"Sənə nə"dən bir addım geri - "Mənə nə..."


Baxırsan, fikirləri oxuyursan. Dünən dediklərini inkar edənlərə məəttəl qalırsan. Söyənlər sevənlərə dönüşür, tənqidçilər təqdirçilərə. Bir- iki hərf fərqi olan təzadlı sözlərtək asanca dəyişirlər. Və çoxlarından soruşsan, yazıq təvazökarlığı az qala borclu çıxaracaqlar. "Mən təvazökarlıqdan uzaq olsa da deyim"lə-təvazökarlığın gözünü yaşardaraq mənlərindən yola çıxacaqlar, həm də necə çıxacaqlar. Bu yolu, bu cığırı ilk açmış, ilk yaratmış kimi. Özlüyündə bəlkə də elədir. Amma... 

Düşünürsən. Dünənki toy cavanmıydı ki, bu gün ahıllaşdı? Dünənki dəli qanlımıydı, bu gün müdrikləşdi? Nə dəyişdi? Dünən dövranı da, zamanı da qamçılayırdı. Öz leksikonunda ehtiyatı bitəndə klassiklərin cəbbəxanasından güllə- barıt alıb üsyanı ilə "partladırdı dünyanı"... 

Sonra nə oldu ki? Dövranmı, zamanımı dəyişdi? Dünən dövrana hakim olanlar istefamı etdi-xəbərimiz yox. Yoxsa itirdiklərimizdən gerimi aldı?! Yoxsa artıq Dədə Qorqud tonqallarının hamısını yandırıb hamını başına yığacaq vəd edilən firavan bir həyata, bir günəmi yetişdik?

Suallar çox. Cavab yerinə qərəzlə qəzəb atına minmədən dünənki etirafları dü gün qarşısına qoysan. "O zaman üçün elə gərəkirdi, bu zaman üçün belə deyəcək buqələmunsansa... O zaman bu hay-küy nəyə gərəkdi?" Yox, bunu deyən olmayacaq. Olsa da, "dünən ayağım əyri idi, bu gün düzəltdirdim sənə nə"-deyənlər kimi əyrisini düzəldəcək. 

Sənə nə? Sizcə də elə "sənə nə"dən bir addım geri "mənə nə" fəslində deyilikmi? O zamandan bu zamana nə dəyişib bilmirəm. Amma mənzərə yenə 10 il, 20 il əvvəlkini arxtartdırmır. Sadəcə villalar, çəpərlər bir az yüksəlib. Bir də dünən tənqid edən qaralarla oynayan ağlarla ağlara oynamağa keçib. Və bir də dünən o olmayan yer qara idi. Qənimət üçün ona verilən yerdən indi hər şey ağ görünür. 

Sonra deyirlər ki, niyə yazmırsan? Yazanda da belə olur. Xətrə dəyirsən. Hörmətli qaralarla oynayıb ağlara keçənlər, başa salın, siz necə dəyişib belə dəyişməz qalırsınız? Yenə yeni gündəmin qəhrəmanı kimi. Qəliz oldu, eləmi. Sadəcə qərəz olmasın da...

Oskar Uayldın "Doriyen Qrey"ini oxuyun. Vicdanınızın şəklinə baxın və... Dəyişməyən simanızın eybəcərləşən portretdəki əksi olan vicdanınıza bir az yaxın olun! Mücərrəddir, bilirəm. Asanını da mən bilmirəm. 

Tünzalə Vəliqızı,
Moskva, 14.03.2018

P.S. Heç "mənə nə" deyib keçə biləcək qədər də fərasətli deyiləm. O üzdən bütün siyahılarda yerimi buna görə təyin edirlər...

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az