Şuşadan Xocalıya NİYƏ YARDIM OLUNMADI?- Qazilər tarixin qaranlıqlarına işıq salırlar

Şuşadan Xocalıya NİYƏ YARDIM OLUNMADI?- Qazilər tarixin qaranlıqlarına işıq salırlar

 Hörmətli oxucular! Azərbaycan vətəndaşlarını uzun illərdi düşündürən bir sual var: "Şuşadan Xocalıya niyə yardım olunmadı?" Miq.Az saytına daxil olmuş məktubda keçmiş döyüşçü, Qarabağ Qazisi İbrahimov Rauf Xocalıda müşahidə etdiyi və bu günün özünə qədər yuxusunu ərşə çəkən bir əhvalatdan bəhs edilir.  Yazının aktuallığını və maraqlı olduğunu nəzərə alıb, oxucularımızın  diqqətinə çatdırırıq. Beləliklə,  Rauf İbrahimovun yazdığı məktubu diqqtlə oxuyun və xahiş edirik ki, bu yazını həm də paylaşın. Mövzu ilə bağlı əlavə  məlumatı olanlar  bizimlə əlaqə saxlasın. Unutmayın, tarixin xüsusi ilə müharibə qaranlıqlarına işıq salmaq hamımızın döyüş tapşırığıdır...


"Mən İbrahimov Rauf, OMON sıralarında döyüşmüşəm, "radio-pozıvnoyum” URAQAN-1. OMON dəstəsinə 1991-ci ildə daxil olmuşam. 

1992 ci ilin fevral ayında kombatımız Sərvərin başçılığı altında biz Şuşa şəhərində ezamiyətdə  olmuşduq. Bir gün Sərvər mənə dedi, komandir- rəhmərlik Rövşən Cavadov ona zəng etməyimi tapşırıb. Mən ATS-ə gedib Rövşənə zəng etdim. Rəhmətlik telefonda mənə dedi ki, "özünlə Germanı (tatar balası) da götürüb gedirsən birbaşa Rəhim Qazıyevə "oxrana” və başınla ona cavabdehsən.” Rəhim Qazıyev o vaxt müəyyən səbəblərə görə ayağından güllə yarası almışdı. Germanı da götürüb gəldim Şuşa polisinin rəisi Vahid Bayramovun kabinetinə çünki Rəhim vurulandan sonra polis rəisinin kabinetində qalırdı. Mənim AKMS avtomatımı alıb yerinə PK 5.45 pulemyotu verdilər və Rəhimin kabinetdəki çarpayısının yanına bir kreslo və PK üçün bir taburet qoydular. German isə kabinetin qapısının çöl tərəfində R.Qazıyevi qorumağa başladıq. Əmr verilmişdi ki, heç kim kabinetə buraxılmasın. Bir neçə gün keçdı...

Həmin o qara gün fevralın 25-dən 26-a keçən gecə idi. Hava qaralmışdı. Həmin gün yaddaşıma elə yazılıb ki, neçə illər keçsə də bu ürəyimə çəkilən bir dağ kimi yadımdan çıxmayacaq. Həmişəki kimi Rəhimin çarpayısının böyründə oturmuşdum. Fikir verirdim ki, Rəhimin üzü divaraydısa da yatmamışdı. Polis idarəsinin növbətçi otağından gələn səslər kəsilmirdi. Bayıra çıxıb Germana tapşırdım ki, heç yerə tərpənməsin. Növbətçi otağında ratsiyada qışqırıqlar eşitdim. Bayırdan uzaqdan atəşlər eşitdim. Qayıdıb növbətçi otağına gəldim və ora toplaşmış polislərdən eşitdim ki, Xocalıya hücum olub və camaatı qırırlar. Tez kabinetə qayıtdım. Rəhimin çarpayısının yanına gəlib, əlimlə çiynindən yavaş silkələyib "bəy bəy” dedim. Mənə kinli nəzərlərlə dönüb baxdı. Dedim ki, "bəy ermənilər Xocalını dağıdırlar...” Mənə dedi ki, "işinlə məşğul ol.” Elə bil məni şillə ilə vurdular. 

Oturdum yerimə və çox pis təsirləndim. Aradan yarım saat keçmişdi ki, Rəhim dirçəlib oturdu. Çəliklə gəzirdi. Çəliyini də əlinə alıb qapıya sarı yönəldi. Mən də bunun dalınca. 

Növbətçi otağında yenə "ratsiya"dan səslər gəlirdi. Rəhim növbətçi otağına girdi. Mən də dalınca. Onu eşitdim ki, ratsiyada bir kişi, "ay qardaşlar qurban olum atın, bunlar bizi qırdılar!”.
 
Aradan bu qədər illər ötsə də mən həmin o səsi unuda bilmirəm. Xocalı sözünü eşidən kimi o səs yenə də mənim qulağımda və beynimdə səslənir. Həmin o kişinin fəryadları çox tükürpədici idi. Yalvarmaqdan dayanmırdı ki, "atın ay qardaşlar atın!”. Rəhim Qazıyev atəş əmrini vermədi. Həmin vaxt Şuşanın yuxarısında iki "Qrad” qurğusu və bir neçə nöqtədə toplar var idi ki, gündüzlər Stepanakert tərəfə atırdılar. Eləcə də Şuşada bəlkə 2000-ə yaxın qoşun var idi. Tank, BMP və BTR-ləri hələ demirəm. Növbətçi hissədə olanlar və mən də Rəhimə dedik ki, "atəş açaq!”. Rəhim kinli sifət alıb dedi ki, "atəş açılmayacaq”.  Təsəvvür edin, növbətçi hissədə olanlar və mən hə haldaydıq. 

Mənim Rəhim Qazıyevə ancaq bir sualım var. Rəhim, sən nəyə görə Şuşadan Xocalıya bir güllə belə atılmağa qoymadın? Nəyə görə o növbətçi otağında ah nalələrə məhəl qoymadın?

Rəhimin tərəfdarlarına üzümü tutub deyirəm:  "Qardaşlar, bu adamı siz tanımırsiz. O, başlıca Xocalını satanlardandı. Əlində papka, içində 2-3 dənə cındır kağızı fırlada - fırlada öz təmizliyini sübuta gətirmək istəyir. Mən nə jurnalistəm, nə də ki publisist. Amma and işirəm o bir olan Allaha, namus və qeyrətimə ki, bu yazdıqlarımın hamısı doğrudur.  Belə də ki, mən gördüklərimi yazdım. Qiymət vermək sizə qalsın. Allah şəhidlərimizə rəhmət eləsin."

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az