"Azərsu"nun SUSUZ qoyduğu İNSANLAR- Su anbarının bir addımlığında (VİDEO)

 
Su anbarının bir addımlığında suya həsrət qalanlar – Hökməli sakinləri şikayət edir 
 
 
Bu ərazi Ceyranbatan su anbarının bir addımlığında olsa da, sakinləri susuzluqdan əziyyət çəkir. Söhbət Abşeron rayonu ərazi vahidinə daxil olan Hökməli qəsəbəsindən gedir. Qəsəbə dəniz səviyyəsindən 300 metr yüksəklikdə yerləşir. Əhalisi 10 min nəfərə yaxın , ərazisi isə 1750 hektardır.

Suyun mənbəyinin bir addımlığında olan sakinlər niyə suya həsrət qalıb?

Bakı şəhərinin və ətraf ərazilərin içməli su ilə təchizatında mühüm rol oynayan Ceyranbatan Su Kəmərləri İdarəsi 1961-ci il sentyabrın 8-də istismara verilib. İkinci qurğu isə 1966-cı ildə işə salınıb. 1978- ci ildə istifadəyə verilmiş üçüncü qurğunun məhsuldarlığı isə saniyədə 2,22 kubmetr olub. Qurğuların ikinci və üçüncü növbələrinin istismara verilməsi ilə Sumqayıt şəhərinin, Bakıətrafı kəndlərin və paytaxtın şərq hissəsinin su təchizatı əsaslı şəkildə yaxşılaşdırılmasına hesablansa da,bu günə qədər suya həsrtə qalan sakinlər qalmaqdadır.Göründüyü kimi Ceyranbatan su anbarından bir neçə kilometr ərazidə yaşayan sakinlər hələ də suya həsrətlə baxmaqdadır.

Suya həsrətlə baxan qəsəbə sakinləri aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də, suallarına cavab ala bilmədiklərindən mətbuata üz tutublar. 

Qəsəbə sakinləri tərəfindən Femida.az- a daxil olan müraciətdə qeyd olunur ki, təxminən 10 min sakinin yaşadığı ərazidə su problemi bu günə qədər həll edilməyib. 

Qəsəbə sakini Ədalət Verdiyevin sözlərinə görə, 2015-ci ildən qeyd olunan qəsəbədə yaşayır. Hələ onlar buraya köçməzdən xeyli əvvəl ərazidə əhali məskunlaşsa da, problemlər bu günə qədər həll edilməyib.

"Bu gün Hökməli qəsəbəsi, Beton yol deyilən bu ərazidə 1000- dən çox ev var. Bu qədər sakinin ciddi su və kanalizasiya xətti problemi var.Hələ 2016-ci ildə HİS (hidroinşaat servis) şirkəti Hökməli qəsəbəsində su və kanalizasiya şəbəkəsinin qurulması işlərinə başlayıb. Ancaq 3 ay işlədikdən sonra işlər dayandırıldı və yarımçıq qoyub getdilər.”

"Azərsu" məktublara niyə cavab vermir?

Qəsəbə sakinin sözlərinə görə, su problemi ilə bağlı sakinlər adından dəfələrlə yazılı şəkildə Azərsu ASC-yə müraciət etsələr də məktuba cavab verən olmayıb.

Qəsəbə sakini İlqar Hacıyevin sözlərinə görə, illərdir ki, suyu maşınla alırlar. Bu isə xüsusi ilə yay aylarında sakinlərin əziyyət çəkməsinə səbəb olur.




"Əvvəl suyun bir maşını 20 manat idi. Sonradan 23 -35 manat aralığında dəyişməyə başladı. Yay aylarında məcbur olub ayda iki maşın su alırıq. Bu isə əhalinin maddi cəhətdən əlavə ziyana düşməsinə səbəb olur. Su olmadığından qəsəbədə ağac, əkin işləri də aparmaq mümkünsüz olub. 2016-cı ildə özəl şirkət su çəkmək adı ilə bir neçə turbanı yerə basdırdı. Üzərindən 3 ilə yaxın vaxt keçib. Elə basdırdıqları borular yerində qalıb. Nə su var, nə də gəlib gedən. Camaat əziyyət çəkir. Hər ay o qədər pul verib, su almaq da olmur...”


Qəsəbə sakinlərinin bildirdiyinə görə, ərazidə kanalizasiya sisteminin olmaması əlavə problem yaradır. Fotolardan da göründüyü kimi kanalizasiya xətti olmadığından çirkab sular insanların hərəkət etdiyi yolun üzəri ilə axıdılır. Bu isə infeksiya mənbəyi olaraq insanların səhhətinə ciddi təhlükə yaradır.




(çirkab sular küçəyə axır)

Keçən il "Azərsu" nə iş görüb?

Mətbuata açıqlanan rəsmi hesabata görə, 2018- ci ilin yanvar-mart aylarında 224 km içməli su, 48 km kanalizasiya xətləri çəkilib. 8 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 28 min nəfərin su təchizatı f asiləsiz rejimə keçirilib. Beləliklə fasiləsiz rejimdə su təchizatı səviyyəsi ölkə üzrə 67,5 faiz, Bakı şəhəri üzrə isə 81,5 faiz təşkil edib.

Qanun nə deyir?

Azərbaycan Respublikasının Su Məcəlləsinə görə, Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi Azərbaycan xalqının milli sərvətidir, əhalinin həyat və fəaliyyətinin əsası kimi istifadə edilir və qorunur, flora və faunanın mövcudluğunu təmin edir.
Suyunun keyfiyyəti müəyyən edilmiş sanitariya normalarına və dövlət standartlarına uyğun olan su obyektləri əhalinin içməli su və məişət ehtiyaclarını ödəmək üçün verilir.

 (Hökməli qəsəbəsində mənzərə)

Əhalinin içməli su təchizatı, bir qayda olaraq, mərkəzləşdirilmiş su kəməri qurğuları vasitəsi ilə həyata keçirilir. Su kəməri olmadıqda əhalinin içməli su və məişət ehtiyaclarının ödənilməsi bilavasitə çayların, su quyularının, kəhrizlərin, bulaqların və digər su mənbələrinin suyundan yalnız qanunvericiliklə müəyyən edilmiş sanitariya normalarına uyğun olaraq istifadə edilə bilər.

Əhalinin içməli su və məişət ehtiyaclarının ödənilməsi üçün yaşayış yerləri üzrə istifadə edəcəyi təbii su mənbələri qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə bələdiyyələr tərəfindən müəyyən edilir.

"Azərsu” ASC hansı öhdəlikləri yerinə yetirməyə borcludur?

"Azərsu” ASC nin rəsmi internet səhifəsində əhalinin su mənbələrinə qoşulması qaydasında qyed olunur ki, fərdi yaşayış evlərinin sahibləri su təchizatı və kanalizasiya sistemlərinə qoşulmaq üçün "Azərsu" ASC-ə və "Asan Kommunal" mərkəzlərinə müraciət etməlidirlər.

Müraciət edərkən aşağıdakı sənədlər də təqdim edilməlidir:

1. Mənzillərin mülkiyyət hüququnu təsdiq edən və ya torpaqayırma sənədinin surətləri;
2. Ərizəçinin şəxsiyyət vəsiqəsinin surəti.
Ərizə daxil olduqdan sonra "Azərsu” ASC-nin aidiyyəti strukturunun əməkdaşı sifarişçinin su təchizatı və kanalizasiya sistemlərinə qoşulacaq fərdi yaşayış evinə və ya torpaqayırma sənədlərində göstərilən əraziyə yerində baxış keçirir, birləşmənin eskizini hazırlayır və "Su təchizati və kanalizasiya sistemlərinə qoşulmaq üçün texniki şərtlərin verilməsi” Qaydalarının tələblərinə uyğun müvafiq texniki şərti Cəmiyyətin və ya aidiyyatı struktur bölməsinin rəhbərliyinə təsdiq üçün təqdim edir.
Təlabatçıya texniki şərt verildikdən sonra istehsalçı ilə istehlakçı arasında alqı-satqı müqaviləsi bağlanır. Müqavilə "Azərsu” ASC-nin su təchizatı sistemindən abonentin tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə 2874-82 saylı Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sistemlərinə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.
Müqavilədə abonentin ünvanı, su xəttinə birləşmə ünvanı və borunun diametri, quraşdırılmış sayğacın markası, nömrəsi və möhürün (plombun) nömrəsi qeyd olunur, abonentə göstərilən su və kanalizasiya xidmətlərinin tarifləri əks olunur.
Müqavilədə göstərilir ki, istehsalçı abonenti dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etməli, tullant sularını qəbul edib təmizləyici qurğulara ötürməlidir.

 
"Azərsu” ASC nin 120 milyon dollarlıq binası...

"Azərsu” ASC üçün yeni ofis binası 2 mərtəbəsi yeraltı olmaqla 22 mərtəbəli olacaq. Hündürlüyü 124 metr olan inzibati binanın sahəsi 36326 kvadrat metrdir. Proyekti Almaniyanın tanınmış şirkətlərindən olan "Heerim” idarə edir və tenderdə qalib gəlmiş Koreyanın "Halla” şirkəti tikinti-quraşdırma və digər texniki işləri həyata keçirir. Layihənin ümumi dəyəri 120 milyon dollardır.Hazırda binanın tikintisi davam etdirilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az