Salam, Diaspora və yaxud neynirsən, nə gündəsən, nə iş görürsən?

Salam, Diaspora və yaxud neynirsən, nə gündəsən, nə iş görürsən?


- Azərbaycan üçün günləri Tarix kimi yazanların fəaliyyətinə qısa bir ekskurs -

Əslində, yenidən qazandığımız müstəqillik kimi diaspora tariximiz də yenidir və cavandır. Elə də böyük iddialarda olmamalıyıq da. Ancaq biz maksimalist olduğumuzdan adımızı çəkənin, adımızla addım atanın həmən də yaxasından yapışırıq ki, de görüm, neynəmisən? Hesabat ver görək, niyə Comolunqmadan, Elbrusdan hündür dağı dağ üstə qoymamısan? Bir deyən də yoxdur ki, a bala, yüzmərtəbəli binanı başa çatdırmaq üçün gərək özül də ola, 53-cü, 67-ci, 81-ci, ən nəhayət, 99-cu mərtəbə tikilə ki, 100-ə çataq!

Deyəsən və doğrudan da uzaqdan başladım və uzaq getdim. Kəndimizə gələk: Rusiyaya. Bir həftədən artıqdır Moskvadayam və deyim ki, azərbaycanlı olaraq problemim fərdi, şəxsi olduğundan nə RF hökümətinə aiddir, nə də adı son vaxtlar dillərdə və qələmlərdə, eləcə də düşüncələrdə çox (özü də məkrli və eybəcər şəkildə) rəqs edən diasporayla. Belə də demək olar ki, indi azərbaycanlıların keçən əsrin 90-cı və 2000-ci illərin əvvəllərindəki kimi yaşam problemi yoxdur. 2002-ci ildə "Üçüncü Azərbaycan” qəzetində yazdığım hələ də aktualdır: "Azərbaycanlıları qırırlar... azərbaycanlılar!” Düzdür, onda bu "qırğın” aşağı təbəqəyə - bazar, kriminal, biznes sferasına aid idi, indi "inkişaf etmişik”, keçmişik yuxarı təbəqəyə - elitaya, aristokratiyaya, ziyalı məqamına. "Bu da keçər”, - deyib, keçək xoş olanı çatdırmağa.

Doğrudan da xoş olan ən gözəl məqam diaspora fəaliyyətində Moskva Vilayətindəki Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinə məxsusdur. Təxminən 20 il ərzində Rusiya səfərlərimdə tanış olduğum işıqlı, vətənpərvər və müdrik adamları bu təşkilatda görməyim həddən artıq sevindiricidir! Moskva Vilayətinin 20-dən artıq yerli rayon-şəhər özəklərini ətrafında birləşdirən ARMMM kifayət qədər nailiyyətlər əldə edib. İlk növbədə, bu qurumda toplaşanlar, millət və dövlət adına iş görənlər nəzərə alır ki, onlar öz ölkəsinin Rusiyadakı müxalif kəsimi deyil, Rusiya Dövlətinə sığınmış insanların dövlət strukturları ilə normal milli-mədəni əməkdaşlığını, burada miqrantların əmək fəaliyyətinin tənzimlənməsində yardımçı missiyanı yerinə yetirirlər. RF Prezidenti V.V.Putinin "xalqlarımıza məxsus səmimilik və etimad bizim sərvətimizdir və biz bunu artırmalı, qorumalıyıq” fikrindən yararlanan soydaşlarımız maksimum tamhüquqlu vətəndaşa çevrilmək üçün çalışırlar, adaptasiya olmağa səy göstərirlər. ARMMM dəvət aldığı dövlət tədbirlərində, əlamətdar milli və beynəlxalq tarixlərdə öz aktiv iştirakı ilə töhfələrini əsirgəmir. Bu, sadəcə, söz deyil, həm də əməldir: Təşkilatın sədri Elşən İbrahimovun öz komandasıyla – soydaşlarıyla birgə yorulmaz əməyinin, iradəsinin, zəhmətinin bəhrəsi olaraq. İntriqaya meylli, bölücülüyə aludə, regional və qrup maraqlarına aşiq xalqımızın sadəlövh vətəndaşları məhz bu təşkilatda toplaşanda Azərbaycanın xəritəsi də, milli-mədəni coğrafiyası da tam alınır. Mən son bir həftədə iki tədbirində oldum ARMMM-in - görüntüdə Novruz bayramının qeyd edilməsi olsa da, həqiqətdə Elşən İbrahimovun rəhbərliyi altında bu təşkilatın Moskva Vilayətindəki azərbaycanlıların Rusiya Federasiyasında cəmiyyətə inteqrasiyası, ictimai-siyasi birgəyaşayış etiketlərinə uyğunlaşması üçün gördüyü nəhəng işlərin təzahürü saydım. Əlbəttə, birbaşa canlı yayımların, sayt və xəbər portallarının operativ informasiya ötürməyə, reportaj yayımlamağa imkan verdiyi dönəmdə keçirilən tədbirdən üç gün sonra yazmağın bir nədəni var ki, o da bu suala cavab almaqdır: Cənab Diaspora, neynirsən, nə iş görürsən, nə gündəsən – yəni, günün necə keçir!?

Konkret olaraq, ARMMM-in son tədbirindəki çıxışlarda səslənən fikirlələ tanış etməklə çatdırmaq istəyirəm  diasporamızın çabalarını. Özü də başqalarına... nümunə sayaraq!
Əziz oxucu! Yazıda hər hansı faktı sadəcə fakt bilib keçməyin, hər bir faktın arxasında gərgin əməklə, dövlətin vermədiyi, amma vətənpərvər insanın və insanların öz hesabına əldə edərək  sərf etdikləri vəsaitlə qazandığı rəğbət, hörmət, nüfuz durur.

Moskvanın Lenin rayonunun Vidnoe şəhərinin mədəniyyət və istirahət mərkəzində keçirilən "Podmoskvada Birinci Novruz-2019” tədbirinə qatılan kontingentin arealı az qala həm keçmiş SSRİ-nin, həm də Cənub-Şərqi Asiya ölkələrinin RF-də məskunlaşan xalqlarını əhatə edirdi. Artıq Moskvada 10 ildən artıqdır ki, qeyd olunan bu bayram son bir neçə ildə Podmoskvanın (Moskva Vilayətinin) bir neçə iri şəhərinə də ayaq açıb. Amma Vidnoe şəhərindəki tədbirin təşəbbüsçüsü ARMMM olmaqla dəstək həm də Moskva Vilayəti höküməti tərəfindən verilmişdi. ARMMM-in nüfuzu isə iştirakçıların əhatə dairəsinə diqqət etməklə üzə çıxacaq: 500-dən artıq törən iştirakçısı – azərbaycanlılar, tatarlar, taciklər, özbəklər, qazaxlar, qırğızlar, uyğurlar, qaqauzlar, kalmıklar, pakistanlılar, iranlılar, əfqanlar idilər. Ayın 23-ü saat 11-dən başlanan tədbirin qonaqlarını mədəniyyət evinə qədəm basan kimi ən müxtəlif dillərdə yazılmış Novruz bayramı bannerləri qarşılayırdı. İştirakçı xalqların milli mətbəxindən tutmuş, Novruz şənliklərində həyata keçirilən mərasim və ayinlərin bədii ifadəsinə şahid olurdular: ansamblların, ifaçıların, rəqqasların repertuarları, milli geyimlərin, milli musiqi alətlərinin, stolüstü oyun alətlərinin sərgisi, mətbəxləri birləşdirən və fərqləndirən kulinariya ləzizləri, bir sözlə, hər şey, xalqları vəhdətə gətirən Novruz bayramının şərəfini, fəzilətini çatdırırdı. Zaldakı ruslar, ukrainlər, beloruslar və digər xalqların təmsilçiləri NOVRUZÇULARA qoşulub alqışlayırdılar. İkinci mərtəbədəki foyedə "Milli Həyətlər” planetində iştirakçılar doğrudan da Novruzun YENİ RUH, YENİ GÜN, YENİ HƏYAT gətirdiyinə əmin olurdular. Əlbəttə ki, Novruz Keçəlsiz və Kosasız, zarafatsız və lağlağısız olmaz ki! Üzlərdəki gülüş dodaqlardakı təbəssümü, gözlərdəki işığı, qəlbdəki fərəhi bayram yumurtası kimi bəzəyirdi!

Təbii ki, bu törən təkcə bədii təqdimatdan ibarət deyildi. Rəsmi hissədə Lenin rayonunun başçısı V.N.Ventselin adından şəhər bələdiyyəsinin başçısı Moisey İsaakoviç Şamailov (yeri gəlmişkən, bakılı balasıdır) iştirakçıları salamlayaraq sevindiyini bildirdi ki, "Novruzun Podmoskva bayramının məhz Vidnoedə keçirilməsi əlamətdardır”.

AFMMM-in rəhbəri Mehriban xanım Sadıqovanın, özbəklərin "Vatandoş”undan U.A.Baratovun, uyğurlardan Şeril Əhmədovun, tatarlardan Feliks Jamalovun, Rusiya Xalqları Assambleyasından V.A.Şiroçenkonun çıxışlarında, əlbəttə ki, tədbirin yüksək səviyyədə keçşirilməsi təqdir olunurdu.

Fəxri qonaqlardan - RF DD-nin təmsilçisi Nailə Nadirovna Qurova bir neçə mədəni muxtariyyət təmsilçisinə "Təşəkkürnamə” təqdim etdi, ARMMM-in sədr müavini Həşim Əliyevin də bu sırada olması doğrudan da sevindiriciydi!   
      
Gennadiy Çesnokov, Anjelika Xıdırovanın 13 yetirməsi, Feliks Jamalov, Oksana Amel, Yasmin, Tiara Vəlimətova, Azat Şakirov bir çox dillərdə mahnılar, rəqslər ifa etməklə rəsmi hissəyə rəngarənglik qatdılar. İnstrumental ansambl və qrupların ifa etdiyi hər bir nömrə alqışlarla müşayiət olundu. Pakistanlıların fəallığı və öz rəhbərlərinin timsalında Azərbaycana, azərbaycanlılara təşəkkür ifadə etmələrini isə ayrıca qeyd etməyə dəyər!
Həə, buracan ləzzət elədi sizə, eləmi? – heç fərqinə vardınızmı bu qədər ifaçını, ansamblı, rəsmi və milli-etnik nümayəndəni bir yerə toplamaq üçün nə qədər güc, nüfuz, vəsait, əlaqə və imkan lazımdır? Və bütün bunlara sahib olmaq üçün nə qədər – neçə il və necə işləmək gərəkdir? 
300 nəfərlik dopdolu zaldakılar, foyelərdə, mərtəbələrdə ayaqüstə bu sevinci bölüşən 200-cən insan ayın 23-də şahid oldu, bildi...
Yazını Moskva Vilayət hökümətinin nümayəndəsi İvan Sergeyeviç Buşuyevin fikri ilə bitirirəm, çünki şahidəm ki, o ən doğrusunu dedi: bütün iştirakçılar və qonaqlar tarixi bir hadisənin - günün şahidi oldular, əgər bundan sonra da Moskva Vilayət höküməti dəstək versə, bu, əbədiyyətə çevriləcək!
 
Aydın Canıyev

Moskvadan - xüsusi olaraq Miq.az üçün

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az