Vali sözü vəliəhd mərtəbəsinə qaldıran adam və ya sözün valideyni…

Vali sözü vəliəhd mərtəbəsinə qaldıran adam və ya sözün valideyni…

2014-cü ilin fevral ayının sonları idi. Hərbi xidmətdən təzə qayıtmışdım. Təxminən yeddi ay olardı. Bu yeddi ay ərzində özümə iş də tapmışdım. Tovuzda fəaliyyət göstərən "Türkel tv”-də (ttv) müxbir kimi fəaliyyət göstərmişdim. Doğrudu, bu fəaliyyətim qısa sürmüşdü. Səbəbi qısa idi. Yol uzaqlığına görə, Tovuzda kirayə qalmaq məcburiyyətində qalırdım. Hər gün Tovuzun ortasından Şəmkirin ən ucqar kəndinə - ərəseyin düzünə gedib-gəlmək adamı həvəkdəstə sarımsağın suyunu çıxaran kimi birtəhər edirdi. Bir-iki dəfə sınamışdım, ona görə, mübağiləsiz danışıram. İş rejimi də yüngül deyildi. Əvəzində isə cəmi 150 manat maaş alırdım. Sonra məvacibim 200 manata qalxdı. Amma hədəflərimi böyük qoyduğumdan bu maaşla, bu işlə kifayətlənə bilmirdim. İşdən öz xahişimlə ayrılası oldum. 

Bakıya gəldim, bir müddət bir neçə saytlarla əməkdaşlıq etməyə başladım. Ümumi məvacibim yenə də 300 manata çatmırdı. Paytaxt, böyük xərclər... Uşaq da bağışlasın, tərləməyən yerimiz qalmırdı amma cibimizdən üşüyürdük hər ayın başı çatanda. Başımız mədəmizi, mədəmiz də dizimizlə rabitəni kəsirdi bəzən… 
Ora-bura yazılar yaza-yaza, araşdırmalar edə - edə, Xırdalanda qaldığım yataqxananın qarşısındakı mağazada satıcı işləməyə başladım. 
Günlərin bir günü zəng gəldi:

-Aloo?
-Aloo! Aloo! (telefonum köhnə idi, səslər bəzən "qırılırdı”).
-Bəli?
-Vəli Əkbərdi sizi narahat edən. Tural Turanla danışıram?
-Bəli, buyurun. Üzrlü sayın, tanımadım.

-"Türkel tv”-dən, ttv-dən narahat edirəm sizi. İşlədiyiniz televiziyadan... Mən buraya təzə gəlmişəm. Televiziyanın xəbərlər xidməti yenidən qurulur. Buradakı uşaqlar sizi çox təriflədilər. Sujetlərinizə baxdım, bəyəndim. Dedilər ki, mətnlərinizi özünüz yazırsınız. Pis deyil. Amma səsiniz cilalanmayıb, bişməyib. Burada – Tovuzda bölgə televiziyalarının xəbər jurnalistləri üçün təlim keçəcəyik. On beş gün davam edəcək bir treninqimiz olacaq. Sizi də dəvət edirəm. Treninqi uğurla başa vursanız sizinlə əməkdaşlıq edəcəyik.

-Müəllim, mənim oradan niyə çıxdığımı bilirsinizmi?
-Bəli, Nadir müəllim deyib. Narahat olmayın, bir şey fikirləşərik.
Nadir müəllim Şəfiyev də həmin vaxt beş-altı ay idi ki, ttv-yə baş direktor təyin olunmuşdu. O da üzərimdə əməyi böyük olan ustad həmkarlarımdandır. Mövqeyi, prinsipiallığı ilə seçilən qocaman jurnalistlərimizdəndir. 

Telefonun o başındakı müəllimin "bir şey fikirləşərik” cümləsi sıxıldığım mağaza işindən qurtulmaq demək idi. Gözlərimə işıq gəldi. Pal-paltarımı yığıb Şəmkirə - evimizə dəymədən birbaşa Tovuza yollandım. Treninqdə iştirak etdim. Təlimçilərin ağzından dənciyimizə nə gəldi boşaldırdıq ki, seçilmək şansımız çox olsun.
Elə təlimin ilk saatlarında  Vəli müəllimlə üzbəsurat görüşüb tanış oldum. Şəki insanlarının tipik kişmişi gülüş ştrixləri var idi üzündə. Qanım qaynadı. Qaşlarının altından gülümsəməyini demirəm hələ. Qısa söhbət əsnasında da bu ştrixlər adamın canından yorğunluq çıxarırdı. Sonra otağında söhbətləşdik. Ailə vəziyyətimlə, maddi durumumla maraqlandı. Hər şey yaxşı olacaq – dedi. Ümidləndim. Gözlərimdə Novruz lopası yanmağa başladı. İlk günlər Tovuza yenidən qayıtdığım üçün məğlub əsgər kimi baxırdım köhnə iş yoldaşlarımın üzünə. Bu Bakıya – ARB-nin mərkəzi bürosuna yollanana kimi davam etmişdi.

Söhbəti çox uzatmıram. Təxminən ay yarım Tovuzda onunla işlədim. Sonra təyinatımı Region TV-yə (indiki ARB) verdilər. Həm təcrübəmi, həm maaşımı artırmaq üçün Bakıya müvəqqəti təcrübə artırmaya getməyim haqqında da Vəli və Nadir müəllimlərin əməyi çox oldu. 

Tovuzda Vəli müəllimin rəhbərliyi altında işlədiyim 45 gün ərzində bu rayonla yanaşı, Ağstafaya, Qazaxa, Şəmkirə reportajlara gedirdim. Sujetlərimə diqqətlə baxıb yaradıcı iradlarını deyirdi. Bir dəfə də dalaşmışdıq. Amma bu mənim simamda inadçı, özünütəsdiq "savaş”ı idi.
Deməli, Qazaxda əfsanəvi partizan Tahir İsayevlə - "Serafino” ilə bağlı sujet hazırlayırdım. Sujeti fərqli formada – sujet-film kampazisiyası kimi hazırladım. Mən demək olar ki, süjetdə yox idim, nə səsim, nə görüntüm. Partizanın xanımı, dostları, qohumları onun haqqında danışırdılar. Düşünürdüm ki, pis alınmayıb. Vəli müəllim isə bəyənmədi. Yaxşıdır –dedi-amma nəsə çatmır, bir də bax-söylədi. Mən də ayağımı dirədim ki, yoxe, müəllim, vallah yaxşıdır. Verək getsin-dedim. Çünki sujeti bu cür hazırlamaq mənim ideyam idi. İstəmirdim ki, "qayçılanma” olsun. Vəli müəllim sujetə efir qadağası qoyan kimi Nadir müəllimə dedim ki, xahiş edirəm "Serafino”nu bu cür verək, yoxsa həvəsdən düşəcəyəm. Nadir müəllim də əlini alnına çəkib qaşlarını düyünlədikdən sonra razılaşdı. Süjet efirə getdi. Bu yaxınlarda sujetə təkrar baxdım. Vəli müəllimin "nəsə çatmır” dediyi yerləri diqqətlə süzdüm. Keçidlər uğurlu deyildi. Utandım, amma peşman da olmadım (yaza-yaza gülürəm, Vəli müəllim). Çünki 24 yaşım vardı, jurnalistdə inadkarlıq və özünü təsdiq olmasa irəli getmək olmaz, bişmək mümkün deyil- deyə düşünürdüm...

Sonradan kitablarımın çap olunmasında mənə yardımçı oldu, nəşriyyat, dizayn məsələlərində yardımlarını əsirgəmədi. Mütəmadi olaraq yaradıcılığımla maraqlanırdı. Hətta qısa müddət Ankarada işləyərkən özünün yaratdığı tezxeber.az üçün yazılar göndərməyimi, passivləşməməyimi məsləhət görmüşdü. 

Türk kökənli milli ay adlarımızla bağlı araşdırma etmişdim. Türkiyədə yarışmada birinci yerə layiq görülmüşdü.
Bakıda onun təqdimatını da məhz Vəli müəllim keçirmişdi. Jurnalistlərə xəbər salmışdı.

Vəli müəllimlə dost olmaq üçün səmimi olmaq yetər, bəlkə də yetməz, bir az da kişmişi təbəssümün olmalıdır. Mən kişmişi təbəssümsüz də idarə edirəm. İndi vaxtilə onun yaratdığı bir redaksiyada çalışıram. Hələ də şairliyimə salıb unutqanlığa qapılanda, 24 yaş məndən böyük olmasına baxmayaraq, məni axtarır. Halımı soruşur. Mən də utana-utana, qızara-qızara şeirlərə başım qarışıb-deyirəm.

Bu gün ömrünün 50 ilini – yarım əsrini tamamlayır Vəli müəllim. Bir igidin ömrü olsa da, bir jurnalist üçün çox azdır. Çünki 50-dən sonra carçıların pir, 70-dən sonra əmir ömrü başlayır. Yüz yaşayın demirəm, saz yaşayın, söz-söz yaşayın...

Sizin qələminizə azdan-çoxdan bələdəm, Vəli müəllim. Əlahəzrət söz sizin qələminizlə vali kürsüsündən vəliəhd mərtəbəsinə yüksəldi. Siz sözə vəlilik – valideynlik etdiniz bu əlli ildə... 
Sizdən bir şeyi öyrəndim, sözlə oyna, içindəki sözü içinlə kağız arasında böyüt, sözü yemlə, sözü böyüt...

Sözün "doqquzluq”adamı, Tanrıdan qazancınız təki bir əllilik olmasın. İkincisini, üçüncüsünü də qatlayıb cibinizə qoyasınız... Yolunuz atlı, tuşqulunuz qəti, yazınız kəskin olsun. 

Sayğılarla, yetirməniz Tural Turan.
28 bozay(mart) 2018



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az