Vəfat edən qaziyə şəhid statusu verilmir

Vəfat edən qaziyə şəhid statusu verilmir

Bir neçə gün öncə Azərbaycan Ordusunun baş leytenantı, Vətən müharibəsi qazisi, 1980-ci il təvəllüdlü Cahangirli Habil Həzər oğlu Ankarada, müalicə aldığı Hacettepe Universiteti Xəstəxanasında dünyasını dəyişib. İndi mərhum baş leytenantın ailə və yaxınları şəhid statusunun verilməsi ilə bağlı bir sıra problemlərlə üzləşiblər.

Məsələ ilə bağlı hafta.az-a danışan  Habil Cahangirlinin qardaşı Ramil Cahangirli  bildirir ki, sözügedən vəziyyətlə əlaqədar, demək olar ki, aidiyyəti üzrə bütün qurumlara müraciət edib, onlar isə işi bir-birinin üzərinə atır:

"Elə indi Xəzər Rayon Hərbi Komissarlığından çıxıram. Mənə deyildi ki, "Zabitlərlə bağlı məsələyə biz baxmırıq. Buna görə Müdafiə Nazirliyinə müraciət edin”.  Nazirlikdən isə kimə, hara müraciət edəcəyimi bildirmədilər”.

Maraqlıdır, görəsən, daha əvvəl belə bir vəziyyət yaşanmayıb? Bəs onda hansı addımlar atılmışdı?

Meydana gələn bu sorğu-suala aydınlıq gətirmək üçün Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Polkovnik Vaqif Dərgahlı söylədi ki, məsələ ilə bağlı bu suallara Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti cavab verir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən sorğumuza cavab isə belə oldu:

"Bildiririk ki, şəhid və şəhid ailəsi statusunun verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən həyata keçirilir. Bu Qaydanın 4.1-ci bəndinin üçüncü abzasına əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Odur ki, Vətən müharibəsi zamanı xəsarət almış Türkiyə Respublikasında müalicədə olarkən vəfat etmiş, mərhum baş leytenant Cahangirli Habil Həzər oğlunun Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində zabit kimi xidmət keçdiyini nəzərə alaraq, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə müraciət olunması məqsədəmüvafiqdir”.

Görünən odur ki, qələbəmizin bir parçası olan qazi baş leytenant Habil Cahangirlinin şəhid statusu alması müəmması hələ davam edəcək. İndiki vəziyyətdə ailənin ən böyük təsəllisi Şəhid statusunun bərqərar edilməsi olardı.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az