Xəzərdə 14 nəfərin yaralandığı hadisəyə görə cinayət işi açıldı - RƏSMİ

Xəzərdə 14 nəfərin yaralandığı hadisəyə görə cinayət işi açıldı - RƏSMİ
Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri "Saipem” şirkəti tərəfindən icarəyə götürülmüş "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə  məxsus "İsrafil Hüseynov” borudüzən gəmisində baş vermiş bədbəxt hadisə barədə birgə məlumat yayıb

Miq.az-a verilən birgə məlumatda qeyd edilir ki, mayın 8-də "İsrafil Hüseynov” borudüzən gəmisində texnoloji avadanlıqda yaranan nasazlığın aradan qaldırılması məqsədilə aparılan təmir işləri zamanı partlayışla müşayiət olunan yanğının baş verməsi səbəbindən şirkətin Azərbaycan Respublikası və digər xarici ölkələrin vətəndaşlarından ibarət 14 nəfər əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi  ilə cinayət işi başlanıb, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.
 

Hadisə zamanı xəsarət almış şəxslərin təxirəsalınmadan sahilə çıxarılaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilməsi təmin olunmaqla yüksək ixtisaslı həkimlər cəlb edilərək zərərçəkənlərin müayinə və müalicələri Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.

Hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin baş vermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 404-39-00, Fövqəladə Hallar Nazirliyinin "112”, Baş Prokurorluğun 440-78-13 nömrəli "Qaynar xətt” əlaqə mərkəzlərinə zəng etmələri xahiş olunur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az