Xarici ölkə səfirliklərimizlə bağlı ilginc iddialar – Yoxlamalar başlayıb

Xarici ölkə səfirliklərimizlə bağlı ilginc iddialar – Yoxlamalar başlayıb

Elxan Şahinoğlu: "Azərbaycanın imicinə kölgə gətirənlər məhz belələridir”


Azərbaycanın xarici ölkələrdəki səfirliklərində ən yüksək səviyyədə yoxlamaların başlandığı barədə xəbərlər yayılıb. Bu yoxlamalara rəvac verən iki səbəb göstərilir.  Bunlardan biri Ukraynada indiki səfirimiz Anar Xudiyev və keçmiş səfir Tələt Əliyev arasında yaşanan qalmaqaldır. Digəri isə  ötən həftə ölkə prezidenti tərəfindən vəzifəsindən qovulan Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun İspaniyada səfir işləyən oğlu Anar Məhərrəmovun səlahiyyət hədlərini aşaraq çaxır alveri ilə məşğul olması faktlarının üzə çıxmasıdır. 

Əslində belə bir yoxlamaların olacağı gözlənilən idi. Çünki Ukraynada iki səfirimiz arasında qarşıdurma yaşandığı zaman Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı ölkənin Baş Prokurorluğuna müraciət etmişdi. Bu müraciətin nəticələri barədə hələ ki bir rəsmi məlumat yoxdur.

Ölkəmizin xarici siyasət dairəsinin hərəkətə keçməsinin XİN rəhbəri Elmar Məmmədyarov üçün nə ilə nəticələnəcəyi barədə müxtəlif mülahizələr səsləndirilir.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycanın imicinə kölgə gətirən bir sıra səbəbləri açıqladı: "Hər bir dövlətdə Xarici İşlər Nazirliyi əsas dövlət institutlarından biri sayılır. Ona görə də bu strukturun hansı vəziyyətdə olması bir çox məsələlərnin həllidir. Azərbaycan diplomatları arasında işini bilən peşəkarlar var, öz gücünə və biliyi hesabına nazirlikdə yüksək postlara qədər irəriləyiblər, hətta bunların içərisində səfirlərə də rast gəlinir. Ancaq XİN-də təsadüfi adamlar da az deyil, tanışlıqla, kiminsə oğlu, yeznəsi və ya yaxın qohumu olduğu üçün səfir təyin olunublar və Azərbaycanın imicinə kölgə gətirənlər məhz belələridir. Biz əvvəllər də səfirliklərimizdən, yumşaq desək, qəribə xəbərlər alırdıq. İndi isə bunun sayı xeyli artıb və hələ ki tədbir görülmür”.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Politoloq onu da bildirdi ki, XİN-in informasiya işi də qənaətbəxş deyil. Doğrudur, XİN-in mətbuat xidmətlərinin rəhbərləri öndə olanlardır. Ancaq əgər yüksək səviyyədə hansısa bir məsələ ilə bağlı müzakirə aparılıb qərar verilməyibsə, həmin mətbuat katibi ancaq eyni sözləri təkrarlayacaq. Məsələn, jurnalistlərdən biri azad olunan Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun şərab biznesi ilə məşğul olan səfir oğlu Anar Məhərrəmovla bağlı araşdırma aparılıb-aparılmadığı barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Leyla Abdullayevaya sual ünvanlayıb.

Ä°lgili resim

Leyla Abdullayeva suala qısa şəkildə belə cavab verib: "Mən bu sualı cavablandıra bilmirəm”. Bu cavab vəziyyəti daha da qəlizləşdirir. Yenə desəydi, "bu haqda yeni məlumat yoxdur” anlamaq olardı. XİN mətbuat katibinin dolaşıq cavabından hansı nəticə çıxır? Birincisi, görünür, bu sualı hələ nazir Elmar Məmmədyarov da cavablandıra bilmədiyindən mətbuat katibi da bilmir suala necə cavab versin. XİN-in konkret suala cavabdan qeyri-peşəkar şəkildə yayınması nazir Elmar Məmmədyarovun mövzu ilə bağlı mövqeyinin hələ müəyyənləşməməsindən xəbər verir. Məmmədyarovun hansısa qərarı olmalıdır ki, mətbuat katibi bu haqda məlumat verə bilsin. Səfirləri prezident təyin etsə də, təqdimatı xarici işlər naziri verir. Abel Məhərrəmovun oğlunun İspaniyaya səfir təyinatı da nazir təqdimatı əsasında baş verib. İndi isə nazir təyin etdiyi səfir barədə heç nə deyə bilmir. Görünür, yuxarıdan təlimat gözləyir. Ancaq bunun üçün nə təlimat lazımdır ki? Ortada şərab biznesi ilə bağlı ciddi ittihamlar və ya iddialar var. Bu ittihamlara görə bir nəfər artıq işdən kənarlaşdırılıb. Məntiqlə məsələni araşdırmaq üçün XİN-də komissiya yaradılmalıdır. Bəlkə də yaradılıb, ancaq ictimaiyyətdən hələ gizlədirlər. Elə bu səbəbdən də mətbuat katibi sual qarşısında aciz qalıb. Eyni sözləri Ukraynada indiki və keçmiş səfir arasındakı qovğa haqqında da demək olar. Bəzi səfirlərimiz tacirlərə çevriliblər, ölkəsinin maraqlarından çox şəxsi ciblərini düşünürlər, çalışdıqları ölkədə biznes qururlar. Abel Məhərrəmovun İspaniyadakı səfir oğlunun şərab biznesi ilə məşğul olduğuna dair xəbərlər illərdir mətbuatda yazılır, müzakirə olunur.

Axı Elmar Məmmədyarov bunu haradansa eşitməli idi. Eşitmişdisə, niyə tədbir görmürdü? Yəni nazir prezidentə hesabat verə bilərdi ki, səfir ona aid olmayan işlərlə məşğuldur və beləsinin geri çağırılması məqbuldur. Belçika səfirliyimizdə yüksək rütbəli diplomatımızı tanıyırdım, XİN-dəki atasına güvənərək Brüsseldə restoran açmışdı. Və ya Azərbaycanın Ukraynadakı səfirliyində indiki və keçmiş səfirlər arasındakı qalmaqalın da predmeti biznesdir, səfir xələfinin restoranını əlindən almaq istəyir. Bu cür iş prinsipi olan səfirliklərimiz və səfirlərimizləmi xarici ölkələrdə milli və təhlükəsizlik maraqlarımızı qoruyacağıq, Ermənistanın işğalçı mahiyyətini anlatmağa çalışacağıq? Axı onlar da bir qisim səfirliyimizin və səfirimizin nə işlə məşğul olduğunu bilir”.(musavat.com)

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az