Sevgililər günündə Pərvinlə 45 kişi və 4 qadının sevgi yaşantlılarını bölüşərkən...

Sevgililər günündə Pərvinlə 45 kişi və 4 qadının sevgi yaşantlılarını bölüşərkən...
və yaxud
ən gözəl aşkoqrafiya

YAZIÖNCƏSİ: 90-cı illərin əvvəllərində nəşriyyat işinin mahir bilicilərindən biri jurnalist Əlövsət Ağalarovun, ustad qəzetçi-jurnalist olmaqdan əlavə həm də virtuoz tərcüməçi Şakir Yaqubovun və bir də sonralar heç harda imzasına rast gəlmədiyim Elçin Cabbarovun üçlükdə oxucuların ixtiyarına verdiyi "Onlar belə sevirdilər" kitabı əlimə düşmüşdü. Bu tərcümə kitabında dünyanın nəhəng imzalarının sevgi dünyalarından unikal faktlar yer almışdı, hətta bircə dəfə bir-birini görüb sevgili olanların otuz il hər gün bir-birinə məktub yazmaları, "əsrin sevgisi" - eyni vaxtda üç kişiylə sevgili olmuş, ikisiylə birgə yaşamış xanımın özəl dünyası diqqətimi çəkmişdi!

Sonra rəhmətlik Məmməd Aslan sentimental yazılarımı oxuyub mənə türklərin də eyni mahiyyətli "Aşkoqrafiya" kitabını (Türkiyə nəşri) hədiyyə etmişdi.
Daha heç harda belə fundamental sevgi antologiyasına rast gəlməmişdim, ta ki... bu gün kitabevim.az-da "Xan" nəşriyyatının öz təşəbbüsü ilə araya-ərsəyə gətirdiyi "Səni sevdim" kitabının təqdimatınacan!

SÖZARASI vurğulayım ki, "Xan" nəşriyyatı bu addımıyla gözəl bir ilkə imza atmış olub - əgər bu xətt davam edəcəksə və həm də bu digər bu tip gözəl yazarlara şamil ediləcəksə, yəni... müəllifin sosial-iqtisadi durumu nəzərə alınmamaqla bərabər, indi olduğu kimi, istedadı abardılacaqsa!
Bugünkü törən... bütün mənalarda sevgiylə yoğrulmuşdu. İştirakçı olan ədəbiyyat təmsilçilərinin, media nümayəndələrinin, rəsmi personaların, qızlı-oğlanlı gələn gənclərin  hamısı müəllif Pərvinə sevgi bəsləyənlər idi!
Pərvin bunu insanlığa sevgisiylə, sevgini uca tutan insanların sevgisinə sevgisiylə-sayğısıyla haqq etmişdi! Amma - amması axırda! Bəri başdan deyim ki, hisslərimə və yazı həvəsimə təkanverici qüvvə səmimiyyət oldusa, dərgahın qapıları taybatay açılır - bunu da qaçaraq nəzərinizə ona görə çatdırdım ki, bəy tərifi və pafos saymayasınız!
Əlqərəz, birbaşa keçək... səhnəyə!

Xalq şairi, çoxumuza çox yerdə meydan tanıyan, meydan verən, kitabı meydanlarda oxunan Sabir Rüstəmxanlı ilk sözün sahibi oldu, baxmayaraq ki, şeiri bu kitabda lap axırda verilsə də - Sabir də Sabir olmazdı ki, Pərvinə jest edib buna haqq qazandırmayaydı, "bir vaxtlar onunla müsahibə almağa qorxa-qorxa gedən Pərvin"lə (Pərvin - A.C.) indi yanaşı durub sözünü deməyəydi!

Sabir Rüstəmxanlı: "Hər şeydən yorulmaq var axırda. Görünür, sevgidən də yorğunluq olur. Sonda mənim sözüm deyilir, mənim sözümə ehtiyac yaranır" - təxminən belə... və həm də əla!
Həm də Sabir Rüstəmxanlı böyük və ağsaqqal olaraq, etiraf etdi ki, bir vaxtlar mənim "Ömür kitabı"mı qızlara gəlinlik cehizi verirdilər, çoxları "gəlinlik cehizi" olsun deyə kitab yazdılar, elə ortalıqda qaldılar, amma kitabıma rəqib Pərvinin "Səni sevdim"i olacaq! "Ömür kitabı" vətəndaş mövqeyi olacaq, Pərvinin "Səni sevdim"i sevgi dünyası...

Razılaşmamaq olmadı və gələcəkdə də razılaşmamaq mümkün olmayacaq Sabir bəylə... - niyəsini də deyəcəm!

Bu arada deyim ki, tədbirdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli, AYB-nin katibi Rəşad Məcid, Seyfəddin Hüseynli, şairlər Elçin Mirzəbəyli, Şəhriyar del Gerani, İltimas Səmimi, yazıçı Şirməmməd Nəzərli, jurnalistikanın qaymaqları sırasından sevimli imzalar Müsəllim Həsənli, Elşən Əliyev, Süleyman Qaradağlı, Yusif Rzayev, "modern.az" saytının rəhbəri Elşad Eyvazlı və Musa Yaqub demiş, hər yerdə adlarına növbə çatanda "və başqaları" yazılanlar... (mən "radarıma" düşənlərin adlarını vicdanlı şəkildə yazdım, görmədiklərim üzrlü saysın - A.C.) iştirak edirdi. Sözsüz ki, tədbirlərin bəzəyi Kəramət Böyükçölsüz nə tədbir? Ən maraqlısı isə iştirakçılar arasında həm də mənim toyda-vayda belə nadir hallarda gördüyüm tələbə yoldaşlarım vardı - izaha bundan da artıq ehtiyac varmı tədbirin sanbalını çatdırmağa?   

ZƏRURİ SUAL verilə bilər ki, kitab Pərvinindisə, Sabir Rüstəmxanlının şeiri orda neynir? Və təkcə... Sabir Rüstəmxanlınınmı? Bəs İzzəddin Həsənoğlunun, Nizami Gəncəvinin, Füzulinin, Aşıq Veysəlin, Yunus İmrənin, Molla Pənah Vaqifin, Qasım bəy Zakirin, Xəstə Qasımın, Aşıq Ələsgərin, Aşıq Ömərin, Hüseyn Cavidin, Mirzə Ələkbər Sabirin, Bəxtiyar Vahabzadənin, Səməd Vurğunun, Əliğa Vahidin, Mikayıl Müşviqin, Nəriman Həsənzadənin, Fikrət Qocanın, İlqar Fəhminin, Ramiz Rövşənin, Vaqif Bayatlı Odərin, Əli Kərimin, Əliağa Kürçaylının, Eldar Baxışın, Nüsrət Kəsəmənlinin, Xəlil Rza Ulutürkün, Vaqif Səmədoğlunun, Məmməd Arazın, Qabilin, Süleyman Rüstəmin, Hüseyn Arifin, Zəlimxan Yaqubun, Eldar Baxışın, İsa İsmayılzadənin, Rəşad Məcidin, Vaqif Bəhmənlinin, Seyran Səxavətin, Anarın, Rəsul Rzanın, Nigar Rəfibəylinin, Marina Svetayevanın, Anna Axmatovanın, Puşkinin, Boris Pasternakın (rus ədiblərinin şeirlərinin tərcüməçisi ANARdır - A.C.), hələ üstəlik də Ataol Bəhramoğlunun, Rza Tofiq Bölükbaşının, Nazim Hikmətin, Faruq Nafiz Camlıbelin...

Həə, bax, bu kitabın dəyəri, mahiyyəti və İLKİNLİYİ BU: Pərvin xanım adlarını sadaladığım şairlərin hər birinin bir və ya bir neçə sevgi şeirini ESSELƏŞDİRİB!

Esseist kimi isə, mən Pərvinin yazı üslubunu bəyənirəm, yanaşma fərqliliyini təqdir edirəm, minimum 11 əsrlik sevgi bəyannamələrinin təfsirini məqbul sayıram və... bu ilki alqışlayıram! Dünya praktikasında bu variant yoxdur.

OXŞAR İDEYA Rusiya Federasiyasında elə 90-cı illərin əvvəllərindən tətbiq olunur. Moskvada özüm görmüşəm və hətta o broşüralardan da almışam. Deməli, orta məktəb dərsliklərində tədris olunan şair və yazıçıların əsərlərindən eynən Pərvinin yazdığı üslubda və o şirinlikdə esselər yazılır, ayrıca broşüra kimi satılır - əlavə mənbə kimi.

Etiraf edim ki, Pərvin hətta rus ədəbi düşüncə təmsilçilərindən daha fundamental ilkə imza atıb, mənim isə bu kitabla tanışlıqdan sonra belə bir təklifdə bulunmaq cəsarətim yaranıb: Pərvinin "Səni sevdim"ində istər Azərbaycanın, istər Türkiyənin, istərsə də rus ədəbiyyatının klassik və müasir dövrün ən dəyərli imzalarının mübhəm və mübariz sevgi şeirləri - iç dünyaları, yaşamın alilik prinsiplərini ifadə edən duyğuları sadə, lakonik və anlamlı bir dildə qələmə alındığından məktəblərdə ən azından sinifdənxaric oxu kimi tövsiyə edilsin, əgər bunu tədris proqramına salmaq çətindirsə! Xüsusi heyranlığım isə esselərə seçilən başlıqlara oldu! 
Və həm də niyə?
Mənim oxuduğum "Onlar belə sevirdilər", "Aşkoqrafiya" əgər dünya xalqlarının nümayəndələrinin insani münasibətlərini - sevgi dünyalarını bizə təlqin edirsə, onların sevgisini bizə nümunə göstərirsə, Pərvin bizə bizim sevgimizi sevdirir, bizə bizim hamıdan yaxşı sevdiyimizi çatdırır!
Bəli, biz - türklər hamıdan yaxşı sevirik!
Məhz buna görə Pərvini sevmək olar və Pərvinlə 45 kişinin (pedantlar üçün deyim ki, əsərdə 50 imza var - A.C.), 4 qadının sevgi yaşantılarını paylaşmaq, bölüşmək özü də bir sevgi essesi deməkdir!
YAZISONRASI: Rəşad Məcidi 1992-ci ildən tanıyıram. Hər zaman istedadlı gənclərə dəstək olub, onları maddi cəhətdən də təmin etməyə ərinməyib, mənəvi baxımdan da. İş verə bildiyinə iş verib, mükafat verə bildiyinə mükafat. Və bu dəfə də mən biləndə ki, Pərvin "525-ci qəzet"in səhifələrindən boylanıb ədəbi dünyamıza, ədəbi dünyanın da adilərindən dahilərinəcən hər birinin sevgi dünyasına... bir daha və yenidən sevindim!
Rəşad Məcid gəncliyin xeyirxahı olub, elədir və yəqin də elə də qalacaq. Bir az qısqandım. Ürəkdən arzuladım ki, Rəşad Məcid qocalmaq istəməsə də, ahıllaşsın - çünki həm də mənim gəncliyimin xeyirxahlarından biri olan Rəşad Məcidsiz ahıllığı aşırmaq olmur! Ahıllığımızın Rəşad Məcidi yoxdur!
SON SÖZ ƏVƏZİ: Kitaba "Ön söz"ü yazıçı ANAR yazıb. Yüzdəyüz razıyam. Xırda-para irad tutmaq olar, "amma onlar o qədər az idi ki, üzərlərində xüsusi dayanmağa dəyməz".

Şərhə ehtiyac yoxdur!
YAZIYA SÖZARDI: Hamının yadında olar: Azərbaycanın futbol yığması Macarıstanı Bakıda 1-0 uddu. Hamı düşünməyə başladı ki, Azərbaycan əgər Macarıstanı uddusa, Macarıstanın udduqlarının hamısını uda bilər və udmalıdır!
Demirəm Pərvinin bu kitabı onun udduğu oyundu: çoxdan görmədiyim ünlü imzaları - əhli qələmləri, ədəbiyyat patirarxlarını, rəsmi personaları burda gördüm! Həm də gördüyüm Pərvinin yazdığı kitabını oxudum!
Gördüm və düşündüm: Pərvindən indi daha çox umacaqlar! Fikirləşirəm ki, yazımı bitirməyimin ən düz yolu və düzgün tövsifi elə Pərvinin kitabının forzasında Viktor Hüqodan verdiyi deyimi yazmaqdı: "Sevgi kainatın kiçilib bir varlığa sığışması və o varlığın böyüyüb Tanrıya varolmasıdır..."

Aydın Canıyev
Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az