Tale Heydərov: "Bu gün "Qəbələ" ilə bacarmadılar" - MÜSAHİBƏ

Tale Heydərov:

 "Qəbələ" klubunun prezidenti Tale Heydərov Avropa Liqasının III təsnifat mərhələsində Fransanın "Lill" komandası üzərində 1:0 hesablı qələbə qazanaraq, "pley-off"a yüksəldikləri cavab görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb. "Report" xəbər verir ki, T. Heydərov əvvəlcə qələbə təəssüratlarını bölüşüb...
- Oyun çox gözəl keçdi. Aydın məsələdir ki, "Lill" kimi komandanı üstələmək çox çətin idi. Mənim üçün və eləcə də hamı üçün çox həyəcanlı gün idi.
- Hər iki oyunda komandadan belə mübarizə gözləyirdiniz?
- Səfərdəki 1:1 hesablı nəticə çox əlverişli idi. Lakin "Lill" də qələbəyə köklənmişdi. Mərhələni keçmək üçün əllərindən gələni etməli idilər. Ən güclü oyunçularını heyətə daxil etmişdilər. Amma bu gün "Qəbələ" ilə bacarmadılar.
- Növbəti mərhələdə yeni transferlər gözlənilir?
- Bir hücumçu axtarışındayıq. Ümid edirəm ki, bu yaxınlarda tapacağıq.
- "Lill" kimi güclü komandanı keçmisinizsə, artıq bütün rəqiblərə qarşı oynaya biləcəyinizi demək olar...
- Xeyr, bunu qətiyyən demək olmaz. Çünki "Pley-off"a bundan asan olmayacaq. Ona görə də komandamız istirahətdən sonra növbəti qələbələrə, oyunlara köklənməlidir.
- Fransadan azarkeşlərə çağırış etmişdiniz. Bugünkü dəstəkdən razı qaldınız?
- Fürsətdən istifadə edərək, ilk növbədə jurnalistlərə təşəkkür edirəm ki, həqiqətən böyük iş gördülər, azarkeşləri stadiona dəvət etdilər. Real şəkildə birlik göstərdilər. Həqiqətən də bu gün 12-ci oyunçu bizim azarkeşlər idi. Onlara da "çox sağ olun" deyirəm.
- Bu mövsüm "Qəbələ"nin "Qarabağ"ın hegemonluğuna son qoyacağını düşünürsünüz?
- Fikrimcə, builki heyətimiz ötənilkindən güclüdür. Ən azı, daha yaxşı nəticə gözləməyə borcludurlar. "Qarabağ" çox güclü rəqibdir. Çətin olacaq. Amma əlimizdən gələni edəcəyik ki, çempion olaq.
- Nəzərə almaq lazımdır ki, çempionatda legioner limiti olacaq...
- Bəli, bu, bizim çox böyük problemdir. Azərbaycan futbolunda yerli futbolçuların kifayət qədər olmaması çatışmazlıqdır. Çalışacağıq ki, öz yerli oyunçularımıza güvənək.
- Qələbəni Cavid Hüseynova həsr edəcəyinizi demişdiniz. Bugünkü nəticədə həmin açıqlamanın nə dərəcədə rolu oldu?
- Əlbəttə, bunu ilk oyunda da qeyd etmişdik. Bayaq futbolçularla görüşəndə onlara da minnətdarlığımı bildirdim. Bu gün futbolçular özləri üçün nə qədər oynayırdılarsa, bir o qədər də Cavid üçün oynayırdılar. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az