Son aylarda 211 uşaq vərəmə yoluxub - Azərbaycanda

Son aylarda 211 uşaq vərəmə yoluxub - Azərbaycanda
Bu ilin 6 ayında Azərbaycanda 1953 nəfərdə vərəmə yoluxma halı qeydə alınıb.

Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 1320-si kişi, 627-si qadındır. Məlumata əsasən, 6 ayda 211 uşaq və yeniyetmə arasında vərəmə yoluxma qeydə alınıb.
Nazirlikdən bildirilib ki, vərəmə yoluxanlardan 376-sı Bakı şəhərinin payına düşür. Bu da Bakı şəhərində əhalı sıxlığı ilə izah oluna bilər. Lakin son illər üzrə hesabatlar göstərir ki, Bakı şəhəri üzrə 100 000 əhaliyə xəstələnmə göstəricisi respublika üzrə göstəricidən aşağı olur.
2018-ci ildə respublika üzrə vərəmlə xəstələnmə göstəricisi 38,3 nəfər təşkil edib. Siyəzən, Xızı, Biləsuvar, Bərdə, Yevlax, Şəki, Oğuz, Kürdəmir, Quba, Ağcabədi, Qazax, Şabran, Saatlı, Lənkəran, Zərdab, Xaçmazda bu göstərici respublika üzrə göstəricidən yüksəkdir.
2018-ci ildə Azərbaycanda 442 vərəmdən ölüm halı qeydə alınıb.
Ötən il ölkədə ilkin vərəmlə xəstələnənlərin sayı 3762 nəfər, respublika üzrə vərəmlə xəstələnmə göstəricisi 38,3 nəfər təşkil edib. Onlardan 2497-si kişi, 1265-i qadın olub. Məlumata əsasən, 2017-ci il ilə müqayisədə (39,8) bir qədər azalma müşahidə olunub.
Ümumilikdə, Azərbaycanda 2018-ci ildə cəmi 6895 aktiv vərəmli xəstə qeydə alınıb. Onlardan 3762-si ilkin və 3133-ü təkrar müalicə olunan xəstə kimi qeydə alınıb. Respublika üzrə orta göstərici 70,0 nəfər təşkil edib. Bu da 2017-ci il ilə müqayisədə (73,2) azdır.
2019-cu ilin 6 ayında isə respublikada 3004 aktiv vərəm xəstəsi müəyyən olunub. Onlardan 1953-ü ilkin, 1051-i isə təkrar müalicə olunan xəstələr kimi qeydə alınıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az