Türkiyəli zabitlər Azərbaycana gəlib

Türkiyəli zabitlər Azərbaycana gəlib
Bakıda səfərdə olan Türkiyənin Ehtiyatda olan Zabitlər Təşkilatı və Türkiyə Müharibə Veteranları Təşkilatının bir qrup nümayəndəsi Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər.

Miq.az APA-ya istinadən xəbər verir ki, azərbaycanlı qazilərin dəvəti ilə Azərbaycana səfər etdiklərini deyən Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-polkovniki Ərdoğan Karakuş bildirib ki, səfər zamanı Türkiyə - Azərbaycan münasibətləri ilə bağlı bir sıra müzakirələr aparılacaq: "90-cı illərin əvvəllərində Qarabağda müharibə başlayan zaman mən Ankarada hərbi hava bazasının rəisi idim. Həmin ərəfədə Azərbaycanın hərbi nəqliyyat təyyarələri bazaya enmişdi.

Təyyarələr iki saat ərzində yükləri götürüb, geri qayıtmalı idilər. Təyyarələrin üzərində SSRİ yazılmışdı. Bunu görən kimi dərhal əmr verdim ki, təyyarələrin üzərindəki o söz silinsin, əvəzinə isə "Azərbaycan Hərbi Hava Qüvvələri” yazılsın, eyni zamanda, Azərbaycan bayrağı həkk edilsin. İki saat ərzində təyyarələrin üzərinə "Azərbaycan Hərbi Hava Qüvvələri” yazıldı, Azərbaycan bayrağı həkk edildi”.

General-polkovnik qeyd edib ki, tarix boyu Azərbaycan və Türkiyə arasında gözəl münasibətlər olub: "Biz eyni millətin iki dövlətiyik. Ayağım Azərbaycan torpaqlarına dəyər-dəyməz torpağı öpdüm. Çünki bu, türk adət-ənənəsidir. Bir türk başqa türk dövlətinə gedərkən oranın torpağını öpməlidir. Biz Türkiyə olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər zaman Azərbaycana dəstək verməyə hazırıq”.

Generalın sözlərinə görə, Azərbaycanda rəsmi şəxslərlə görüşlər keçirməyi də planlaşdırırlar.

Qeyd edək ki, Türkiyə ordusunun ehtiyatda olan zabitləri Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin dəvəti ilə iyulun 7-dək Azərbaycanda səfərdə olacaqlar.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az