Tanınmışlar Şeyxülislama qarşı təhqirlərə etiraz edib

Tanınmışlar Şeyxülislama qarşı təhqirlərə etiraz edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin qurban bayramında Təzəpir məscidində etdiyi çıxış bir neçə gündür KİV-də və sosial şəbəkədə müzakirə olunur.

A.Paşazadə 44 günlük Vətən müharibəsi zamanı verdikləri dəstəyə görə, Türkiyənin dövlət başçısı Ərdoğana və İranın ali dini lideri Xamneiyə təşəkkür edib.

İran liderinə təşəkkür ətrafında qızğın diskussiya başlayıb və getdikcə əndazədən çıxıb. Təhqir elementləri ilə zəngin olan yazı və statuslarda QMİ sədrinin şəxsiyyətini açlçaladan, ölkənin dini liderinə qarşı yönələn müxtəlif böhtanlar yer alıb.

Ölkənin tanınmış ictimai-siyasi xadimləri QMİ sədrinə qarşı bu kampaniyaya etiraz ediblər.
 

Milli Məclisin deputatı, doktor Rəşad Mahmudov yazıb ki, dövlət tərəfindən tanınan bir məqama və onun rəhbərinə hörmət və nəzakət hamımızın ortaq məsuliyyətidir: "Son günlər sosial şəbəkələrdə bütün Qafqazın Şeyxi Allahşükür Paşazadəyə qarşı ədalətsiz və əsassız ittihamlar məni də bir vətəndaş kimi təəssüfləndirir. Belə bir kövrək zamanda bu ittihamların kökündən yanlış olduğunu hesab edirəm və diqqətli olmağı, yalnız sağlam düşüncəyə, idraka söykənib hisslər burulğanına büdrəməməyi tövsiyə edirəm”.

R.Mahmudovun sözlərinə görə, Şeyxülislamın sonuncu çıxışını dinləyən siyasət və dindən xəbəri olanlar  Şeyx həzrətlərinin əslində nə demək istədiyinin fərqində olarlar: "Lakin məni təəssüfləndirən həm də bəzi sosial  şəbəkə istifadəçilərinin Şeyxin çıxışına çılğıncasına yanlış yorumlar vermələridir. Bunu bəlkə də , bilməyərəkdən edirlər. Qeyd edim ki, belə münasibət və həqarətli çıxışlar xarici düşmənlərimizin əlinə fürsət verə bilər.Bu sanki milli və dini zəmində qarşıdurmalar yaratmaya hesablanıb”.

Deputat qeyd edib ki, ölkəmizdə dövlət-din münasibətlərində son otuz ildə heç bir problem olmayıb və ola da bilməz: "Belə bir zamanda Azərbaycanın bütün sahələrdə uğurlarını qəbul etmək istəməyən xarici mənfur qüvvələr yatmayıblar, əksinə, bu günlər daha çox fəallaşıblar; onlar hər vasitə ilə insanların çox həssas nöqtələrini hədəfə alır, ədavət toxumu səpməyə çalışırlar”.

R.Mahmudov vurğulayıb ki, Şeyxülislamın şəxsinə qarşı münasibət fərqli ola bilər: "Amma o, hər zaman dövlətə və dövlətçiliyimizə sadiq, fəaliyyəti ilə Prezidentimizin yanında olub, Ulu Öndərin silahdaşı kimi xalqımızın ən çətin durmunda Onunla birgə addımlayıb! Dini lider kimi fəaliyyəti  dönəmində heç vaxt xalqımızın birliyinə, müstəqilliyimizə, dövlətçiliyimizə və İslam həmrəyliyinə xələl gətirməyib. Buna görə də hesab edirəm ki, sağlam məntiq və düşüncə sahiblərimiz Şeyxə qarşı həqarətli hücumlara göz yummayacaq, sosial şəbəkələrdə dini liderimizlə bağlı əsassız ittihamlara tutarlı cavab verəcəklər!”

Deputat deyib ki, QMİ sədri dünyada tanıdığı dini liderlər arasında bəlkə də ən ədalətlisi, ən tolerantı, ən çox dövlətə və dövlətçiliyə sadiq olub, ən az populist olanıdır: "Şeyxin maşını və rəsmi iqamətgahı haqda fikir yürüdənlər yəqin gonşu müsəlman ölkələrində dəyanət işləri rəhbərlərinin və rəsmi dini liderlərin at arabasında gəzib, çadırda yatdığını düşünürlər”.

"Şeyxin uzun çıxışından bir cümləni alıb mülahizə yürütmək, çox cildlik kitabın 2 səhifəsini oxuyub fikir bildirməyə oxşayıb”.
 

Tanınmış vəkil Aslan İsmayılov da QMİ sədrinə qarşı kampaniyaya etiraz edib: "Şeyxülislam Allahşükür Paşazadənin çıxışının hansı niyyətlə və kimlərin gündəmdə saxladığını dəqiq bilmirəm. Bildiyim odur ki, bu dövlətimiz və xalqımız üçün çox ziyanlı bir kampaniyadır və dərhal dayandırılmalıdır”.
 

SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov da yazıb ki, Şeyxülislamın hörmətini saxlamaq hər birimizin borcudur: "Şeyxulislamın nüfuzu Qafqazda və ölkəmizdə kifayət qədər yüksəkdir. Kimlərsə nəlbəkidə dalğa yaratmaq istəyirlər, alınmaz…”

X.Məmmədov qeyd edib ki, Şeyxülislam  güclü adamdır: "Onun səhvlərini axtarmağı yox, yaxşı əməllərini görməyi məsləhət görürəm. Ən azından qonşularımızın dini rəhbərlərinə münasibətini görməliyik. Primakov kimi nəhəng siyasətçi onu aldadıb bizim ölkəni imperyanın istədiyi istiqamətə apara bilmədi. Şeyxin funksiyasına aid olmayan şeyləri ondan tələb etmək yanlışdır”.
 

Tanınmış telejurnalist İlqar Əlfioğlu bildirib ki, bizimkilərdən çox, QMİ sədrini islam dünyası tanıyır:”Bizimkilər dərk edəndə də, o həyatda olmayacaq…”
 

Milli Məclisin sabiq deputatı, iş adamı Nazim Bəydəmirli də bu xoşagəlməz prosesə etiraz edib: "Hacı Allahşükür Paşazadə haqqında son günlər yazılan yazıların üslubu heç xoşa gələn deyil…Özləri bir qəpiyə dəyməyən saytlar, jurnalistlər tökülüşüb ölkənin və Qafqazın ruhani dini liderinin üstünə…Vallah ayıbdır!”

N.Bəydəmirlinin sözlərinə görə, istənilən dövlət resursunda dini liderin "vurulması” doğru deyil.
 

Din xadimi Hacı Şahin Həsənli isə yazıb ki, bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə qarşı əsassız ittihamların səsləndirilməsini kökündən yanlış hesab edir: "Şeyx həzrətləri hər zaman Azərbaycan dövlətçiliyinin və İslam birliyinin müdafiəçisi olub. Onun ünvanına səsləndirilən fikirlər artıq tənqid deyil, Şeyxülislam məqamına qarşı həqarət, Azərbaycan dövlətçiliyinə və İslam birliyinə qarşı təhdiddir”.
 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl qeyd edib ki,  Şeyxülislam dini liderimizdir: "Demirəm ki, tənqid olunmamalıdır. Amma tənqid bir hörmətlə yanaşılmalıdır”.

İ.İsmayıl vurğualyıb ki, QMİ sədrinin açıqlamasında onun məhz İranın tərəfini tutduğunu demək olmaz: "Şeyxülislam  sadəcə demək istəyib ki, müharibə zamanı bu dövlətin də bizə köməyi dəyib. "İslam torpağıdır” ifadəsi ilə onu demək istəyir ki, islam qüvvələri bizi dəstəkləyir. Din xadimi başqa cür deyə bilməz. İslam dininə görə, bütün müsəlmanlar qardaşdır. Odur ki, istərdim tənqid edəndə əndazəni keçməyək. Bu gün bizə birlik daha çox lazımdır, nəinki Şeyxi hədəfə götürmək”.

Ekspert vurğualyıb ki, İranın Azərbaycana təsir imkanları var: "Bunlardan biri ideoloji baxımdan olan imkandır.  Ona görə, bu gün bizə birlik daha çox lazımdır, nəinki Şeyxi hədəfə götürmək”. Ekspert deyib ki, hazırda müharibədən sonra formalaşmış yeni situasiyanı, Zəngəzur dəhlizi məsələsini diqqətdən kənarda qoymaq olmaz.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az