRAZİNİ TƏRK ETMƏK ÜÇÜN VAXT QOYULUB»

Sahibkar danışır: «Məsələ ilə bağlı Prezident Administrasiyasında oldum. Onlara problemimi anlatdım. Bu günə qədər çəkdiyim xərcləri, verdiyim rüşvətləri və əziyyətləri dilə gətirdim. Mənə deyirlər ki, məsələni araşdıracaqlar. Ancaq rayon məmurları mənim adıma sənədləşdirilən torpağın başqasına satıldığını deyirlər. Mənə ərazini tərk etmək üçün vaxt qoyulub. Bu da o deməkdir ki, bizim rayonun məmurları heç Prezident Administrasiyasını da saymırlar. Tələb edirlər ki, tikililəri söküm, əziyyətlə çoxaltdığım yüzlərlə heyvanı dəyər-dəyməzinə satım».

Neftçala rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rafil Həsənov dəfələrlə Bakıya şikayətlər yazıb, qurumu ondan rüşvət tələb etməkdə ittiham edib. Lakin yazdığı şikayətlərin heç bir əsası yoxdur: «Şikayətləri dəfələrlə araşdırılıb, bu adam başçıya da, başqa məmurlara da böhtan atır. Əlində tutarlı dəlilləri varsa, hüquq-mühafizə orqanları var, təqdim eləsin, araşdırılsın. Sahəyə gəlincə, onun əlindən sahəni alan yoxdur, sadəcə, fəaliyyətində bəzi qanunsuzluqlar var, deyilib ki, aradan qaldırsın. Narazılığı varsa, məhkəməyə müraciət etsin».

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az