Şeirlərində də elə ÖZÜ OLAN şair...

Şeirlərində də elə ÖZÜ OLAN  şair...

Əsl sənət əsəri adlana biləcək poeziya (Nazim Hikmət) nümunəsi oxucunu mətnə uyğun ovqata kökləyir, həyatının keçmişlə bağlı xəfif, kövrək anlarını xatırladır, ruhu saran saf duyğuların əsrinə çevirir,həyat, zaman, insan, ölüm, qəzavü-qədər haqqında düşündürür, indidən keçmişə iz salır, ötənlərin səhvlərini, ağrı-acılarını yaddaşa qaytarır...Əli Nəcəfxanlının "Söz yerə düşməsin” (Bakı, "Qanun” nəşriyyatı, 2017) adlı kitabında toplananşeirlər də belədir; oxucunun qəlbinə hakim kəsilir, onu təsirləndirir, haqqın, ədalətin varlığına inandırır, ona daxilən bir rahatlıq, yüngünlük gətirir. 
Mənə elə gəlir ki, Əli uşaqlığının, gəncliyinin hansı vədəsindəsə ilk şeirini qələmə alanda onun Ucalıqla, görünməz Qüvvəylə özünün də xəbəri olmadan təması, yaxınlığı başlayıb. Bu, necə deyərlər, gəlişigözəl söz deyil.  Axı əsil poeziyanın məhz real aləmdən kənar qüvvənin-Ulu Yaradanın diqtəsilə yazıldığı, kağıza köçürüldüyü, vəhy gəldiyi deyilir.  Əli özü də "Tanımaq istəsən” şeirində bu düşüncəni belə ifadə edir:
 
...Ölüm haqdı, ömür "eh”di,
Çox faniyə qələm çəkdim...
Şeirim göydən gələn vəhydi, 
Yazmıram ki, özbaşıma.  

... Bu vəhy Uca Allahın hər günündə, hər saatında baş vermir. Ömrün hansısa bir xoş çağında şeir ya birnəfəsə yazılıb tamamlanır,  ya da yarımçıq qalır; duyğu-düşüncə kağıza  sonacan gəlmir. Belə də Allaha yalvarış başlanır:

... Sözlər düymə-düymə, qönçə-qönçədi,
Açılmaq istəyir çoxusu, qalıb...
Kim bilir yarımçıq şeirim neçədi,
Bitirə bilməmək qorxusu qalıb.
... Ay Allah, sən yenə fürsət ver mənə,
Sözümü gəl yerə salma, sən Allah!
Bir az da, bir az da rüsxət ver mənə,
Lütvünü urvatda tutaram, vallah!    

Əli Nəcəfxanlının poeziyasına dərindən bələdliliyimə görə deyə bilərəm ki, o, şeir yaradıcılına  Yardımlı dağlarının   cazibəsinə düşdüyü gündən başlayıb, dağların kədər yükünə çiyin verməyə özündə güc tapdığı andan əlinə qələm alıb. Bax, elə buna görə də şeirlərini oxuyanda duyğulanırsan; beynində, düşüncəndə nə vaxtsa özünə yer alan dağ, zirvə xatirələri canlanır, o dağlara üz tutub deyilən bayatılar yada düşür, yaşadığın sevincli, kədərli günlər gözlərin önündə keçmişin xəfif fonunu yaradır. Belə zamanda nə illah eləyirsən, ruhunu saran, səni dünəninə qaytaran olaylardan qopub ayrıla bilmirsən. Və mənə elə gəlir ki, bu, həm də Əlinin şeirlərində ifadə olunan ovqatın oxucuya olan məhrəmliyindən irəli gəlir…"Vətən dağları” şeirində yazdığı kimi: 
 
…Hər qaya oyuğu-qala mazğalı, 
Yoxuş nəfəs kəsir, eniş-qəzalı…
Güllərin şehiylə dəstamaz alıb
Namaza dayanır Vətən dağları.

Burda arzularım haraya düşüb,
Meylim ocaq günə, pir aya düşüb…
Sərhədlər çat kimi araya düşüb, 
O yanı-bu yanı Vətən dağları!..

… Dağlarla görüşəndə, üz-üzə qalanda Əli sanki şəhərdəki Əli olmur, ruhu, düşüncəsi, ovqatı "şəlalənin sularında qüsullanır”,  təzələnir, "bulaqlar həsrətinə züy tutur”. Burda qarşılaşdığı bir məzarlıqda isə "hər daş bir tapmacayadönür”; o daşlardan "ulusunun, elinin sorağını” almağa can atır. Elə bu məqamda aranda-şəhərdə itirdiyi, boşa verdiyi günlərin, ayların təəssüfünü dilə gətirir:

…Vaxtım itib, baxtım itib aranda, 
Etdiklərim dəryalarda damladı.
"Əli” yazım bir qayanın üstünə, 
Bəlkə özgə yadigarım qalmadı.

Dağların hər fəslinin ecazkarlığını yaşayan müəllif təbiətlə doğmalığını, yaxınlığını nəzərə çarpdırmaq üçün sənətkarlıqla elə lövhələr yaradır ki, təsvir olunan mənzərələr oxucunu heyrətləndirir; "Payız” şeirində saralmış yarpaqların tökülməsi ilə mürgülü xatirələrin oyanması, küləyin pıçıltısı, həzin musiqiyə - rekviyemə çevrilməsi, ömrün enişli-yoxuşlu dolanbaclarında ötən, itən illərin yaşanan nisgili, həyəcanı kimi psixoloji ovqatlar elə ustalıqla, peşəkarlıqla verilib ki, oxucu bu əhvaldan yaxa qurtara, təbiətin cazibəsindən xilas ola bilmir: 
 
… Sərgərdan bir xəzəl qondu çiynimə, 
Həsrət sarısını geydim əynimə, 
Qəmli "Qaragilə” düşdü beynimə, 
Yaman ağlamalı fəsildi, payız…

…Zirvələr başına yığar dumanı, 
Dərələr köksünə sıxar dumanı.
Mənim otağımda siqar dumanı,
Yaman ağlamalı fəsildi, payız…

…Elə sürüşkəndi diklər, yoxuşlar, 
Viranə könlümü döyür yağışlar.
Hələ harasıdı, qabaqda qış var,
 Yaman ağlamalı fəsildi, payız…

… Bu payızdan sonra qış gəlir, qayğılar bir az da artır, ağrı-acılar çoxalır, "üst-üstə yığılan qar qalaqları yolların belində şələ olur” və bu zaman Adəm övladı yazın həsrətini yaşayır, "bircə bu qışdan da qurtula bilsək…” nidası ilə günləri sayır. Əli bu ovqatı "Qışın soyuğu” şeirində belə ifadə edir:

...Bu fevral tösmərək başa çatarmı?
Bu qarın altında bənövşə varmı?
Səbir tükənsə də, sual qurtarmır,
Bircə bu qışdan da qurtula bilsək...

Gözümüz-könlümüz baharlanardı, 
Ağrımız-acımız buxarlanardı,
Yeni sevdalarda yaxalanardıq, 
Bircə bu qışdan da qurtula bilsək... 

***          
Ana haqqında saysız-hesabsız şeirlər yazılıb, laylalı günlərin həsrətindən nə qədər danışılıb.Bu müqəddəs varlığın yoxluğu ağrıyla, əzabla dilə gətirilib.Yer üzünün ilk əsgərinin ana, ilk himninin də ana laylası olması iddia edilib.Ana itkisi  taleyin ən ağır yumruğu sayılıb. Səməd Vurğun anasız həyatı zindan kimi dəyərləndirib.
Əli Nəcəfxanlı da bu mövzuda qələmini sınayıb. Anasının həyatla vidalaşdığı, torpağa əmanət edildiyi anları elə təsvir edib ki, "Ana itkisi” şeirini oxuduqca nə vaxtsa hər birimizin ömründə yaşanan bu üzüntü və kədər yenidən içimizi göynədir:

...Anam damla-damla tükənirdi,
Ağrısı bıçaq kimi
Saplanmışdı canına.
Əzrayıl gəlib çıxartdı.
Və anamı apardı 
Anasının yanına.
"Tapşırıq”da isə üzünü torpağa tutub sanki yalvarır:
Torpaq sənə tapşırıram
Canımdan əziz anamı.
Gül-çiçəyə bələ yatsın
Gül kimi təmiz anamı.
...Deyirlər, soyuqdu üzün, 
Barı qoynun isti olsun.
Ana deyilsənmi özün?-
Gözün onun üstə olsun!           
                                  
***                   
Hər dəfə dəmiryolu vağzalında gedib-gələn qatarları görəndə Əli uşaqlığını, gəncliyini xatırlayıb o illərə qayıdır. Dəmiryolçu olan atasının "uzun qollarının göy damarlarını” relslərə oxşatdığı, "paravoz oyuncaq görməsə də” paravoza mindiyi vədələr gözləri önünə gəlir,  "o güləyən atalı günlərinin” bəxtəvərliyi yada düşür,  "ağlayan atasız günləri” isə  içini göynədir... Ağır sınaqla üzləşəndə, kədərlə qarşılaşanda yenə də gözü onu axtarır, onun köməyindən bəhrələnəcəyinə ümid bəsləyir. Düşüncələrindən sanki yuxudan oyanırmış kimi qəfildən ayılıb deyir:

...Atam qatar kimi şütüyüb keçib,
Paravoz fitində gəzirəm onu.
...Atasız günlərim acı həqiqət,
Atalı günlərim şirin bir yuxu.
Qarışıb paravoz tüstülərinə 
Göylərə çəkilib atamın ruhu... 

***   

Əli şeirlərində yurd-yuvasını elə təsvir edir ki, xəyalında onu öz dogma od-ocağın kimi qəbul edirsən; gözlərin önünə uşaqlığın, gəncliyin keçən yol-riz, çöl-çəmən, oxuduğun məktəb, əzizlərinlə keçirdiyin günlər, itirdiklərin... gəlir və belə anlarda qəlbini keçmişin həsrəti, nisgili bürüyür.Bununla belə "dolan bulud boşaldığı” kimi, içində, daxilində nə vaxtdan qubar bağlayan dərd, kədər də sanki yüngülləşir. Düzdür, bu, az bir zaman çəkir. Amma o qısa vaxt sənə ömrün boyu duyğularına, hisslərinə tab gətirməyə bir güc, qüvvə  verir, çiyinlərində gəzdirdiyin  dərd yükünü  bir az da doğmalaşdırır, öləziməkdə olan ruhunu dirçəldir, özünə, ilkinliyinə qayıdışı, bununla da durulmanı gerçəkləşdirir...

... Bütün zamanlarda "söz oyunu”nu vərdişə, peşəyə çevirən şairlərə də rast gəlinib; şeirlərin mövzusu rəngbərəng, ölçü-biçisi yerli-yerində.Di gəl ki, təkcə fikrin səmimiliyi, ürəklə kağıza köçürülməsi, təmiz, pak hisslərlə, qəlbin hərarətiylə qələmə alınması çatışmayıb; misralar oxucuya sevgisiz, məhəbbətsiz ünvanlanıb.Xalq şairi Sabir Rüstəmxanlı kitaba ön sözündə qeyd edib: "...Əli Nəcəfxanlının bütün şeirləri sevgiylə yazılıb. Müraciət etdiyi bütün mövzular poetik ruhun sücgəcindən keçərək, min illik yazılı tarixi olan Azərbaycan söz sənətinin ənənələrinə yeni baxışın, yeni yanaşmanın təzahürü kimi təqdim olunur... Əli ağrıları da, dərdi də, həsrəti də sevərək yazır.Onun şeirləri üçün əsas mövzu-sevgidir. Sevgidən söz düşmüşkən, Əlinin kitabın "Sevgi varsa...” bölümünə daxil etdiyi şeirlər sadəcə, sevgi şeirləri deyil, onlar minlərlə, milyonlarla insanın keçirdiyi duyğuların təzahürü, yaşadığı hisslərin ifadə forması, həsrətin, ayrılığın əzabından yaranan könül qırıqlığının bədii təsviridir”.

Xalq şairi Sabir Rüstəmxanlının ön sözündə daha sonra oxuyuruq: "Əli Nəcəfxanlı ədəbiyyatdan heç bir iddia güdmədiyini deyir və mənə elə gəlir ki, bu qədər səmimi, bu qədər həssas şeirlər yaza bilən bir şairin ən böyük iddiası elə səmimi və gözəl şeirlər yaza bilməyidir...”.
Doğrudan da Əlini yaxından tanıyanlar yaxşı bilirlər ki, onun heç kimdən, eləcə də qəlbən, bütün varlığıyla bağlandığı ədəbiyyatdan heç bir iddiası, umu-küsüsü yoxdur; illərdi ki, başını aşağı salıb vicdanlayazı-pozuyla məşğuldur və ən ali mükafatı, ənamı da xalqa namuslu qulluqda görür:

... Yaxına qoymadım mən çuğulluğu,
Yaşatdı könlümü sevgi bolluğu.
Ən ali rütbəmdi xalqa qulluğum, 
Elə bu rütbədə şaham, a qardaş!

Sözün düzü, bu misralar mənə həm də  Məmməd Arazın "Vətən mükafatı” şeirini xatırlatdı:

…Qol verdin boynunu qucaqlamağa,
Göyünə baxmağa göz verdin, bəsim...
Kürək söykəyənin ana torpağa
Haqqı yox ayrı bir təltif istəsin...

Bəli, Əli Nəcəfxanlı "xalqa qulluq” haqqını ləyaqətlə daşıyan, "oxucuya nüfuz edə bilən, amma bunun arxasında "otur məni oxu” yalvarışı yox, "otur məni oxu” diktəsi olan” (Sabir Rüstəmxanlı) istedadlı bir şair, istedadlı bir jurnalistdir... 
 
Vaqif BAYRAMOV








İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az