Şəhid xəbəri gələn kapitan: "Məni ölmüş bilib, gözlərimi də bağlamışdılar" (1-ci hissə)

Şəhid xəbəri gələn kapitan:

"Kapitan İslamov Aqil Əli oğlu 14 dekabr 1989-cu ildə Cəlilabad rayonunda anadan olub. Müharibə başlayanda bölük komandirinin şəxsiyyətlə iş üzrə müavini olmuş qəhrəman zabitimiz maraqlı döyüş səhnələrini Miq.Az-a danışır. 

Kapitan İslamov deyir ki, ilk dəfə döyüşlərə Füzuli rayonunda qatılıb: 

"İlk dəfə Füzuli rayonunda döyüşlərə qatıldıq. 12 nəfərlik qrupla hücuma başladıq. Bilirdim ki, qarşıda böyük döyüşlər gözləyir bizi. Düşmənin qazdığı "valı" keçəndən sonra müharibənin ortasında olduğumu bir daha təsdiq etdim. Şumluq deyilən ərazi vardı. Ora çıxanda hər tərəfdən güllə, minamyot yağış kimi yağırdı. 3 dənə güllə yaxınlığımda, elə bil ayaqlarımın altına düşdü. Açıqlıq idi, hər tərəfdən atırdılar. Sağ qalmaq üçün yeganə şansımız düşmənin səngərinə girmək idi. Odur ki, şumluqda onlara tərəf atəş aça-aça düşmənin səngərinə daxil olduq. Arxamca gələn əsgər və zabitlərlə birllikdə ziqzaqvari hərəkətlə düşmən səngərinə girdik. Düşmən hücum planımızı hesablaya bilməmişdi deyə 5 saniyə fərq ilə minamyot bizdən 100 metr geridə düşüb partlayırdı."- deyir kapitan İslamov.

Qazimiz deyir ki, düşmənin səngərinə girəndə yaylım atəşi açdılar bizə:

"Düşmən səngərinə girəndə sanmadım ki, təhlükə bitdi. Əksinə, ən təhlükəli yerə girdiyimin fərqindəydim. Bilirsiz, bu müharibədir. Hər yer təhlükəlidir. Bir də alın yazısı deyə inandığımız bir şey var...
Səngərə girən kimi düşmən yaylım atəşi açdı bizə. Yaxınlığımızda, daha doğrusu, başımın üzərində eyni anda iki minamyot partladı. Partlayışdan yaranan dalğa torpağı üstümüzə atdı. Yanımda bir MAXE və bir nəfər gizir var idi. Dedi ki, komandir, elə bil nəsə kürəyimdən dəydi. Yaxınlaşıb kürəyinə baxdım, heç nə dəyməmişdi. Allah üzümüzə baxdı ki, minamyotun qəlpələri açılmadı. Minamyotun alovlanmasını gördüm, amma partlamadı. Əgər qəlpələr açılsaydı, mən və yanımda olan iki nəfər elə anındaca məhv olardıq."- deyə qazi bildirir. 

"Düşməni öz səngərindən təmizlədik. İkinci səngərdən düşməni çıxarmaq üçün yenidən irəlilədik. Həmin vaxt 3 gün yağış yağdı. Bir tərəfdən islanmışdıq, digər tərəfdən də düşmənin öz səngərində müdafiə bir az çətinlik yaradırdı. İkinci səngərdən də çıxartdıq düşmənləri, üçüncüdə isə mövqelərimizi möhkəmləndirdik. Çünki bu sürətlə irəliyə getmək təhlükəli idi.  Hər tərəfdən atırdılar. Həm də yuxarı dağdakı mövqelərdən bizi minamyot atəşinə tutmuşdular. Yaxınlıqda, hardasa 300 metrlik məsafədə 3 düşmən əsgərini gördüm. Silahları yerdə idi. Bildim ki, irəliləməyimizə mane olmaq üçün mina basdırırlar. Nişan aldım, hər üçü bir-birinin yanında yerə yıxıldılar. Artıq irəliləmək üçün qarşımızdakı dağı vurmaq lazım idi. Buna görə bizə artilleriya dəstəyi lazım idi."

Komandiri yaralanan Kapitan İslamov Aqil deyir ki, döyüşün ən qızğın yerində komandirini ayağından vurublar:

"Bölük komandirim Musayev Asəf Qəzənfər oğlu ayağından güllə ilə vuruldu. Onu döyüş meydanından çıxarıb, hospitala göndərdik. Komandir kimi bölüyü mən idarə elədim...

Gündüz vaxtı bizə hücum əmri verildi. Ərgünəş istiqamətində hücum etməli idik.  Hücumdan əvvəl müşahidələr aparsaq da, düşmənin canlı qüvvəsini görmədik. Hücuma başlayanda güclü müqavimətlə rastlaşdıq. Planı dəyişib sağ tərəfdəki dərədən hücuma keçdik. Bu zaman minamyot və avtomat silahlarından üstümüzə yağış kimi mərmilər yağmağa başladı. Sən demə, düşmən dağlarda-süni yaradılmış bunkerlərdə gizlənib, bizi mühasirəyə almaq üçün plan qurubmuş. Orda itkimiz oldu, kapitan Abbasov Rahid, baş leytenant Babayev Murad yaralandılar. Amma mövqelərimizi möhkəmlədib, böyük bir itkinin qarşısını aldıq, yaralılarımızın da hamısını çıxartdıq " -deyir kapitan İslamov. 

Füzilidən sonra döyüş tapşırığı Cəbrayıl rayonu istiqamətində verilib bölüyə:

"Gecə kalonlarla Cəbrayıl rayonu istiqamətində yola düşdük. Müəyyən yerə qədər maşınlarla getdik, sonra yolumuzu piyada davam etməyə başladıq. Xeyli piyada yol gedəndən sonra meşə qurtardı və qarşımızda mülki maşınlar gördük. Bura Cəbrayılın Daşkəsən kəndi idi, maşınlar isə ermənilərin mülki maşınları. Hardasa yaxınlıqda obyekt və ferma olduğunu düşündüm. Sonra iki təpənin arasına girdik. Bu ərazilərin bu qədər təhlükəli olduğunu bilmirdik. Çünki, bizə məlumat vermişdilər ki, ordumuzun bölmələri qabağa keçiblər, buralar təmizlənib. 

Qarşımızda hardasa 100 -150 metrlik məsafədə 80 nəfərə yaxın silahlı adamlar gördük. Elə bildik bizimkilərdi. Üç dəfə kimsiniz deyə soruşduq. Cavab vermədilər bizə. Bu zaman ən yaxın məsafədə olanlara tərəf atəş açdım. Təxminən 4 nəfərin yerə yıxıldığını gördüm. Atəş açılandan sonra qışqırtıları aləmi götürmüşdü. Hardansa əlavə qüvvə çağırırdılar. Əyinlərində qara hərbi forma var idi, erməni dilində yox, başqa dildə danışırdılar. Sən demə bizi üç tərəfdən mühasirəyə alıbmışlar. Onlar diversant idilər, bizim qüvvələrin arxasından çıxıb, meşələrlə gəlib çıxmışdılar bura.  Aramızda məsafə yaxın idi. Hardasa bir-birimizin səsini aydın eşidəcək qədər..."

Kapitan Aqil İslamov bir zabitin şəhid olmasını deyəndə bir anlığa sükuta qərq oldu və o şəhidin adını xüsusui ehtiramla çəkdi- Şəhid kapitan İlkin Nəcəfov:

"Üç tərəfdən mühasirəyə düşdük. Bir xəndək var idi, oraya toplaşdıq və açıq döyüş başladı. Baş qaldırmaq olmurdu, güllə və minamyot mərmiləri hər tərəfdən üstümüzə yağırdı. Salyan rayonunda anadan olmuş  kapitan Nəcəfov İlkin də ora gəlmişdi. Minbat komandiri idi, koordinat götürmək üçün  gəlmişdi ora. Bacarıqlı və vətənpərvər zabit idi. Orda şəhid oldu.  Onun ölümü çoxlarını yandırdı. Hamımız özümüzə müdafiə mövqeyi seçib, atışmağa başladıq. Sol tərəfdən minamyotla dayanmadan bizə tərəf atırdılar. Yerini təsbit etdim və hesabladım ki, minamyot heç vaxt sol istiqamətdəki müəyyən etdiyim radiuslu yeri istəsə də vura bilməz. Bu texniki baxımdan mümkün deyildi. 

Taborun qərərgah rəisi Atakişiyev Rauf dedi ki, mühasirədəyik, o biri səngərə keçək. Mən isə minamyotun vura bilmədiyi yeri göstərdim və dedim ki, komandir, o istiqamətə keçək. Yanımda bir mayoru, taborun təlim-tərbiyı işlər üzrə müavinin vurdular. Yuxarı qalxıb, ona sol tərəfə getməməsi üçün əlimi qaldırıb nəsə demək istəyirdim, birdən elə bil ürəyimdən kvaltla vurdular. Düşmən snayperi ürəyimdən 3 barmaq yuxarını nişan alıbmış."-deyir kapitan qazimiz.

"Uşaqlara dedim ki, mənimlə işiniz olmasın, siz irəliyə gedin. Özümdən getdim. Müvazinətimi saxlaya bilməyib yerə yıxılanda tağım komandiri leytenant Məmmədov Əli adlı zabitə dedim ki, məni başımdan vursun. Düşmən məni diri əsir götürə bilməsin deyə fikrimdə israrlı idim. Bu sözləri deyəndən sonra huşum gedib. Yaxınlarda mənə dedilər ki, elə biliblər şəhid olmuşam, hətta leytenant Məmmədov Əli gözlərimi də basıb...Sonra aparıb qoyublar düşmənin vurulmuş BTR-nin altında.
...Oktyabr ayının 12-də vuruldum. 3 gün BTR-in altında ac-susuz qaldım. Oyanırdım, huş aparırdı məni, yenə oyanırdım...və yenə də huş aparırdı məni. Yuxuda görürdüm ki, əsgərlər köməyə gəlir məni burdan çıxarmağa, hövlnak yuxudan qalxırdım, baxırdım ki, heç kim yoxdu. Arxam üstə uzanırdım ki, qan getməsin. Avtomat silahımı da götürmüşdülər. Bircə üstümdəki tapançada 8 gülləm var idi, bir də cibimdə özüm üçün saxladığım bir güllə. Soyuq olan kimi ayılırdım, isti olanda isə ağlım çıxırdı başımdan. Oktyabrın 15-də gecə yenə ağlamaq səsinə ayıldım. Kim idisə yaralı idi, həm ağlayırdı, həm də inildəyirdi. BTR-in altındaydım, yenə də qalxa bilmirdim. Səsimi çıxartmadım, adam elə ağlayıb inildəyirdi ki...Amma heç cürə təxmin edə bilmədim bu adam düşməndi, yoxsa bizimkilərdəndi. Bir də baxdım ki, söykənib BTR-ə inildəyir. Tapançamı çıxararaq, ona tərəf tuşlayıb, "Sən kimsən?"- deyə soruşdum...

Cavab gəlmədi, inilti səsi kəsildi. Nə qədər cəhd etdim ayağa qalxam, taqətim olmadı, bacarmadım. Tapanca əlimdə xeyli müddət səs gələn tərəfə, əlim tətikdə,  hazır vəziyyətdə durdum. Ağlamaq səsi də, inilti səsi də tamam kəsildi. Addım səslərindən hiss etdim ki, kimsə qaça-qaça oradan uzaqlaşdı."-deyə  qazimiz bildirir.

Qəhrəmanımız deyir ki, narahatçılığım artdı. Fikirləşdim ki, bu, yaralı ermənidir. Yerimi bildilər, harda olsalar, gəlib məni əsir götürəcəklər:

"Yaralının ağlamaq və inilti səsi kəsiləndən sonra narahatçılığım artdı. Naməlum adam oradan qaçıb uzaqlaşanda addım səslərini eşitdim. İndi özüm üçün fikirləşirəm, əgər bu azərbaycanlıdırsa, niyə mənim kim olduğumla maraqlanmadı. Yox əgər ermənidirsə, yüz faiz gedib mənim yaralı olduğum barədə xəbər verəcək və indilərdə məni diri-diri əsir götürmək üçün gələcəklər. Əlimi salıb sağ cibimdən özümü vurmaq üçün saxladığım gülləni çıxartdım... gülləyə baxdım, baxdım və təzədən yerinə qoydum. Hava soyudu deyə yenə də huşumdan getdim..."

Təqribən bir neçə saatdan sonra BTR səsinə oyanan kapitan deyir ki, qulağıma səs gəldi:

"Qulaqlarıma BTR səsi gəldi. Dərhal ayıldım. Artıq eşidirdim, bizimkilərin səsi aydın eşidilirdi. Yanılmamışdım, ilahi Azərbaycan dilində danışır hamı.. Son dəfə özümü toparlayıb qalxdım ayağa və səntirləyə-səntirləyə bizimkilərə tərəf  getməyə başladım. Məni görən hərbçilər silahlarını hazır vəziyyətə gətirdilər. "Atəş açmayın, Azərbaycan zabitiyəm"-deyə zorla səsləndim. İnanmadılar mənə. Hərbi hissəmin adını, ad, soyadımı, rütbəmi dedim, inanmadılar. Tapançamı çıxarıb yerə atdım. Əl atıb sinəmdəki cibimdən sənədlərimi çıxartmaq istəyirdim, elə bildilər ki, düşmən zabitiyəm qumbara çıxardıb partladacağam özümü də, bunları da. Əlim eləcə göydə qaldı,  "əllərini yuxarı qaldır" deyib avtomatı hazır vəziyyətə gətirən hərbçi mənə yaxınlaşdı..."

Davamı var...
 
ANONS:

Cəbrayılda pusquya düşdüyümüz zaman Lerik rayonundan olan şəhid tabor komandiri kapitan Cəlil Cavadov başını səngərdən qaldırıb "Aşot, yaxına gəl, sən gəlməsən mən gəlib səni güllələyəcəyəm" deyib düşmənə qıcıqverici sözlər deyərək yaxına çəkmək istəyirdi. Rəhmətlik Kapitan Nəcəfov İlkinlə birlikdə başlarını səngərdən çıxarıb dik dayanmışdılar.

Üstümüzə xeyli sayda düşmənin canlı qüvvəsi gəlirdi. Lerikin Kəlvəz kəndində anadan olan şəhid iki qardaşlardan biri İman da bizimlə idi. Qumbaratan idi. Ermənilər bizə yaxınlaşanda İman səngərdən qalxıb say çoxluğu gələn istiqaməti nişan aldı...

Aqil Alışov
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az