Sizinlə qürur duyuram, Mübariz Mənsimov!

Sizinlə qürur duyuram, Mübariz Mənsimov!

"Beş qitə, yeddi dənizdə fəaliyyət göstərən və dünyanın ilk on daşımaçılıq markasından biri olan "Palmali” Şirkətlər Qrupunun təqaüd verəcəyi 100 azərbaycanlı tələbənin adı bəllidir”.

Son günlər oxuduğum və eşitdiyim bu xəbər məni yaxşı mənada son dərəcə mütəəsir və türk qardaşlar demiş, çox mutlu etdi. İnsan öz var-dövlətini, qazancını ehtiyacı olan və evindən, isti ocağından uzaqda, qərib eldə təhsil alan ölkəsinin, millətinin balaları ilə bölüşür. Hər dəfə bir çox boz mətbuat orqanlarında, qarayaxma kampaniya aparmaq üzrə ixtisaslaşmış elektron KİV-lərdə Mübariz Mənsimov və onun şirkəti ilə bağlı həqiqətə uyğun olmayan, iyrənc və ucuz xəbərlərə rast gələndə əsla xəcalət çəkirdim ki, xalqımızın, millətimizin adını dünyaya tanıdan bir insana qara yaxmaq kimlərə və nə üçün lazımdır?! Bunların yalan və feyk xəbərlər olduğunu bilsəm belə təşviş keçirir və heyfslənirdim ki, axı öz zəhməti ilə halal haqqına sahib çıxan bir kişini, sözün əsl mənasında, mayası xeyirxahlıq, mərdlik, insanlara sevgi ilə yoğrulmuş bir insan bezib də axırda bu məmləkətdən üz döndərəcək. Nə yaxşı ki, Mübariz sözün əsl mənasında mübarizliyində qaldı.

Baxın, Azərbaycanda da, ondan kənarda da Mübarizdən zəngin, pullu azərbaycanlı balaları, oğulları var. Allah canlarına dəyməsin. Ancaq onların heç biri Mübarizin yolunu gedə bilmir, onun Vətənə xidmətinin bir nümunəsini belə göstərmirlər. Bilirsizmi niyə?! Çünki bunun üçün geniş qəlb, böyük səxavət, dərin mərhəmət, alicənablıq və elə, obaya, millətə, xalqa qəlbində böyük sevgi olmalıdır. Bu gün Azərbaycanın hesabına milyonlar qazanan insanlar var ki, hobbiləri qiyməti yüz minlərlə dollar olan avtomobil, saat, müxtəlif əntiq əşyalar kolleksiyası toplamaqdı, ölkənin sağında, solunda, başında, ayağında bahalı villalar, qəsrlər, saraylar tikdirməkdi, şəxsi yaxtalarda selfi çəkdirib zənginlikləri ilə öyünməkdir. Əsla, çox az adam düşünür ki, ölkədə kasıblar, yoxsullar artdıqca əllərinə ləl-cəvahirət toplamış, var dövlətləri, sarayları, qəsrləri, yaxtaları olan bir ovuc zənginə nifrət və qəzəb də artır. Bu zənginlər təkəbbür göstərdikcə, özlərini ağa kimi apardıqca, kasıba, kimsəsizə, əlsiz-ayaqsıza cəmiyyətin artığı, ziyalıya "başı dolu, cibi boş boşboğaz” kimi baxdıqca, qəlblərinə hakim olmuş şeytan insan sevgisini qovduqca öz varlıqlarını belə təhlükəyə qoymuş olurlar. 

İllərdir ölkə Prezidenti İlham Əliyev, onun ailəsi- birinci vitse-prezident Mehriban xanım, qızı Leyla xanım Əliyeva xalqa, millətə hansı sevgi və sayğını nümayiş etdirir, görürsünüz. Onlar bunu nümayiş etdirdikcə, xalqın xidmətçisi olduqlarını, hər an onlarlın yanında olduqlarını bəlli etdikcə, millətin yuxarı eşalonunda oturan məmurlara, bu millətin parası ilə zənginləşmiş milyonçulara nümunə göstərirlər. İctimai fikir də bunu təsdiqləyir ki, insanlara sevgi, xoş münasibət, onların problemlərinə diqqət olan yerdə gərginlik, əsəbilik ola bilməz. Bəzən mənə elə gəlir ki, ələlxüsus yüksək vəzifələrdə oturan, xalqın irili-xırdalı problemlərinin həllinə məsul olan məmurların işini də çox hallarda Prezident üzərinə götürür. Amma dövlət başçısının şəxsi nümunə göstərməyi də bu məmurların təkəbbürdən silkinib çıxmasına yol açmır. 

Əlbəttə, bu başqa bir söhbətin mövzusudur. Çünki bu gün mənim üçün nəciblik, alicənablıq, kübarlıq, mənəvi zənginlik, hədsiz səxavət və xoş niyyətlər nümayiş etdirən bir insanın, el dilində desək ağayana bir kişinin hər addımı ilə milyonçularımıza səslənmədən sadəcə onlara dərs keçdiyi bir gündür. Baxın, neçə illər əvvəl eşidirdik ki, hanı bu millətin Hacı Zeynalabdin Tağıyevi?! İndi cavab verirəm, budur bu millətin Mübariz Mənsimovu. Səssiz-küysüz, aləmə car çəkmədən, beş-on qaçqına, kimsəsizə bayramlarda bir torba ərzaq verib onu on-onbeş televiziyada, qəzet və jurnallarda yayan kişilərin tam əksi olaraq, böyük xeyriyyə layihələri həyata keçirir. Əhsən! Min yaşa! Sizinlə Qürur duydum hörmətli Mübariz Mənsimov!

İlqar Rüstəmov




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az