"Səndən sonra (sonra) olmayacaq!"

Aydın Caniyev

PREZENTASİYA
Adı: içindən qatar keçən roman - Getmə
Müəllifi: İlqar Rəsul
Mövzu: 21-ci əsrin ilk "çetvert"ində Azərbaycanda, əsasən də paytaxtda ailə modeli və sevgi münasibətlərinin təsviri, lirik-psixoloji yaşantılar, ictimai-siyasi, tarixi-etnoqrafik düşüncənin nəsillərin yaddaşındakı cizgilər, yaşamın məişət və fəlsəfi kateqoriyalar üzrə izahlı, monumental təsnifatı, əslində isə həm də ailə dəyərlərinin və sevginin deformasiyası, bu dəyərlərin korroziyası, erroziyası, yazıçının çox sakitliklə faciənin nəqli! 
Tirajı: 1000 nüsxə
Redaktoru: Yusif Rzayev
Məsləhətçi: Qabil Abbasoğlu
Korrektor: Kəmalə Cəfərova

Haçansa olacağını gözləməyə hövsələm çatmayan bu prezentasiyada roman və həm də kitab haqqında

ÜRƏK SÖZLƏRİ
mi söyləmək üçün özümü tribunaya dəvət edirəm və... çıxışıma başlayıram:
- Var ömür qatarı, var durna qatarı, bir də var "izləri özlərindən əvvəl yaranan, sonra onların üzərlərindən gəlib keçən qatarlar" (İlqar Rəsul - A.C.). Bu gün mən əminliklə deyirəm, İlqar Rəsul bütün zamanların  Qatar haqqında ən yaxşı romanını yazıb və mən onu təbrik edirəm! Bu romanın baş qəhrəmanını ədəbi tənqid, əlbəttə ki, Həmid və Əsməri sayacaq, bu obrazları öyür-çöyür edəcək, heç şübhəsiz də elə bununla yanlış edəcək.
Romanda süjet xəttinin iki qolundan biri - "Qeyd (çap olunmamış romandan)" lövhələri kifayət qədər mükəmməl ədəbiyyat nümunəsi olaraq, Qatar, Qadın və Ailə-sevgi münasibətlərinin ictimai-fəlsəfi yönünü, sosial-məişət yöntəmini incəliklə, zərgər dəqiqliyiylə açıqlayan bədii-publisistik tablodur!
Düzdür, ədəbi tənqid ola bilsin ki, bu romanı Qadın, Qadın Dünyası, Qadın sevgisi haqqında qənirsiz qələmə alınmış ən yaxşı roman kimi təqdim edə bilər və haqlı olar da!
Lap ola bilər ki, Həmid surətinə görə bu əsər kişiləri aciz məmləkətin ən yaxşı Kişi obrazı haqqında ən yaxşı mükafata layiq görülər. Qətiyyən buna da şübhə etmək lazım deyil!
Ədəbi tənqid ordusunun içində elə bir hökm-fərmanın tapılmağı da gözləniləndi ki, Fikrətə görə "humanist Azərbaycan kişisinin fədakar obrazı" mükafatı üçün dava da açsın münsiflərlə! Alqışlanası addım olacaq! Bir kimsənin tutalqası olmaz etiraz etsin!
Ancaq mənim üçün bu əsər Qatarın - kimlərinsə üstünə gələrək, kimlərinsə içindən keçərək, öz içində qatar altına düşən kimlərinsə Qatilinin, Cəlladının və Əzrayılının heç zaman unuda bilməyəcəyim obrazı deməkdir! Həm də bütün qəhrəmanların həm özlərini, həm də ailə üzvlərini öz altında, içində, üstündə qətl edən Cəllad Qatar, Əzrayıl Qatar... bir sözlə, Qatil Qatar.
Romanda İlqar Rəsul çox böyük müdrikliklə Qatilə, Cəllada və Əzrayıla gözəl tərif verib - heasablaşmamaq mümkün deyil. Və bu məqamda daha bir nüansı qeyd edim: "Müəllifdən" və "Proloq"dan yüz ilin nəhəng yazıçısının Oxucuyla səmimi təması adamı məst edir. İlqar Rəsulu bu cür girişə görə də təbrik edirəm. Kənar adamlar üçün ürpəşdirici-ikrahdoğurucu görünə bilər, amma mənim dediyimin sətiraltısı yoxdu: kitabın üz qabığının birinci səhifəsindən sonuncu dördüncü səhifəsinə, 7-ci səhifədən başlayıb 271-ci səhifədə bitən romanın da hər səhifəsində cazibədar bir çəkicilik var və buna görə də deyirəm: Azərbaycanda toxumluq üçün bir dənə də olsa ziyalı olmadığı kimi, bir dənə də olsa kitab nəşrini bilən, ona hörmət edən naşir yoxdur. Ən azından kitabın üçüncü səhifəsindəki mətnin eynilə üz qabığının dördüncü səhifəsinə atılması eyni korrektura səhvinin burdan ora daşınmasıdı. Mən bu ştrixə ona görə diqqəti cəlb edirəm ki, hazırda ölkəmizdə "Getmə" romanı kimi obrazlarının prototipi qədər potensial - sanballı, intellektual - oxucusu minimum 5 min ola biləcək roman yoxdur və yaxın 6 ayda biz buna şahid olarıq. 164 səhifəlik romanda 150-ci səhifəyə qədər, yəni 143-cü səhifədə 10 korrektura səhvi kifayət qədər çoxdur. Nəhayət, birdəfəlik onu da bilmək lazımdır ki, müəllif həm də şəxsiyyət vəsiqəsində yazıldığı kimi təqdim olunmalıdır! İlqar Rəsul real həyatda üz-üzə gələndə salamlaşdığım, mətbuatdan, sosial şəbəkədən dost olduğum imzadır, amma mən, 30 ilin jurnalisti nə atasının adını bilirəm, nə familiyasını, halbuki bu təqdimatı nəşriyyat etməyə borcluydu! Tərcümeyi-halını qısaca da olsa, müəllif istəməsə belə, verməliydi - eyni mətni həm kitabın içində, həm də üz qabığının sonuncu səhifəsində verməkdənsə.
Bu "qanqaraldıcı" məqamları İlqar Rəsula ona görə deyirəm ki, o biri dostum, o biri İlqarın, İlqar Kamilin fikriylə razıyam: "Yeni kitab almısan? Götür əlinə, üz qabığına bax, arxa üzünü çevir, orda yazılanları da oxu, öp kitabı, bağrına bas, kitab ətri şahanə olur, ətrini ciyərlərinə çək, mən səni oxuyacam, de, zehnimi aç, de, qəliz olma, de: səni yarımçıq qoymaq istəmirəm!" (İlqar Kamil, 18 декабр, 2017, saat  9:08 Yaroslavl şəhəri)
Bəli, biz aldığımız kitablara belə münasibət bəsləyirik! Bu münasibətə həqarət etməyin!
Keçək əsas məsələyə, romandan anladığımıza.

Mən İlqar Rəsulla çox yaxın dost olsaydım, tez-tez görüşsəydim, sirdaş, həmdəm olsaydım, lap belə bəd ayaqda bir redaksiyada çalışsaydım, siqaret çəkməyə çıxanda, ya bir stolda çay içəndə ona istəməsə belə, danışacaqdım: qatarlar qatildir. Üstündən əlavə də edərdim: ən çox da qatarlarda bələdçi kupeləri cinayət yuvalarıdı! Və... o odalarda yüzlərlə əsmərlər ailə xəyanətinə imza atıblar. Hətta adbaad deyərdim.
İlqar Rəsula, həyatda əxlaqlı bir insana, ədəbli bir yazara, Azərbaycan qadınını son anda olsa belə atdığı yanlış addımdan, namussuzluq girdabından dartıb geri çıxaran, çəkindirən, onu onsuz da kişiləri aciz məmləkətin keybalaxanım Həmidinin əliylə özünə, ailəsinə qaytaran İlqar Rəsula təşəkkür etmək boynumuzun borcudur!
İlqar Rəsul çox da doğrusunu yazmış olardı Əsməri Həmidə son sərhədəcən təslim etməkdə. Etmədiyi üçün sağ olsun. Əsmər bələdçi kupesində özünü bələdçiyə təslim edən sonuncu qadın deyil, amma salamat çıxan ilk qadındı. Hərçənd Əsmər özünü sevdiyi kişiyə təslim etmək üçün addım atmışdısa, mənim tanıdğım əsmərlərin içində eləsi olmuşdu ki, üç ilə "privet" sözünü elə "prvet" yazan bələdçinin vurduğu ətir iyinə dözməmişdi. Əminəm ki, İlqar Rəsulun bu romanını oxuyan əsmərlər bundan sonra o kupelərə doğru baxmazlar!
Ədəbiyyat doğrudan da magik gücə malikdir. Tanıdığım biri vardı, deyirdi ki, rəfiqəm xüsusi inamla bildirirdi ki, mən Dostoyevskini oxumasaydım, fahişə olardım!
Sağ ol, İlqar Rəsul, bizim həyatda heç qeyrətini çəkə, qoruya bilmədiklərimizin namusunu Sən heç olmasa romanda da olsa sərgilədin!
Mən romanda xüsusi diqqəti həm də ona çəkmək istəyirəm: Həmid yaradıcı mühitin adamıdı! Əsmər də. Və İlqar Rəsul öz aralarında bir-birlərinə "bu sevgidən də ötə, ali hiss" dedikləri "doğmalığı", onun yaratdığı faciəni qələmə almaqla, quşu sanki gözündən vurmayıb e, avtomat Kalaşnikovla sərçəni paramparça edib!!!
Bir daha deyirəm: İlqar Rəsulla çox yaxın dost olsaydım, tez-tez görüşsəydim, sirdaş, həmdəm olsaydım, lap belə bəd ayaqda bir redaksiyada çalışsaydım, siqaret çəkməyə çıxanda, ya bir stolda çay içəndə ona istəməsə belə danışacaqdım, romanın redaktoru Yusif Rzayevə danışdığım kimi, Seyfəddin Hüseynliyə danışdığım kimi:
- Əzizim İlqar! Həmidin və Əsmərin mənsub olduğu mühiti dəqiq seçmisən. Bəli, yaradıcı sahələr, xüsusən də, jurnalistika, ədəbiyyat, mədəniyyət, incəsənət doludu Əsmərlə, Həmidlə. Mən Səni böyk məmnuniyyətlə jurnalistikanın Həmidi, ədəbiyyatın Əsməri ilə tanış edirəm, buyur. Əsmər gözləyir ki, haçan "Sara" dədəsi evinə gedəcək, ya onu işdən xaricə göndərəcəklər, o da özünü atacaq Həmidin evinə. Kirayə tutduğu evə yox e! Həmidin evinə! Sən çox abırlı adamsan, İlqar Rəsul! Sən  Həmidi çox redaktə eləmisən, üst-başını, iç dünyasını bəzəmisən, ona üstün keyfiyyətlər vermisən. Azərbaycan kişisi Həmiddə Azərbaycan kişisinin kişilik xarakterini canlandırmısan. Ruslar belə sevgilərə "zapretnıy lyubov" deyirlər. Və belə sevgilərin faciəli sonluğu qaçılmazdı. Həmidlərdə cəsarət olmur. Çünki onlarda məhz kişiliyin o nüansı çatmır ki, onlara sevgisini bəyan edən Əsmərə desinlər ki, səni aldatmaq, oynatmaq istəmirəm, ya da boşansınlar və Əsmərlə evlənsinlər! Əsmərlərdə də o ağıl yoxdu ki, üstlərində haqqı olan arvadlarını xoşbəxt edə bilməyən Həmidlər əldən-ələ keçən Əsmərləri xoşbəxt edə bilməzlər. Amma elə Həmid kimi özləri cükküldəşir, müəyyən bir mərhələyə çatdırır, özlərinə öyrəşdirir və sonda... məsləhət görürlər ki, birini, - yəni peysər deyib aşağıladıqlarını, - tap, ərə get, sonra gec olar, peşman olarsan! Və Fikrətlər tapılır. Əsmərləri özlərinin sevgisinə inandıra bilən Fikrətlər! Sonda isə məlum olur ki, heç atası olduğu uşaqlarını adını nə qoyması belə vecinə olmayan "peysər" necə dağ çəkib!!! Axı Əsmər və əsmərlər ikinci olmaq istəmir, bunu özlərinə həqarət bilir!
Sağ ol, İlqar, sağ ol!
Və hesab edirəm ki, Səndən də yaxşı Həmidlərin qulağının dibini tərs sillə ilə qızardan ola bilməz: "Yerdən daş götürüb dənizə tullamadınız ey, içinizdən insan çıxarıb kimsəsiszliyə atdınız!"
Özümə söz vermişdim yazıda romandan sitat gətirməyəcəm!
Bacarmadım!
Özümə söz vermişdim romanı oxuyanda son səhifəyəcən qələm əlimdə olacaq qeydlər üçün!
Bacarmadım!
130-cu səhifədən sonra QATAR nə təhər sürət yığmışdısa, hadisələr necə sürətlə cərəyan edirdisə, bir də ayıldım ki... Əsmər Biləcəridə qəbristanlıqdan özünü "dəli bir uğultu ilə yola düşən qatar"ın altına atıb!
Düz elədin, Qardaş!
Əsmər də ölməliydi!
Həmid də!
Fikrət də!
"Bomj" gününə qalan Qabil də!
Qoy Eldar əmisiqızı Sevdanı döysün və yaşasın! Qoy Sevda sevmək üçün yansın, odlansın, amma sığındığı o bapbalaca yorğan olsun - o yorğana sığınmağın əzabı, əmisioğlunun yumruqlarından yaranan göylərin ağrıları Həmid üçün, Həmidlə kupedəki olay üçün yaşanan sarsıntılardan min dəfə təqdirəlayiqdir!
Ən azından silinə, unudula bilən, xəyanətə, yalana, faciəyə səbəb olmayan ləkələr, ağrılardır!
Qoy... qoyma! Amma Sən qoymasan da... olacaq!
Çünki ədəbiyyatın, jurnalistikanın, mədəniyyətin, incəsənətin Həmidini sevən... ədəbiyyatın, jurnalistikanının, mədəniyyətin, incəsənətin Əsməri bir süpürgəçi qədər də sevdiyinə sadiq qala bilməyəndi!
Son vaxtlarda yazdığım "Heyrət etdiyim iki qadın!" yazısındandı:
Bu Qadın sevdiyini sevirdi!
Bu Qadın "insan bir dəfə sevər!" prinsipinin ən bariz mücəssəməsiydi!
Bu qadın nəinki yüzüncü dəfə həyatına gələnə yüzüncü dəfə sevgisini və həyatında olanları danışıb üstündən də onu qəbul edən peysərə  "mən İNDİ səninlə xoşbəxtəm" deməyi özünə rəva görürdü, heç ... ikinci dəfə üçün belə düşünmürdü! Özünə bu şansı vermirdi. Heç bir ikincinin və növbətisinin Onun - sevməyi bacaran və sevgisini saf saxlayan vəfa, ruh, yaşantı sədaqətlisinin sevgisinə layiq olmadığını sərgiləyirdi!
İndi bildinmi, niyə bu qədər "Getmə" romanın mənim üçün qiymətlidi?
Yeganə iradım isə başlığa çıxardığım fikrinədi: Əsmər deyir ki, "səndən sonra olmayacaq demişdim. Amma oldu düşünmüşdüm..."
Bu fikri mən də daxil olmaqla çox kişilər deyib, deyir və deyəcək. Çox Əsmərlər də deyib, deyir və deyəcək. Amma mən deyən daha dəqiqdi, mən belə deyirdim:
Səndən sonra... sonra... olmayacaq!
Amma elə mən də Əsmərin bir tayı oldum - Sənə etiraf etmək olar!
VƏ SONDA: "Getmə..." ilk baxışda ayrı anlam da verir, hətta nidasız və üç nöqtə də ilk baxışda müəllifin fikrini çatdırmır, amma TƏRKETMƏ  daha yaxşı olmazdımı? İçindən o boyda Qatar keçir e...
SÖZARDI: Həmidin "David"lə - Aliyə xanımla dialoqları ilk baxışdan bəsit görünsə də, kifayət qədər intellektualdı. Xüsusi ilə qeyd etmək istəyirəm: "Bütün günahların içində ani, həm də nəsə müqəddəs bir yaradıcılıq var, məncə".
Ramiz Cavanşirlə Əsmərin dialoqu daha möhtəşəm və məhz həmin yerdə, 145-ci səhifədə yazmışam: "Səni lənətə gələsən, İlqar Rəsul!"
- Həlak olanların hamısı mənim balalarım idi. Amma kaş vaxtında hər bir əsgər şəhid olanda bağrıma basıb qoxulayaydım ki, oğlumu itirəndə də elə edə biləydim.
Yazını həmişə bəyəndiyim, statuslarımda paylaşdığım, romanda isə Əsmərin Həmidə dediyini oxuyanda "super" yazdığım fikirlə bitirirəm:
- Yox. Olmaz! Mənim olmayanı... olmaz!
Bəli, insanlar həmişə sevimli Müəllimim Vahid Pzayevin illər öncə yazdığı bu dörd prinsipə əməl etməlidi: "Mənim olmayan mənim deyil! "Olmaz"ı "olar" etmək olmaz! Yoxdur, olmayacaq da! Dartınma!"
Bir daha Səni də, Azərbaycan ədəbiyyatını da yeni romanla bağlı təbrik edirəm!
YAZIYA SÖZARDI:
- Nə vaxt bir qadın kimi heç kimə lazım olmadığını duysan, yaşadığın şəhərdə xoşladığın daşın üstünə mənim yoxluğuma iki dənə qərənfil qoyarsan!
- Aydın, mən ac qarnıma yemək bişirməyə ərinirəm, hardan xoşuma gələn daşı axtarıb tapacam? Bilirsən bu mənim üçün nə deməkdi?
SON: "Getmə..." hər bir kəsin ömründən keçirtməli olduğu Qatardır! Çünki... "adam özü ilə söhbətdə yalan danışa bilmir axı!" 
Özünüzlə söhbətə başlayın, lütfən!
 
Miq.Az
 







İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az