Türkiyə Naxçıvana hücumun qarşısını necə aldı?

Türkiyə Naxçıvana hücumun qarşısını necə aldı?

Qars müqaviləsinin bağlanmasından 100 il ötür. Qars müqaviləsi 16 mart 1921-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə Böyük Millət Məclisi (1923-cü ildə qurulacaq Türkiyə Cümhuriyyətinin sələfi) arasında bağlanmış Moskva sülh müqaviləsinin tələblərinin yerinə yetirilməsi çərçivəsində həmin il 13 oktyabr 1921-ci il tarixdə Azərbaycan, Ermənistan və Gürcüstan SSR-nin daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində imzalanan sülh müqaviləsidir. Müqavilə 11 sentyabr 1922-ci ildə qüvvəyə minmişdir və müddətsizdir.

Qars müqaviləsinin tarixi hüquqi əhəmiyyətinə qiymət verərkən Naxçıvan Muxtar Respublikasının məhz Azərbaycanın tərkibində qalmasına hüquqi zəmin yaratmasını xüsusilə qeyd etməliyik. Heç kimə sirr deyil ki, zaman-zaman ermənilər Naxçıvan Muxtar Respublikasına qarşı da ərazi iddiaları ilə çıxış ediblər. Əsrin əvvələrində bu cəhdlər intensiv şəkildə irəli sürülmüş, lakin Naxçıvan əhalisinin ciddi müqaviməti və Türkiyə ilə bağlanmış Qars müqaviləsi nəticəsində bu cəhdlər nəticə verməmişdir.

Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiyyətini daim yüksək qiymətləndirərək, demişdir: "Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olub. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir".

Türkiyəli diplomat, sabiq səfir Şükrü Ələkdağın ümummilli lider Heydər Əliyevin Qars müqaviləsinə istinadla Ermənistan tərəfindən Naxçıvana planlaşdırılan irimiqyaslı hücumun qarşısının alınmasında rolundan danışarkən söylədiyi aşağıdakı fikirlər çox maraqlıdır. Ş.Ələkdağ deyir: "Ermənistan 1992-ci il mayın 8-də Şuşanı işğal edən zaman paralel olaraq Naxçıvanın Sədərək bölgəsinə də hücum etmiş, erməni silahlı birləşmələri sərhədlərimizin 10 kilometrliyində hərbi əməliyyata başlamışdılar. O zaman rəhmətlik Heydər Əliyev Türkiyədən yardım istədi və Prezident Süleyman Dəmirəl bu tələblə bağlı hökumətin toplantısını çağırdı. Hökumət Qars və Moskva müqavilələrini nəzərə alaraq Ermənistan hökumətinə xəbərdarlıq etmək qərarına gəldi və Baş nazirin müavini Erdal İnönü Ermənistanın xarici işlər naziri ilə əlaqə yaradaraq bildirdi ki, bu hərəkətin cavabı çox ağır olacaq. O dövrün Quru Qoşunları komandanı da türk qoşunlarının hazır vəziyyətə gətirildiyini elan etdi və Ermənistan Naxçıvana qarşı hücumları dayandırmağa məcbur oldu. Bununla da Qars müqaviləsi Naxçıvanın Ermənistanın hücumlarından qorunmasında son dərəcə mühüm rol oynamışdır”.

Qars müqaviləsi bağlandığı vaxtdan Ermənistanda birmənalı qarşılanmadı. Ermənilərin bir qrupu bu müqavilənin erməni xalqının iradəsini ifadə etmədiyini bildirdi. Onlar daha çox Sever müqaviləsinə üstünlük verirdilər. Təsadüfi deyil ki, o dövrlər "Sovet Ermənistanı" qəzeti kimi nəşrlərdə "Qars sülh konfransı" adlı yazılarda bu danışıqlar Ermənistanın müstəqilliyini möhkəmləndirə biləcək bir akt kimi qiymətləndirilsə də, əks mövqedə olan qüvəllər də az deyildi.

Həmin dövrlərdə Təbrizdə çap olunan erməni "Hayk" qəzetinin "Pərdə götürülmüşdür" adlı baş məqaləsində "Qızıl ordunun komandanları Sovet federasiyasının tərkibinə daxil olan Ermənistanın mübahisəsiz hissəsini təşkil edən 1914-cü il sərhədlərində belə dayana və hətta balaca Naxçıvanı kamalçıların caynaqlarından qopara bilmədilər” deyə Qars müqaviləsinə mənfi münasibət bəslənmişdir. Belə nümunələr həddindən artıq çoxdur.

Beynəlxalq hüququn prinsiplərinə görə, Qars müqaviləsinin ləğvinə yönəlik cəhdlərin əsası varmı? Əlbəttə, birmənlaı şəkildə demək olar ki, yox. Qars müqaviləsi müddətsiz bağlanmış çoxtərəfli müqavilədir. Beynəlxalq hüququn prinsiplərinə əsasən müqaviləni imzalayan şəxlər dövlətləri tərəfindən mandat almışdır və müqavilə ratifikasiya edilmiş, mübadiləsi həyata keçirilmişdir. Lakin Ermənistanın daha çox istinad etdiyi Sever müqaviləsi Qars müqaviləsindən fərqli olaraq Türkiyə Böyük Millət Məclisi tərəfindən ratifikasiya edilməmişdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə işğaldan azad edilmiş Şuşa şəhərində Türk dünyasının iki böyük şəxsiyyəti tərəfindən imzalanmış Şuşa Bəyannaməsində bir daha Qars müqaviləsinə sadiqlik öz təsdiqini tapmışdır.

15 iyun 2021-ci il tarixdə Şuşa şəhərində Azərbaycan və Türkiyə dövlət başçılarının imzaladığı Şuşa Bəyannaməsinin preambula hissəsində qeyd edilir ki, iki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edirik.

Tarixi Qars müqaviləsini imzalayan Behbud ağa Şaxtaxtinskini rəhmətlə anırıq!

Sadiq Qurbanov,

Millət vəkili


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az