Türkiyə və Ermənistan arasında ilk anlaşma – Detallar bəlli oldu

Türkiyə və Ermənistan arasında ilk anlaşma – Detallar bəlli oldu

Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında görüşlər başlayandan bəri ilk dəfə olaraq konkret razılaşmalar əldə olunub.

Miq.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri və Türkiyə ilə danışıqlardakı xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.

Onun sözlərinə görə, belə mürəkkəb proseslərdə razılaşmaların həyata keçirilməsi son dərəcə vacibdir:

"İlk razılaşmalara gəlincə, bunların vaxtında həyata keçirilməsi daha vacibdir. Bu, inam yaradacaq. Razılaşmalar yerinə yetirilməsə, prosesin əsasları sarsılacaq”.

Rubinyan qeyd edib ki, əldə olunmuş razılaşmalara uyğun olaraq, bu anlaşmalar ən qısa zamanda həyata keçirilməlidir:

"İcra müddətinin qısa olması son dərəcə vacibdir. Şəxsən mən bunların artıq bu yay həyata keçirilməsini mümkün hesab edirəm”.

Rubinyan söyləyib ki, Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədindən keçmək imkanlarının təmin edilməsinə dair razılıq əldə olunub.

"Söhbət Ermənistan və Türkiyə istisna olmaqla, bütün digər ölkələrin vətəndaşlarından gedir”.

Rubinyan bu tənzimləmənin ikili vətəndaşlığı olan şəxslərə təsir edib-etməyəcəyi sualına cavab verməkdə çətinlik çəkib və bu məsələnin müzakirə olunduğunu vurğulayıb.

Vitse-spiker Ermənistan-Türkiyə hava yolu ilə birbaşa yükdaşımaların başlanması ilə bağlı da razılığın əldə olunduğunu deyib: "Yüklərin daşınması həm yük təyyarələri ilə, həm də müvafiq imkanlara malik sərnişin təyyarələrindən istifadə etməklə həyata keçirilə biləcək. İndi yüklərin birbaşa hava yolu ilə daşınması imkanı yoxdur”.

O, bu məsələlərlə bağlı siyasi razılığın əldə olunduğunu, texniki məsələlərin iki ölkənin müvafiq qurumlarının nümayəndələri tərəfindən işçi qaydada həll ediləcəyini vurğulayıb. Bu, keçid məntəqəsinin yeri, gömrük rejimi və bir çox başqa məsələlərə aiddir.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az