"Torpaqlarımızı yalnız MÜHARİBƏ ilə azad etməliyik"- Düşmən nəinki beş rayonu, hətta...


"Dağlıq Qarabağ separatçılarının keçmiş "müdafiə naziri", "Artsax qəhramanı" Samvel Babayanın gələn il "prezident seçkilərində" öz namizədliyini irəli sürəcəyini bildirərkən, 2016 ilin iyulunda S.Sarqsyanın "Azərbaycana ərazi güzəştləri etməyə hazır olduğu" barədə dedikləri separatçı "parlament" sədri Aşot Qulyan, "prezidentliyə" əsas namizəd hesab olunan Araik Arutunyan və başqaları tərəfindən ciddi təpki ilə qarşılanıb və təkzib olunub. "

Bu barədə hərbi icmalçı, Qarabağ veteranı, ehtiyatda olan zabit Nazim Bayram Miq.Az-a açıqlamasında bildirib.

 "Ermənistan rəhbərliyini və S.Sarqsyanı nəzərdə tutan A.Qulyan bəyan edib ki, ""Artsaxla" heç kəs heç vaxt ultimatumla danışmayıb, Babayanın xatırlatdığı görüşün (Sarqsyanla separatçı rəhbərliyin Xankəndidə görüşü-NB) nəticəsi isə Yerevanın və Stepanakertin danışıqlarda mövqeyinin sərtləşməsi olmuşdu... "sülh əvəzinə ərazilər", "status əvəzinə ərazilər", "beynəlxalq qarantiya əvəzinə ərazilər" düsturları qəbuledilməzdir". 

A.Arutunyan da bildirib ki, "2016 ildə Serj Sarqsyanın "Artsaxın" siyasi qüvvələrinin nümayəndələri ilə iki görüşü olub və bu görüşlərdə ümumi məxrəcə gəlinib ki, "Artsaxın" faktiki statusundan bir addım geriçəkilmə ola bilməz".

Bütün bunlar "problemin sülhlə həll oluna biləcəyi" iluziyalardan bizi nəhayət azad etməlidir. Fikrimizi, fəaliyətimizi torpaqlarımızın hərb yolu ilə azad etməkdə cəmləməliyik. Qarşı tərəf başqa seçim qoymur."-deyə hərbi icmalçı saytımıza açıqlamasında bildirdi. 

Digər hərbçi, keçmiş döyüşçü, vaxtilə Beyləqan batalyonunun komandiri olmuş ehtiyatda olan zabit Akif Həsənov da torpaqların alınmasını ancaq müharibədə görür. Miq.Az-a açıqlamasında Akif Həsənov bildirdi ki, bu gün ən böyük problemlərimizidən biri də budur: hələ də çoxları düşünür ki, bu məsələ sülhlə, danışıqlar yolu ilə həll oluna bilər:

"Əgər cəmiyyətimizdə hər hansi bir nəfər, hansısa yazar və ya ağlıkəsən istənilən adam düşünürsə ki, torpaqlarımızı işğaldan yalnız sülh yolu ilə azad edəcəyik, demək hələ də biz bu məsələnin həllindən tamamilə uzağıq. Təəssüflər olsun ki, sülhlə bağlı bir mövzu ortalığa atılan kimi sosial şəbəkələrdə başlayırlar bu məsələni hərə bildiyi formada müzakirə etməyə və fərziyələr irəli sürməyə. Birdəfəlik hamımız dərk etməliyik,  başa düşməliyik ki, Qarabağın işğaldan azad olunmasında sülh variantı rol almayacaq, buna bir faiz də inamım yoxdur."

"Görünən həm də odur ki, biz məsələnin sülh yolu ilə həllinə çox meyilliyik və bu bizim ürəyimizcədir. Düşmən nəinki beş rayonu, hətta bir kəndi də belə bizə qaytarmayacaq. Hətta biz düşmənin bütün şərtlərinə əməl etsək belə...Biz sülh yolu ilə torpaqları geri almaq xəyalından əl çəkib, ölüm-dirim savaşına hazır olmalıyıq"-deyə Akif Həsənov bildirdi. 

""Sülh istəyirsənsə müharibəyə hazır ol" kəlamı bütün hallarda öz qüvvəsindədir. Ermənilərin rəsmi dairələrinin heç bir vaxt torpaqları verməyəcəkləri barədə bəyanatları olduğu halda, bizimkilərin nəyə və kimə ümid etdiklərini anlamaq çox çətindir. Bütün hallarda münaqişənin bizim xeyrimizə həll variantı müharibədir. Qarabağın bütövlükdə azad edilməsini ancaq və ancaq vətənini ürəkdən sevənlər istəyir. Elə müharibəni istəyənlər də onlardır. Qalanları rahatlıqları üçün vaxt udurlar.”

Bu fikirləri isə istefada olan zabit, Laçın alayayının keçmiş qərərgah rəisi Rafiq Nağıyev bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az