Təhsil sindromu: Övladlarımız üçün xoş gələcək, yoxsa intihar kabusu?

Təhsil sindromu: Övladlarımız üçün xoş gələcək, yoxsa intihar kabusu?

Taryel Faziloğlu: "Valideynlər də, övladları da bilməlidir ki, ali məktəbə daxil olmamaq son deyil"

Təhsil ilinin yekununda abituriyentlər üçün böyük sınaq başlayır. Belə ki, 11 il məktəb təhsillərini başa vuran şagirdlər tələbə adı qazanmaq üçün qəbul imtahanı verirlər. Test imtahanının nəticəsinə görə ən çox bal toplayan abituriyentlər tələbə adı qazanırlar. Yetərli qədər bal toplamayanlar isə növbəti il bir daha imtahan verirlər.

Bu hal illərdir ki, baş verir. Təəssüflər olsun ki, abituriyentlər arasında xoşagəlməz halların da sayı artır. Son bir neçə ildə imtahan nəticələri yaxşı olmayan abituriyentlər çıxış yolunu intihar etməkdə görürlər. Və bu hal ildən-ilə artır. Sputnik Azərbaycan gənc abituriyentlərin intihar səbəblərini və bundan çıxış yollarını mütəxəssislərdən soruşub.

Sosioloq Əhməd Mansurov deyib ki, bu, olduqca həssas məsələdir: "Son dövrlər bu hallar daha da artıb. Amma bu məsələnin kökü indi yox, çoxdan yaranıb. Hətta deyərdim ki, təhsil sisteminin buna təsiri böyükdür. Çünki müəllimlər imtahan prosesini o qədər qloballaşdırırlar ki, az qala imtahan uşaqların şüuraltına həyati məsələ kimi oturur. Şagirdlər abituriyent olana kimi məktəbdə bir neçə dəfə imtahan verirlər. Amma o imtahanlar ilə şagird adaptasiya prosesini keçə bilmir və qəbul imtahanı üçün psixoloji hazır olmurlar. Orta məktəb müəllimlərinin imtahan haqqında dedikləri və onları haradasa qorxuda saxlamaları uşaqlarda qorxunu ildən-ilə artırır. Halbuki imtahan verdikcə şagirdə imtahan adiləşməlidir. Bir sözlə, müəllimlər və valideynlər abituriyentlərə kömək olmurlar".

"Eyni zamanda valideynlərin övladlarından daha çox gözləntiləri olması, uşaqlarını hədələmələri, imtahanın abı-havası, uğursuz olandan sonrakı həyatları abituriyentlərin psixologiyasına güclü təsir göstərir. Nəticə uğursuz olanda da onlara pis təsir edir. Sonda da psixologiyası zəif olan abituriyentlər həyatlarına son qoyurlar. Abituriyentlərə yaxın və qohumlar tərəfindən basqı olmamalıdır, hər kəs onlara dəstək durmalıdır. Yalnız bu çıxış yoludur" — deyə sosioloq əlavə edib.

Psixoloq Taryel Faziloğlu bildirib ki, abituriyentlərin intihara meylli olmasının bir neçə səbəbi var: "Bunun psixoloji, sosioloji səbəbləri var. Sosial səbəbləri götürsək, deyə bilərəm ki, mətbuatda və sosial şəbəkələrdə az bal toplayan abituriyentlər ilə yüksək bal toplayanların arasında həddindən artıq müqayisələr aparılır, az bal toplayanlar heç də sosial şəbəkələrdə normal qarşılanmır. Bu müqayisələrdən dolayı onların ailələrinin göstərdiyi neqativlik uşaqların ciddi dönəmində, daha həssas bir zamanda intihara meyllilik yaradır. Sonuncu dönəmdə isə abituriyentlər özlərini imtahan verərək uğur qazanmadan və tələbə adı almadan yaşaya bilməməyi düşünmələri ilə bağlıdır. Onlar düşünür ki, bu vəziyyətdə onların həyatları məhv olacaq və intiharı seçirlər".

"Bunun qarşısını almaq üçün müqayisələr aradan qaldırılmalıdır, ailələrdə və məktəblərdə maariflənmə işi aparılmalıdır ki, uşaqların ali məktəbə daxil olmaması heç nəyi dəyişmir. Abituriyentlərə psixoloji kömək olunmalıdır" — psixoloq vurğulayıb.

T.Faziloğlu onu da qeyd edib ki, son iki ildəki devalvasiyalar da insanlara təsir edib: "Valideynlər problemlərini uşaqlarına da ötürürlər, uşaqların gələcəyini universitetə daxil olmalarında fokuslaşdırırlar. Bu da baş tutmayanda, onlara mənfi təsir edir. Nəticə də məhz intihar olur. Bunun qarşısını yalnız övladlara dəstəklə almaq olar. Valideynlər də, övladları da bilməlidirlər ki, ali məktəbə daxil olmamaq son deyil".

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az