SOS: Media generalının həyatına təhlükə DİN leytenantı tərəfindən reallaş(dırıl)ır!!!

SOS: Media generalının həyatına təhlükə DİN leytenantı tərəfindən reallaş(dırıl)ır!!!
Aydın Canıyev: "Gör məni nəylə sevindirirlər, dütdülüynən..."

 
Polis polkovnik-leytenantı Eldar Qazıbəyov: "Hörmətli cənab Canıyev..."
 
Məlumat üçün bildirək ki, Miq.az olaraq, müstəqil jurnalist Aydın Canıyevin daxili işlər nazirinin müavini, DİN Kadrlar İdarəsinin rəisi general-mayor Rafiq Abbasova (surəti daxili işlər naziri general-polkovnik Ramil Usubova, Yasamal RPİ 28-ci bölməsinin rəisi Eldar Qazıbəyova, onlayn və print mediaya) müraciətinin nəticəsi ilə maraqlandıq. Maraqlandıq ki, bilək, əmin olaq ki, dəyərli həmkarımızın həyatına təhlükə sovuşub!
Çünki hazırda yataqda olan Aydın Canıyev bir neçə gün öncə daxili işlər naziri Ramil Usubova, onun müraciət etdiyi müavini Rafiq Abbasova, məlum müraciətdən sonra həmin gün də jurnalisti qəbul edən 28-ci bölmənin rəisi Eldar Qazıbəyova və onun müavininə minnətdarlıq etməyə lap az qaldığını facebook səhifəsində paylaşmışdı. Üstəlik də həmişəki şuxluq və əminliklə Azərbaycan ədəbiyyatı və jurnalistikası nümayəndələrinin müasir dönəmdə klassiklərin yaradıcılığını dəyərləndirmələrini, onların ədəbi irsinin qorunmasını, gələcək və gənc nəsil üçün təbliğini, eləcə də ədəbi tənqidin və tərcümə institutunun bu yöndə fəaliyyətini əhatələyən geniş yazıyla çıxış edəcəyini bəyan etmişdi. Amma qəflətən hətta... redaksiyaya yolladığı "Qisas: siyasi və ictimai mahiyyəti..." publisistik yazısının yayımını belə istəmədi. Könlünü almaq, söhbəti xoş ovqata kökləmək üçün açdığımız zəngə epitetlərlə başladıq:
- Möhtərəm və möhtəşəm Canıyev, təşəkkür edib yazıları yazmaqdansa, yatağa yıxılıbsan... olmasın azar, hanı bəs təşəkkür edəcəkdin?!
- Alışov, ey nuri-didəm, Murov səngərinin gülü, "mənə dəyən təpik kimə dəysəydi...", nəinki yatağa, düz Bermud üçbucağına düşəcəkdi! Heç zarafat yeri deyil!
 
- Sevindirici bir xəbər yoxdumu?
- Nətəri deyir o kinoda, "gör məni nəylə sevindirirlər, dütdülüynən!" Vəziyyət eynən elədi! Sevindirici bircə odu ki, 28-ci bölmənin rəisi polis polkovnik-leytenantı Eldar Qazıbəyov bütün rəsmi və protokol qaydalarını bir kənara qoyub, mənə "hörmətli cənab Canıyev" müraciəti ilə cavab yazıb. O cavabın içindəki mətn isə ana söyüşündən də betərdi! Sadəcə yazsaydı ki, get tullanmağının dalınca, daha rahibyana, polisyana olardı! Kişi kimi qəbul etmək məcburiyyətində qalardım...
- "Hörmətli cənab Canıyev", ağ eləmə...
- Qoy dərmanlarımı atım, özümə gəlim, "Daxili işlər nazirinin müavini, DİN Kadrlar İdarəsinin rəisi general-mayor Rafiq Abbasova (surəti daxili işlər naziri general-polkovnik Ramil Usibova, Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşova) teleqram əvəzi: Məni qəbul edin!!!" müraciətini yazıb yollayacam. Hələlik isə mənə göndərilən cavabın şəklini çəkib yollayacam. Mümkünsə onu ver...
 
Verdik və... şərh etmirik! Çünki Azərbaycan jurnalistikasının sonuncu alınmaz qalalarından olan Aydın Canıyevin bu cavaba cavabının necə olacağını təxmin belə edə bilmirik! Belə bir cavabdan sonra bildiyimiz budur ki, media generalının həyatına təhlükə DİN leytenantı tərəfindən reallaş(dırıl)ır!!! 

Aqil Alışov

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az