"Xanlar Vəliyevin adamı zərəri ödəmir, bizi “Bandotdel”lə hədələyirlər"



"Xanlar Vəliyevin adamı Rasim Məmmədov isə bizə dəyən ziyanı ödəmək istəmir”

"Qrup şəklində dövlət qurumlarına müraciət edənləri "Bandotdel”ə aparılmaqla hədələyirlər”.

Bu ilin martında yanan "Diqlas” Ticarət Mərkəzində çalışmış sahibkarlardan biri belə deyir. Təhlükəsizliyi baxımından adının açıqlanmasını istəməyən sahibkarın sözlərinə görə, bu yolla yanğından zərərçəkən sahibkarları qrup şəkilində dövlət qurumlarına müraciət etməkdən çəkindirməyə çalışırlar.

Pullarını ala bilməyən sahibkarlar Meydan TV-yə üz tutublar.

"Diqlas”ın 2 sahibi var – biri sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov, digəri isə Baş prokurorun müavini, hərbi prokuror Xanlar Vəliyevdir. Xanlar Vəliyevi "Diqlas”da qardaşı Şahlar Vəliyev təmsil edir. 5 mərtəbəli "Diqlas” yanan günə qədər tənyarısı Eldar Mahmudova, digər hissəsi isə Xanlar Vəliyevə məxsus olub. Eldar Mahmudov tərəfindən idarəçi Araz Rəhimov, Xanlar Vəliyev tərəfindən isə Rasim Məmmədov təyin olunmuşdular. Bu gün Eldar Mahmudov yanğında zərər çəkən bir qrup sahibkara dəyən ziyanı verib. Xanlar Vəliyevin adamı Rasim Məmmədov isə bizə dəyən ziyanı ödəmək istəmir. Bizi "Bandotdel”lə qorxudurlar”, – deyə başqa bir zərəçəkən sahibkar söyləyib.

"Rasim Məmmədov Şahlar Vəliyevin adamıdır. Birinə 70 min ziyan dəyibsə, Rasim Məmmədov çağırıb deyir ki, gəl sənə 2 min manat verək, sənədlərə də qol çək, çıx get. Bizdən şikayət eləmə. 7 nazirlik bu işlə məşğul olub. Bizə dəyən ziyan müəyyən edilib. Bütün sənədləri də hazırlayıblar. FHN, Daxili İşlər Nazirliyi və başqa nazirliklər, komitələr bizə dəyən ziyanı təsdiq edirlər. Logistikadan, fövqəladədən gəlib "oboy”dan, "şmotka”dan tutmuş kimin hansı miqdarda malı yanıbsa, hamısını dəqiqləşdirib yazıblar. Bu gün "Diqlas”ın Şahlar Vəliyevin payına düşən hissəsində 100-ə yaxın sahibkar kompensasiyasını gözləyir. Bizə prezidentin vəd etdiyi kompensasiyanı vermirlər, sözümüzü prezidentə çatdırmağa da imkan vermək istəmirlər” - deyə bir başqa zərərkənən qeyd edib.

Sahibkarların sözlərindən aydın olur ki, Eldar Mahmudovun payına düşən hissədə onların ticarət nöqtələri olub. Yanğının başladığı və ticarət mərkəzinə bitişik olan, həmin hissəni sahibkarlar öz aralarında "Cin bazarı” adlandırırlar. Ona görə də Eldar Mahmudovun payına düşən hissədə sahibkarların sayı bir qədər artıq olub:

"Biz Xanlar Vəliyevin payına düşən hissədə illərlə qanunların tələb etdiyi qaydada vergimizi vermişik, qanuni fəaliyyət göstərmişik. Digər tərəfdə isə vergilər məsələsi fərqli olub. "Cin bazarı”nın isə heç bir qeydiyyatı olmayıb. Bu gün Eldar Mahmudovgil "Cin bazarı”nda çalışanların hamısının, "Diqlas”ın özündə, onların payına düşən hissədə çalışanların bir qisminin dəyən ziyanını qarşılayıb. Xanlar Vəliyev də, onu təmsil edən Şahlar Vəliyev də bunu bilirlər və bizə dəyən ziyanı vermək istəmirlər. Onun adamı Rasim Məmmədov istədiyi vaxt "Diqlas”ın yaxınlığında parka gəlir. Orada skamyalardan birində oturub zərərçəkənləri katibəsinin vasitəsi ilə çağırır. Dəyən ziyanın miqdarı haqda söhbətləri eşitmək belə istəmir. Deyirik ki, bəs prezident çıxış edib, bizə dəyən ziyanın tam ödənəcəyini vəd verib, vecinə almır. Çox saymazyana münasibət göstərir. Deyir: "gedin kimə istəyirsiz deyin, vermirik ziyanı”. 2-3 min istəyirsizsə, ziyanı tam almanız haqda sənədlərə qol çəkin, verək. Rasim Məmmədov kimə güvənir bilmirik”.

Zərərçəkənlər deyir ki, yanğınla bağlı yaradılan komissiyanın sədri, Baş nazirin 1-ci müavini Yaqub Eyyubovla, Baş prokurorun 1-ci müavini Rüstəm Usubovla görüşüblər: "Qəbul edirlər, vəd verirlər. Zərərimizi ödəyən yoxdur. Bizim də borclu olduğumuz adamlar var. Prezident 2 aya zərərimizin ödəniləcəyini demişdi, artıq 6-cı aydır, bizim pulumuzu vermirlər. Biz Yaqub Eyyubovun qəbuluna gedirik. Oradan bizi Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərirlər, deyirlər, işi orada araşdırırlar, ora gedin. Orada da işi Rafiq və Sahib adlı müstəntqilərə tapşırıblar. Onlar da çiyinlərini çəkirlər. Yığışıb Prezident Adminstarasiyasının qarşına gedirik, oradan da bizi qəbul edən olmur. Üstəlik qrup şəkilində müraciət etməyimizi də bizə irad bildirirlər. "Bandotdel”ə aparacaqları ilə hədələyirlər. Deyirlər ki, dövlət orqanlarına tək-tək gedin, qrup şəkilində getsəz, sizi tutacağıq. Tək gedənləri də qapıdan qovurlar”.

Sahibkarlara verilmiş sənədlərdə dəyən ziyan haqda əsaslandırılmış məlumatlar olsa da, kompensasiyaları ödənilmir.

"Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğından 2 gün sonra komissiya yaradılıb. Baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrlik etdiyi komissiyanın tərkibinə fövqəladə hallar, maliyyə, iqtisadiyyat, vergilər, daxili işlər, energetika nazirləri, Baş prokuror, Dövlət Gömrük Komitəsinin sədri, Bakı Şəhər İcra Hakimiyyətinin, Nizami Rayon İcra Hakimiyyətinin başçıları daxildir.

Komissiyaya tapşırılıb ki, hadisənin başvermə səbəblərini və hadisə nəticəsində dəymiş maddi ziyanı tam araşdırıb yekun rəyi Nazirlər Kabinetinə təqdim etsin.

"Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Bu barədə Baş Prokurorluğun martın 28-də yaydığı məlumatda bildirilib. Məlumata görə, cinayət işinin icraatı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb. Cinayət işi Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddələri üzrə başlanıb.

Meydan TV Rasim Məmmədovun Çinarə adlı köməkçisi ilə əlaqə yaradıb. Sahibkarların dediklərini təkzib edən köməkçi deyib ki, qanun çərçivəsində bütün məsələlər həllini tapacaq:

"Onlara kompensasiyanın ödənilməsi üçün bizə kredit ayrılmalıdır. Kredit məsələsi həll olunduqdan sonra qanun çərçivəsində hər kəsin kompensasiyası ödəniləcək. Bunu sahibkarların özlərinə də demişik”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az