Şəhid oğlu: “Atam şəhid olanda mən 10 günün uşağı olmuşam”

Şəhid oğlu:  “Atam şəhid olanda mən 10 günün uşağı olmuşam”

Türkay Quliyev ordumuzun nizamlı-intizamlı hərbçilərindəndir. Düşmən üzərinə əks-hücuma başlayanda da sevincli olub.  Müharibədə sevinc ifadəsini, döyüşün ən qızğın çağlarını Türkay Quliyev Miq.Az-a özü izah edir: 

"Xidmətə başlayan gündən müharibəni səbirsizliklə gözləyirdim.  Azərbaycan xalqına Qələbə sevinci yaşatmaq, işğal olunmuş ərazilərimizi geri qaytarmaq, həm də atamın qısasını almaq üçün. Bilirsiz, mən şəhid oğluyam,  buna görə də çiynimə düşən missiya da çox məsuliyyətli idi.” –deyir Türkay Quliyev.

Qəhrəmanımız deyir ki, onun atası Səxavət Quliyev 1-ci Qarabağ savaşında şəhid olub. O zaman 10 gün imiş dünyaya göz açdığı: 

"Təsəvvür edin, 10 gündü anadan olan bir uşağın atası şəhid olur və o ağlı kəsəndən hər gün qisas hissi ilə yaşayır.  Düzdür, qürur hissi keçirirəm bu adla, şəhid oğlu olmağımla fəxr edirəm. Amma bu adla böyümək məndə intiqam hissini hər gün alovlandırırdı. Mənim üçün ən böyük titul şəhid və şəhid oğlu olmaqdır. Ona görə bu savaşa çox əzmli atıldım. Tarix yazmaq, atamın qisasını almaq, ya qazi, ya da şəhid olmaq istəyi idi məni döyüşdən-döyüşə atan. Əlbəttə onu da bilirdim ki, müharibədir, hər şey baş verə bilər. Hətta şəhid ola bilərəm ifadəsini də sevə-sevə xatırlayırdım”-deyə Türkay Quliyev bildirir.

Döyüşlərin birində yaralanan qəhrəmanımız bu barədə kimsəyə bir söz deməyib, hətta  1-ci Qarabağ müharibəsinin iştirakçısı olan əmisi Aslan Quliyev də bu yaxınlarda bilib ki, şəhid qardaşının oğlu döyüşlərin birində xəsarət alıb, amma bu barədə heç kimə xəbər etməyib:

"Döyüşlərlə bağlı çox maraqlı, heç vaxt yaddaşımdan silinməyən xatirələr var. Müharibə meydanında olan birlik heç yerdə olmur. Döyüşdə əsgərlərdən biri yaralandı. Əsgər yerə uzanmışdı. Yaxın məsafədə gedirdi döyüş. Birdən ikinci mərmi partlayışı oldu yaxınlığımızda. Əsgərlərdən biri özünü yaralı əsgərin üstünə tulladı. Dedi birdən növbəti qəlpə dəyə bilər ona, özü yaralandı, amma ikinci qəlpə o yaralı əsgərə dəymədi. Şükür Allaha hər iki əsgər indi normal həyatlarına davam edir, əllərində silah Vətən keşiyindədirlər. Amma bu epizod heç vaxt yaddaşımdan silinməz.”-deyir Türkay Quliyev.

Şəhid qardaşının oğlu Türkay Quliyev haqda Miq.Az-a açıqlamasında Aslan Quliyev bildirir ki, onunla fəxr edirərək, qürur duyur:

”Türkay mənim şəhid qardaşım Səxavət Quliyevin oğludur. Səxavət Birinci Qarabağ müharibəsində qəhrəman oğullarımızdan biri olub. Hadisələr başlanarkən o, könüllü olaraq ilk yaranan polis dəstələrinin tərkibində  kəndin müdafiəsində iştirak edib. Sonradan Milli Ordu yaranarkən isə polis olmasına baxmayaraq, (o zaman polislər əməliyyatlarda artıq iştirak etmirdilər, asayişlə məşğul olaraq kəndin giriş-çıxışına nəzarət edirdilər) daim əfsanəvi kəşfiyyatçı İbad Hüseynovun kəşfiyyat bölüyü ilə birgə əməliyyatlarda iştirak edirdi. Dəfələrlə döyüşlərə qatılan Səxavətin son döyüşü 17 avqust 1992- ci ildə olmuşdur. Yeni doğulan oğlu ilə görüşmək üçün arxaya (o zaman təhlükəsizlik baxımından ailəni arxaya, Ağcabədi rayonuna köçürmüşdük) gələn Səxavət, təəssüf ki, səhəri güni oğlunun ad qoymasında iştirak edə bilmədi. Eşitdiyi ağır xəbər onu yenidən Muğanlıya qayıtmağa məcbur etdi.  14 avqustda keçirilən əməliyyatda İbadın başçılıq etdiyi dəstə ağır itki verir. Səkkiz nəfərlik dəstənin dörd nəfəri şəhid olur. Çox çətinliklə də olsa, sağ qalan dörd kəşfiyyatçı şəhid dostlarını mühasirədən çıxarda bilirlər. Yenidən üç gün sonra dostlarının qisasını almaq üçün keçirilən əməliyyata Səxavət öz istəyi ilə qatılır. Dostları polis olduğu üçün döyüşə qatılmasını istəməsələr də, Səxavət öz istəyi  ilə əməliyyatda iştirak edir və qəhrəmancasına şəhid olur. Səxavətin axırıncı döyüşü də İbadla olub və onun yanında şəhid olub. Sonradan bildiyimə görə evdən gedərkən yeni doğulmuş oğluna öz adının qoyulmasını tapşırıbmış. Ancaq o zaman itkinin təsirindən mən onun istəyini yerinə yetirməyə qoymadım. Və qardaşım oğlunun adını Türkay qoyduq.

 İndi sən işə bir bax. Həmin Türkay böyüyüb, bu gün atasının yarımçıq qalmış arzularını yerinə yetirməklə bərabər,həm də atasının qisasını düşmənlərimizdən alır. On ildən artıqdır ki, orduda xidmət edən Türkay, həmişə öz qorxmazlığı, nizamlılığı ilə dostları arasında  fərqlənib. İkinci Qarabağ müharibəsini elə səngərdə qarşılayan Türkay Füzulinin, Cəbrayılın, Qubadlının işğaldan azad olunmasında iştirak edib. Bu gün də xidmətini davam etdirən Türkay hamımızın qisasını, artıqlaması ilə düşmənlərdən alıb. Bir dəfə yaralanmasına baxmayaraq, xidmətini döyüş mövqeyində davam etdirir. Yaralanmasını isə evdə nigaran olmamaları üçün hamıdan gizlin saxlamışdır”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az