Teleqram əvəzi: "Cənab general, məni qəbul edin!!!"

Teleqram əvəzi:


və yaxud
"Proşşu, qospodin general, prekratite etu bumajnuyu volokitu"

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin rəisi Rafiq Abbasova
Surəti
daxili işlər naziri general-polkovnik Ramil Usubova,
Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşova 

Salam, cənab general!

Yox, narahat olmayın, elə bilməyin ki, ümidimi Sizdən, bu dövlətdən, bu dövlətin vətəndaşlarına verdiyi insan hüquqlarının toxunulmazlığına təminatdan üzmüşəm, ya da indiyə qədər Sizin haqqınızda olduğum və yazdığım yüksək fikirlərdə nəsə, hansısa redaktələr etmişəm və yaxud dəyişmişəm. Əsla! Sizi başa düşürəm, Sizə müraciətdən sonra Yasamal RPİ 28-ci bölməsinin rəisi polis polkovnik-leytenantı Eldar Qazıbəyovun mənə yazdığı cavabı oxuyanda nəinki başqalarının, hətta Özünüzün də özünüzə - daxili işlər orqanlarına və Şəxsinizə münasibətinizdə təbəddülatlar yarana bilər.

Boş verin, cənab general! Mən generalı əsgərə qurban verənlərdən deyiləm. Siz də mənə görə heç də pis olmayın! Pis olmalı ayrı məqamlardı ki, mən də onlara görə bu sətirləri yazıram və Sizinlə görüşə ümid edirəm. Çünki bu görüşə razılıq Sizin vəzifə borcunuz, mənim isə vətəndaşlıq haqqımdır! Beləliklə...

Mənim sevimli generalım, bilirsiniz söhbət nədən gedir, niyə Sizə bir daha və yenidən müraciət edirəm? Əvvəla, nəinki Sizə bu müraciətdəki mətni, hətta yeddicə sözlük, 47 işarəlik "xahiş edirəm, məni qəbul edin, cənab general!!!" teleqramını vurmağa pulum yoxdur! Və... heç kimdən də borc istəyə bilmirəm!

Bunun bir səbəbi odur ki, dostlarımın - yazılarımın və mübarizəmin pərəstişkarlarının - biri mənə ancaq kirayədə qalmağa ayda bir dəfə yardım edir, qalan az bir qismi də yazılarımı həftədə, ayda bir-iki dəfə dərc etməklə öz ailə büdcələrindən kəsib mənə qonorar qismində verirlər. Ki... mən itib-batmayım, keçinməyim, keçinim, yazım, yaradım! Bunları Sizə ona örə yazıram ki, biləsiniz: mənim gəlirlərimin demirəm, aylıq qazancımın "dlya nepredvidennıx lişnıx rasxodov" (Siz rusca oxumusunuz, gözəl bilirsiniz, mən də Azərbaycan dilində situasiya ilə bağlı dəqiq ifadəsini bilmədiyim bəzi söz birləşmələrini və fikirləri rusca yazacam, üzrlü sayın - A.C.) qrafası yoxdur!

... Rahib Sabir oğlu Abdullayev mənim üçün "nepredvidennıy lişnıy rasxod"du. Həə, doğru təxmin etdiniz, daha doğrusu, artıq dəqiq bildiyiniz kimi, Ağdaş rayon poliş şöbəsində sahə müvəkkili işləyən polis leytenantını deyirəm. Belə lap dəqiq olar: "Daxili İşlər Nazirliyinin qanqsteri-killeri, bu yaxınlarda intihar etmiş Hacı Məmmədovun ruhu cisminə köçmüş varisi".

Cənab general, elə bilməyin ki, mən Eldar Qazıbəyovdan gileyli qaldım. Onun özünə də, əmisi Etibar Qazıbəyova da, müavininə də... hörmət bəslədiyim digər polislər kimi hörmətim var, qalır, olacaq da. Amma və lakin... başınızı ağrıtmayım deyə day burdan oyana birbaşa keçirəm mətləbə!
Deməli, hörmətli cənab rəis əlli gündən sonra yazır ki, bir il qabaq yazdığım ərizəyə baxıb. Baxan gözləri var olsun. Bu isə o deməkdi ki, möhtərəm rəis bu günün işini nəinki bu gündən sabaha, lap elə bu ildən o ilə qoyanlardandı və bizim möhtəşəm qanunvericilərimiz də məhz hörmətli cənab rəis Eldar Qazıbəyov və onun timsalında digərləri üçün xoş olsun deyə, nəzərdə tutublar ki, dəmiri isti-isti döyməkdənsə, elə 15 günə də döymək olar! Fəqət həqiqətdə heç 35 günə də döymədi və ümumiyyətlə döyənə oxşamadı deyə Sizə üz tutdum! Sizə üz tutan kimi axşam çağırdı, özü, müavini, yaşadığım ərazinin sahə müvəkkili ilə iş otağında saat 19-20 radələrində görüşdüm. Etiraf edirəm, həyəcanlıydım, fikirlərimi, "Rahib polis"in yazdığı latayır, təhqiramiz ifadələri olduğu kimi çatdırdım, öz düşüncələrimi dedim. Sağ olsun, səbrlə dinlədi, üzrxahlığımı qəbul etdi, mənim yanımda özü də, müavini də dəfələrlə bu qanqsterin nömrəsinə - (+994) 55 247 80 16-ya zəng elədilər.

"Rahib polis" cavab vermədi!

Məsləhət bildilər ki, indi gecdi, "baksell"-dən sabah aydınlaşdırarıq. Təşəkkür etdim, internetdən pulsuz "truecaller" proqramının yüklənməyinin mümkünlüyünü nəzərlərinə çatdırdım. Ki... o halda onlar daha rahatlıqla hansı nömrənin kimə məxsus olmağını aydınlaşdıra bilərlər.
İnandım səmimiyyətlərinə - bildirdilər ki, narahat olma, general göstəriş verib, cənab nazir polis işçilərinin saxta profillərlə sosial şəbəkədə olmasına çox pis baxır, dərhal sistemdən xaric edir, get, toxum-tayfandan da, özündən də arxayın ol, bir-iki günə həll edərik! Bu qədər səmimiyyətin qabağında day heç nə demədim! Demədim ki, məni dolamayın! Dedim ki, rəis, əgər həmkarınızı bada vermək istəmirsinizsə, küçədən birini tutun gətirin, deyin bu "Rahib polis"di və mən ərizəmi geri götürüm, sizə də, cənab generala da təşəkkür edim, ancaq bir şərtlə ki, adamın ad-familiyasını, iş yerini mənə verin. Mən özüm detektivlik etmirəm ona görə ki, dəqiq bilirəm polisdi, sabah mənə torba tikəcəksiniz ki, polis işçisinin həyatına müdaxilə edir, onun şəxsi həyatı haqqında materiallar toplayır, özfəaliyyətlə məşğuldu, nə bilim, fantaziyanız Puşkinin istedadına dov gəlir! Dedilər, ağsaqqal, get, arxayın ol!

Düz 10 gün arxayın oldum! "Tıkk" olmadı və birdən-birə bu şanlı məktub gəldi!
Məktubu oxuyanda şəkərə tutulmadım... yaxşıdı!
Məktubu oxuyanda havalanmadım... yaxşıdı!

Möhtərəm və möhtəşəm general, mən Hacı Məmmədovun məhkəmə prosesində şahid ifadələrindən və digər mənbələrdən sızan informasiyalara, eləcə də özünün etiraflarına, həm də çoxlu detektiv ədəbiyyat oxuduğuma, kriminal kinolara baxdığıma, BİT-də, 17 saylı CÇM-də olduğuma, məhbusların danışdıqlarına görə bilirdim ki, polis adamın başına torba keçirib oğurlayır, adamın cibinə narkotik maddə atır, "hal şahidi" adıyla etmədiyi cinayətdə iştirakını üzə adam durğuzmaqla adama "sübut" edir, ayaqlarının altından o qədər vurur ki, böyrəklərin dağılır, irin-qan gedirsən bayıra, "faber əməliyyatı" keçirir, zəng etmədiyin adamdan "hədə-qorxuyla pul almısan" ittihamıyla gedər-gəlməzə göndərir...

Mənim əziz generalım, 30 illik jurnalistlik fəaliyyətimdə həm Azərbaycanda, həm də dünyada polislərin cahanşümul istedadlarının üsul və növləri barədə əldə etdiyim məlumatları tam yazsam, roman olar, ona görə də burasınacan yadımda qalanı yazıb keçirəm hörmətli cənab rəis Eldar Qazıbəyovun postmodern və kreativ yaradıcılığını nəzərinizə çatdırmağa, lütfən, tanış olun!

Bəri başdan deyim ki, mənim o Kərgəlan kəndində yaşayan, azərbaycanca düz-əməlli danışa bilməyən 70 yaşlı bisavad anam inanmaz, amma inanmıram ki, Siz - Moskvada ali hüquq təhsili almış, professional əməliyyatçı-kriminalist, nəinki qanunları gözəl bilən, hətta tarixçilərin və onların şairə anaları haqqında da məlumatı olan bir peşəkar... inansın Eldar Qazıbəyovun bu... cavabına.

Eldar Qazıbəyov keçənilki müraciətimə bu ilin 01.01.2018 tarixində - yəni bütün ölkəboyu hər yerdə yanvarın 4-cən iş günü olmadığı halda, - gəlib işə və çıxış sayı 094-8435C olan cavab yazıb, imzalayıb - inanan daşa dönsün əgər həmin günü hörmətli cənab rəis gəlib işə və mənə cavabı imzalayıb! Burasına sonra qayıdarıq və inamsızlığımı əsaslandıracam. Cavabı oxuyaq! Cavabda bildirilir:

"Hörmətli cənab Canıyev.
YERİNDƏ MÜDAXİLƏ: Cənab general, sağ olsun e hörmətli cənab rəis, mənə "hörmətli cənab Canıyev" yazıb müraciət edib, amma axı mənə, şikayətçiyə niyə hörmətli və həm də cənab müraciəti? Axı mənim qoltuğuma qarpız yox, əlimə vermək lazım idi... o məktubu ki, orada yazılsın: "Vətəndaş Canıyev, səni və ailə üzvünü seksual təcavüzə məruz qoyacağı ilə hədələyən, nəslinin bütün qadınlarını ən dərin metro stansiyası olan "Sahil" dayanacağının eskalatoruna düzüb ucugüləbətinli söyüşlərə qonaq edib növbəti dayanacağa yola salan qanqster Rahib Sabir oğlu Abdullayevdir, Ağdaş rayon polis şöbəsində sahə müvəkkili işləyir, polis leytenantıdır, səninlə söhbət edərkən zənglərimizə cavab verməməsinə baxmayaraq, əməliyyat tədbirləri nəticəsində onu telefonda da olsa yaxalayıb danışmışıq, özü də sənə və ailə üzvünə qarşı əxlaqsız davranışını, danışığını, hədələrini etiraf edib, ona başa salmışıq ki, neynirsən elə, adam ərizəsini geri götürsün, bundan əlavə, biz də öz növbəmizdə tabeçiliyində olduğumuz Yasamal RPİ-nin rəisinə məruzə etmişik ki, vətəndaş Aydın Məmməd oğlu Canıyev şikayətində haqlıdır, yəqin ki, rəis də lazımi struktura məlumat verib, çox ola bilsin ki, səni yaxın vaxtlarda daxili təhqiqat idarəsinə dəvət edəcəklər üzləşmə üçün. Bizim səlahiyyətimiz bura qədər idi. Sənə DTİ-dən cavab gəlməsə, bizlik deyil!" Və... vicdanlı bir Azərbaycanlı vətəndaşı olaraq etiraf edirəm ki, xəbərim var: həqiqətən də Eldar Qazıbəyov əməliyyat tədbirləri keçirib, yazdığım məlumatları əldə edib, öz vəzifə borcuna uyğun addımları atıb! Amma və lakin... görün çininə qurban oldğum rəis Eldar Qazıbəyov etdiklərini bir qırağa qoyub, əvəzində mənə nə yazır:

"Sizi narahat edən şəxsin müəyyən edilməsi istiqamətində bir sıra tədbirlər görülsə də (-də də bitişik yazılıb), müsbət nəticə əldə olunmamışdır! Tərəfimizdən tədbirlərimiz davam etdirilir. Müsbət nəticə əldə olunan kimi bu barədə Sizə (siz niyə böyük yazılsın ki? - A.C.) əlavə məlumat veriləcəkdir!"
Ey Azərbaycan xalqının "poqonu"-polis çinini, eyni zamanda, Azərbaycan əxlaqını, kişiliyini, ilk növbədə isə Prezidentinin göstəriş və tövsiyələrini uca tutan Uca Generalım! Ani bir diqqət yetirin: 01.01.2018-ci ildə imzalanan cavab məktubu mənə... 27.01.2018-ci ildə çatdırılıb! Əgər bu məktub mənə 26 gün sonra çatdırılacaqdısa, niyə iş günü olmayan bir vaxtda imzalanırdı ki? Məgər 28-ci bölmənin dəftərxanası bu qədərmi astagəldir? Məgər Azərbaycanda rabitə sistemi bu qədər bərbaddır? Məgər Yasamal rayon rabitə idarəsi bu qədər faciəli şəkildə gec çatdırır məktubları? Mənə hətta şifahi şəkildə cavab vermək səlahiyyəti də olan Eldar Qazıbəyov niyə məni bölməyə çağırmırdı ki, halbuki 28-ci PB ilə mənim yaşadığım ünvanın arasında cəmi 150 metr məsafə, iki dəqiqəlik vaxt var? Üstəlik də tet-a-tet görüşdə tamam ayrı əminlik, səmimilik, yüksək əxlaqi dəyərlər, qanunun aliliyini ehtiva edən jestlər nümayiş etdirən Eldar Qazıbəyov nədən belə özünüifşaya imza atsın?

Eldar Qazıbəyovun kreativliyi və postmodernliyi ondadı ki, O mənə yalan yazmayıb, əksinə, özünə böhtan atıb! O dəqiq bilir məni və ailə üzvümü hədələyən "Rahib polis" kimdir! Eldar Qazıbəyov aciz polis işçisi deyil və rəisi olduğu ərazidə quş quşluğuyla səkə bilmir! Professionaldır! Vicdanlıdır! Ləyaqətlidir! Kişilikdən və mərdlikdən xəbərdar, hali insandır! Ağlı başında, mühakimə qabiliyyəti çevik olan dəyərli bir soydaşımızdır!
Özü öz əleyhinə ifadə verməyi bilirsinizmi nəyə görədir?
Rahib Sabir oğlu Abdullayev doğrudan da Hacı Məmmədovun yeni variantıdır! Heç kimi hərləmir, üzr istəmirəm kobud və qeyri-etikliyə görə - bu statusdadı o bu dəqiqə!
Siz polis polkovnik-leytenantı səviyyəsinə və bölmə rəisliyinəcən yüksəlmiş Eldar Qazıbəyovun əlində nömrə və ad bəlli ola-ola 50 (əlli!!!) günə həmkarını tapa bilməməsinə inanırsınızmı, cənab general?
Bunu adı ya "obvesti vokruq paltsa"dı, ya da "bu xiyarı yeməlisən!!!"
Bu... cavab deyil! Bu... adama ana söyüşüdür!
Cənab general, mən sağ üz nahiyəsi parezi və mikroinsult keçirmiş adamam! Amma düşünmək qabiliyyətimi itirməmişəm! İşimi, ailəmi, sağlamlığımı, hətta azadlığımı itirmişəm - məndən asılı olmayan nəsnələrdi! Və bu itkilərim Azərbaycan adına olub, Azərbaycandakı haqsızlıqlarla mübarizədə olub! Bu ayrı yazılıqdı. Amma şərəf və ləyaqətimi qorumaq mənim öz əlimdədi və öz iradəmdən asılıdı! Onu sındıra, tapdaya bilməzlər!
Mənə variant tanıyın! Məni qəbul edin - oxuyun "Rahib Abdull" niki ilə mənə facebookda yazdıqlarını, dinləyin telefonda mənə dediklərini! Və nəzərə alın ki, Rahib Sabir oğlu Abdullayev bu davranışı mənə Prezident İlham Əliyevin hakimiyyətinə qarşı etiraz mitinqində iştirak etdiyim vaxtda sərgiləməyib, mən onun şəxsi avtomobilini əzdiyimə görə etməyib, mənim yazılarımda təhqirə və yaxud hədəyə məruz qalıb mənə cavab verməyib, o bunu mən kirayədə qaldığım evin içində ağrıdan yata bilməyəndə, gecə saat 03.00-04.00 radələrində edib, hansı ki həmin məqamlarda mən sosial şəbəkədəki dostlardan müalicəm üçün gərəkən dərmanları tapıb almağım üçün yardım umurdum! Evimin içinə burun soxub!

Kimi və niyə qoruyursunuz?

1 ay 19 gündü mən bu insanın hədələrini və təcavüzünü önləməyi düşünürəm! Siz nəyi gözləyirsiniz?
Doğrudan tapa bilmirsiniz? Sizmi? Ölkədə hakimiyyətə qarşı üç silahlı çevrilişi darmadağın edən polis indi bu qədərmi acizləşib? Özünüzə niyə böhtan atırsınız? Yoxsa, cəmiyyətə mesaj verirsiniz ki, Azərbaycan polisi Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətini qorumayacaq, hələ istəsə, lap sizin şərəf və ləyaqətinizi də tapdalaycaq?

SON: Niyə cənab nazirə yox, məhz Sizə müraciət edirəm ard-arda, cənab general? Səbəblərinin bir qismini ilk müraciətimdə demişəm, bir qismini görüşəndə deyəcəm, birini də indi deyirəm: çünki cənab nazirə məhz Siz, elə Siz müraciət edəcəksiniz, ona görə ki, belə bir kadrı məhz Sizi aldadaraq polisə işə götüzdürüblər! Və mən Sizi çox istədiyimdən istəyirəm ki, nəinki məni və ailə üzvümü söyəni, hədələyəni, seksual təcavüzə məruz qoyacağını bəyan edəni, həm də Sizi aldadanı, zərbə altında qoyanı tanıyasınız! Üstəlik də... növbəti dəfə polis sıralarına zabit götürəndə Lev Qumilyovun anasının kimliyini soruşmaqdansa, xahiş edirəm, soruşun görün onlar bilirlərmi DİN-də mətbuat xidməti və daxili təhqiqat idarəsi var və funksiyaları nədir? Çünki bilməyəndə məni söydüklərindən də betər onları söyürlər ki, nədi, nədi, biz jurnalistlər onlara arxalanırıq, onları böyük bilirik - yazışma durur, tanış ola bilərsiniz!

Məni qəbul etməsəniz, Sizi başa düşərəm, anlayaram ki, gücünüz çatmır - Hacı Məmmədova kiminsə gücü çatırdı??? Sadəcə, deyin ki, açıl başımdan. Yoxsa Eldar Qazıbəyov kimi məni dolamayın! Sizə yaraşmaz! Hər halda, generallıq təkcə rütbə deyil, həm də ser statusunda seçilmişlikdi! O halda mən ayrı hüquqi variant taparam. Mənim gözləməyə vaxtım və səbrim yoxdu ki, görək haçan Rahib Sabir oğlu Abdullayev DİN-in xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili olacaq və baş bankirin arvadını qaçıracaq, o da Prezidentə çıxacaq, sonra bu "Hacı Məmmədov" zərərsizləşdiriləcək...
Sizə dərin hörmətlə,
Aydın Canıyev,
müstəqil jurnalist

p.s. Hörmətli Əflatun Amaşov, xahiş edirəm zənglərimə cavab verin və Ağdaş rayon polis şöbəsində sahə müvəkkili işləyən Rahib Sabir oğlu Abdullayevin mənə yazdıqlarını və dediklərini həm oxuyun, həm də dinləyin. Bunu ona görə istəmirəm ki, ya nazirə deyəsiniz məni qəbul etsin, ya Milli Məclisdə səsləndirəsiniz, ya da ki bəyanat yayasınız. Sadəcə...15 gündü müraciət yazmışam, "həyatım təhlükədədir" deyirəm, bir dəfə maraqlanmayıbsınız! Nəzərinizə çatdırmaq istəyirəm. Yoxsa Siz daha Mətbuat Şurasının sədri deyilsiniz?

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az