“Yalvarıram, övladımın qanı yerdə qalmasın…”

“Yalvarıram, övladımın qanı yerdə qalmasın…”

Bu ilin yanvarında Parlament prospektində piyada zolağında vurularaq öldürülən 28 yaşlı həkim Lalə Sadayzadənin anası Gülsüm İsmayılova övladının ölümünə səbəb olan 18 yaşlı sürücü Sabir Talıblıya layiqli cəza verilməsi üçün lazımi instansiyalardan kömək istəyir.

Virtualaz.org-a müraciət edən gözüyaşlı ana deyir ki, övladını sürücünün qudurğanlığına görə itirib: "Kimsəsiz anayam, sizə yalvarıram, vəfat etmiş qızımın üzərindən məhkəmələr tərəfindən korrupsiya oyunlarının oynanılmasının qarşının alınmasına nəzarət edəsiniz. Ədalətin bərqərar olacağına, övladımın qanının yerdə qalmayacağına ümid edirəm”.

Zərərçəkmişin sözlərinə görə, övladının ölümünə bais olan 18 yaşlı sürücü – Sabir Talıblı Səbail Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilsə də məhkumluğu uzun sürməyib. Cəmisi ikicə ay sonra hansısa "gözəgörünməz qüvvə" onu qısa müddət ərzində dəmir barmaqlıqlar arxasından xilas edib: "Baş vermiş bu faciəyə görə nə Sabir özü peşmançılıq çəkdi, nə ailə üzvləri üzrxahlıq etdilər. Əksinə, bizimlə hədə-qorxu üsulunda danışaraq Sabiri tez bir zamanda azad etdirəcəklərini dedilər. Elə dedikləri kimi də oldu”.

Gənc övladını faciəli şəkildə itirən ana deyir ki, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayət verən Talıblı ailəsi nəhayət ki, istədiklərinə nail olub. Bakı Apellyasiya Məhkəməsində Sabir Talıblının cəzası dəyişdirilərək 4 il 6 aya endirilib. Həmçinin, məhkəmə S.Talıblının cəzasını cəzaçəkmə müəssisəndə deyil, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar verib.

Həmin qərardan Baş prokurorluq Ali Məhkəməyə kassasiya protesti, zərərçəkmiş tərəf isə kassasiya şikayəti verib. Kassasiya şikayətinə hakim Əli Seyfəliyevin sədrliyi ilə noyabrın 13-də baxılacaq.

Qeyd edək ki, qəza hadisəsi bu il yanvarın 18-də Səbail rayonunun Parlament prospektində - Lalə Sadayzadənin işlədiyi Mərkəzi Klinik Xəstəxananın qarşısından keçən küçədə, piyada zolağında baş verib. 18 yaşlı Sabir Talıblı idarə etdiyi "Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən Mərkəzi Klinik Xəstəxananın həkim-kordioloqu Lalə Sadayzadəni vurub. Nəticədə gənc həkim hadisə yerində ölüb.

Ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb. İbtidai istintaq Səbail Rayon Polis İdarəsində aparılıb.

Çarəsiz ana deyir ki, qızı Azərbaycan Tibb Universitetini bitirib, öz bilik və bacarığı sayəsində oxuyub, Mərkəzi Klinik Xəstəxanada ürək-damar cərrahiyyəsi şöbəsində həkim-kardioloq kimi işə qəbul olunub. Faciəli ölümündən cəmi iki ay öncə ailə qurmuşdu.

"İstintaq sənədlərində sürət həddi 60km/saat göstərilib.  Amma Laləni vuran avtomobil çox yüksək sürətlə hərəkət edib. Çünki o cür yüksək sürətlə hərəkət etməsəydi biz Laləni itirməzdik. Övladımı vurub piyada xəttindən 20 metr qarşıya tullayıb. Bu, sürət həddinin yüksək olmasını göstərir. Sabirin vəkili, ailə üzvləri tərəfindən məhkəmədə onun dəfələrlə respublika çempionu və mükafatçısı olması qabardılır. Axı kiminsə idmanla məşğul olması heç bir halda haqq qazandırmır ki, hansısa piyadanı piyada zolağında vurub öldürsün. Digər tərəfdən həm istintaq, həm də məhkəmə dövründə dəfələrlə kamera görüntülərinin təqdim olunmasını tələb etsək də heç bir nəticəsi olmadı. Dedilər ki, guya həmin ərazidəki müşahidə kameraları hadisəni qeydə almayıb. Mühüm dövlət strukturlarının – Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidmətinin və Milli Məclisin qarşısında baş vermiş hadisənin kameralar tərəfindən qeydə alınmaması inandırıcı deyil axı”,-dərdli ana deyir.

G.İsmayılova Ali Məhkəmədə ədalətin bərqərar olacağına, onu ömürlük gözüyaşlı qoyan şəxsə layiqli cəza veriləcəyinə ümid edir: "Biz bu instansiyada ədalətin bərqərar olacağına, övladımın qanının yerdə qalmayacağına inanırıq. Qızımın ölümünə səbəb olan bu adamın heç bir peşmançılıq hiss etməyərək sərbəst şəkildə hərəkət etməsi bir ana kimi məni dərindən sarsıdır. Sabir Talıblıya törətdiyi əmələ görə layiqli cəza verilməsini xahiş edirik”

Zərərçəkmişin nümayəndəsi Elçin Sadıqov virtualaz.org-a açıqlamasında cinayəti törədən şəxsə verilən cəzanın ədalətsiz olduğunu söyləyib: "Tərəflər arasında barışıq olmadığı halda cəza həddi 5 ildən yuxarı təyin edilir. Göründüyü kimi tərəflər arasında heç bir barışıq olmayıb və cəza qeyri -adekvatdır, ədalətsizdir”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az