Sumqayıt məhkəməsinin hakimi Zakir Fərəcovun qəzəbinə gəlib?

Sumqayıt məhkəməsinin hakimi Zakir Fərəcovun qəzəbinə gəlib?

Aprelin 17-də prezident İlham Əliyevin imzaladığı sərəncam ilə Sumqayıt şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Sərəncamda göstərilir ki, onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinin səbəbi qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozmasıdır.

Qeyd edək ki, 59 yaşlı İlyas Mahmudov 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1993 – 1998-ci illərdə Ali Məhkəmənin Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi, qanunçuluğun sistemləşdirilməsi və tətbiqi şöbəsində məsləhətçi, 1998 – 2001-ci illərdə Ali Məhkəmənin Plenumu və Rəyasət Heyətinin Katibliyində baş məsləhətçi, 2001 – 2006-cı illərdə Ali Məhkəmənin Qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin rəisi, 2006 – 2007-cı illərdə Ali Məhkəmənin Analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin müdiri, 2007 – 2008-ci illərdə isə Ali Məhkəmənin Analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin müdir müavini olub.

2008-ci ildən isə Sumqayıt şəhər Məhkəməsinin hakimi idi.

Göründüyü kimi, kifayət qədər təcrübəsi olmasına baxmayaraq, İlyas Mahmudovun səlahiyyətlərinə qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması səbəbindən xitam verilib. İstər-istəməz belə bir sual yaranır: "Məhkəmə sistemində kifayət qədər təcrübəsi olan 59 yaşlı hakim qanunvericiliyin hansı tələblərini pozub?

Prezidentin sərəncamında bu öz əksini tapmayıb. Təbii ki, İlyas Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ssenarisini hazırlayanlar öz təqdimatlarında bu pozuntuları sadalayıblar. Və təbii ki, o, qanunvericiliyin tələblərini pozubsa belə, bu indilikdə baş verməyib. Həm də ona görə ki, söhbət dəfələrlə qanunvericiliyin tələblərinin pozulmasından gedir.

Sumqayıt şəhər Məhkəməsinin, burada çalışan hakimlərin fəaliyyəti ilə tanış olanların fikrincə, İlyas Mahmudova qarşı "qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması” ittihamı əslində onun digərləri ilə müqayisədə daha ədalətli qərarlar çıxarması ilə bağlıdır. Daha doğrusu, onu işi məhkəməyə düşən kasıb təbəqənin haqqını daha çox nəzərə alan hakim kimi tanıyınlar da var. Məhz həmin şəxslər prezidentin İlyas Mahmudovla bağlı sərəncamından çox məyus olublar.

Məsələn, Sumayıtda "Şərq bazarı” kimi tanınan ərazidə 66 sahibkara məxsus ticarət obyektlərin sökülməsi ilə bağlı bazarın rəhbərliyinin qaldırdığı iddiaya bir neçə dəfə məhkəmə baxışı keçirilib. İlyas Mahmudovun icraatında olan bu iddia hətta şəhərin icra hakimiyyəti rəhbərliyi səviyyəsində təzyiqlərə baxmayaraq, təmin olunmayıb. O, bütün təzyiqləri bir kənara qoyaraq prinsipiallıq nümayiş etdirməklə nəticədə sahibkarların xeyrinə ədalətli qərar çıxarması ilə tanınırdı.

Etibarlı mənbənin məlumatına görə, İlyas Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsində Sumqayıt şəhər Apelyasiya Məhkəməsinin sədrinin də təzyiqlərinin rolu olub.

Əlbəttə, biz iddia etmirik ki, İlyas Mahmudov, necə deyərlər, aydan arı, sudan duru hakim olub. Lakin işi bu məhkəməyə düşən və dəfələrlə İlyas Mahmudovun iddialara obyektiv yanaşmasının şahidi olanların fikrincə, prezidentin bu sərəncamı heç də ədalətli sayıla bilməz.

Son anda daha bir mənbədən aldığımız məumata görə, İlyas Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsində Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun da xüsusi rolu olub. Qeyd edilir ki, başçı adıçəkilən hakimin çıxardığı bir neçə qərardan narazı olub və bu səbəbdən onun "oyundankənar” vəziyyətə salınması üçün tapşırıqlar verib.

Azər Hüseynbala

P.S. İlyas Mahmudovun "qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması” ittihamını sübut edəcək faktları yaymağa da hazırıq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az